Azərbaycan 4 nəfər erməni məhbusu Xaçaturyan Vaqif Çerkezi, Sujyan Gevorq Rubenoviç, Davtyan David Tiqrani və Eulcekciyan Vigen Abraham Ermənistana təhvil verib.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib. Onun sözlərinə görə məhbuslar Həkəri körpüsündən təhvil verilib və hazırda Ermənistan ərazisindədirlər.
Azərbaycan hökuməti bunu humanist addım kimi qiymətləndirib. Bildirilir ki, saxlanılan məhbuslar tibbi müayinədən keçirilib və vəziyyətlərinin normal olduğu vurğulanıb. Onlardan yalnız birinin – Vaqif Xaçaturyanın səhhətinin qənaətbəxş olmadığı deyilib.
Baş nazir Nikol Paşinyan da qeyd edib ki, ilkin müayinəyə əsasən, Vigen Abraham, Davit Tiqrani və Sucyan Gevorq Rubenoviçin sağlamlığında heç bir problem yoxdur. Vaqif Xaçaturyanın ilkin müayinədən sonra sağlamlığının qənaətbəxş kimi qiymətləndirilir.
Vaqif Xaçaturyan Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilirdi. O, bu maddələrlə 15 il müddətinə azadlıqdan məhrum edilmişdi. Xaçaturyanın məhkəməsində ifadə verən şahidlər bildirirdilər ki, onun və dəstəsinin insanları diri-diri yandırmalarının canlı şahidi olublar. Həmçinin ifadələrdə girov götürülənlərin olduğu qeyd edilirdi.
Vigen Abraham Cinayət Məcəlləsinin muzdluluq, terrorçuluq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə, silahlı birləşmələri yaratma və dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Abraham 20 il azadlıq məhrum edilmişdi.
Davtyan Davit Tiqraninin və Sucyan Gevorq Rubenoviç Cinayət Məcəlləsinin casusluq maddəsi ilə ittiham olunurdular və hər biri 15 il müddətinə azadlıqdan məhrum olunmuşdu.
Vigen Abraham, Davit Tiqrani və Sucyan Gevorq Rubenoviç hər biri Şuşada saxlanılaraq həbs olunublar. Digər erməni məhbus Vaqif Xaçaturyan Ermənistan Respublikasına getmək istəyərkən Laçın postunda saxlanılıb.
Yanvarın 4-də İlham Əliyev ABŞ Konqresinin nümayəndə heyəti ilə ilə Azərbaycanla Ermənistan arasında sülh prosesinin müzakirəsi üçün Bakıda görüş keçirmişdi. İlham Əliyev görüş zamanı Ermənistanla ticarət əlaqələrinin qurulduğunu, neft məhsullarının ixrac edildiyini və buğdanın Azərbaycan üzərindən daşındığını qeyd edib.
Əliyev ABŞ-nin Azadlığa Dəstək Aktının 907-ci maddəsini tənqid edərək, Tramp administrasiyasının bu müddəanın dayandırılması ilə bağlı qərarını dəstəklədiyini qeyd edib.