Aysel Umudova: Vətəndaşlar bilmək istəyir ki, bu qədər sərvət kimlərin cibinə axır?

Aysel Umudova. İllüstrasiya: Meydan TV

Bu gün, sentyabrın 20-də “Meydan TV işi” üzrə həbs olunmuş jurnalistlərin növbəti məhkəmə prosesi keçirilib. Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalistlər Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Natiq Cavadlı, Xəyalə Ağayeva, Ramin Cəbrayılzadənin (Deko) həbs müddəti Yanvarın 6-na qədər uzadılıb.

Jurnalistlərin məhkəmədəki çıxışlarını olduğu kimi təqdim edirik.

Aysel Umudovanın məhkəmədəki çıxışı:

Mən Qafqazda ən çox izlənən televiziyalardan birinin əməkdaşı kimi buradayam. Biz ancaq hazırladığımız materialların məzmununa, keyfiyyətinə cavabdehik, izlənmə sayı bizim nəzarətimizdə deyil. Amma biz ən kiçik imkanlarla, məhdudiyyətlərlə belə, hakimiyyətin milyonlar ayırdığı televiziya kanalları ilə rəqabətdə qalibik. Yaxşı bilirik ki, bizi ittiham edən müstəntiq-prokuror-hakim kollektivi də həmin izləyicilər arasındadır. Onlar bu materialların baxış sayına baxanda fikirləşirlərmi ki, görəsən, bir media niyə bu qədər izlənir? İnsanlar az qala cinayətkar qrup kimi etiketlənən bir media resursunu niyə izləyirlər?

Çünki, vətəndaş bilmək istəyir. Bilmək istəyir ki, bu qədər təbii sərvəti olan bir ölkədə niyə ayı başa vura bilmir? Məsələn, niyə məktəblərin açılması, övladlarının təhsilə başlaması onlar üçün sevinc yox, cibləri üçün təhdiddir? Bu sərvət kimlərin cibinə axır? Bizi izləyirlər, çünki biz bu suallara çox açıq, çox faktual cavablar veririk.

Vətəndaş axtardığı suallara Meydan TV-də cavab tapır. Bilirəm ki, bu bir özünümüdafiə çıxışı olmalıdır. Mən bugünlərdə Kürdəxanıda 33 yaşımı qeyd etdim. Dönüb son 11 ilə baxanda Meydan TV-nin mənə açdığı qucağı, özümükəşf və inkişaf üçün yaratdığı şəraiti, qazandırdığı dostlarımı görürəm. Ona görə, bu çıxış müdafiə yox, təşəkkür çıxışıdır. Meydan TV-yə təşəkkür edirəm. Təkcə mənə qazandırdıqları üçün yox, məhz vətəndaşın axtardığı ən vacib suallara cavab verdiyi, korrupsiyaya bulaşmış sistemin güzgüsü olduğu üçün də…

Müdafiəyə gəldikdə isə… Saxlanıldığım gündən artıq 4-cü dəfədir ki, sanksiya məhkəməsinə çıxıram. İstintaq da yekunlaşır. Bu aylar ərzində qarşıma həbsimə bəraət qazandıracaq bir sübut belə qoyulmayıb. Gözlə görülməyən, əllə tutulmayan bir şeyə görə özümü necə müdafiə edə bilərəm? Özümü həqiqətləri göstərdiyim üçün müdafiə etməliyəm? İnsanların etibarını qazandığım, onlara doğru xəbərləri verdiyim üçün müdafiə olunmalıyam?

Azərbaycan hakimiyyəti paranoyak sevgili kimidir. Beynində qurur, buna inanır və ittiham edir. Gəlin, biz reallığa baxaq. Reallığı isə Meydan TV göstərir. O, hələ də fəaliyyətini davam etdirir, çünki hələ də vətəndaş ay sonuna necə çıxacağını bilmir. Bizim həbsimiz vətəndaşın sadə suallarına cavab vermir. Vətəndaşın milyon dollarlıq sualları var, hələ də o suallara cavabını Meydan TV-də tapır. Bizi izləməyi və kanala abunə olmağı unutmayın.

Aynur Elgünəş
İllüstrasiya: Meydan TV

Aynur Elgünəşin məhkəmədəki çıxışı:

Həbsxanaya düşənə qədər Aristotelin köləliklə bağlı yanaşması ilə razılaşmırdım. O deyirdi ki, bəzi insanlar kölə olmaq üçün doğulur. Onlar birinin mülkünə çevrilməyə, idarə olunmağa ehtiyac duyurlar. Yəni təbii kölələrdir. Bu 10 ayda dərk etdim ki, Azərbaycanda böyük əksəriyyət idarə olunmağa meyillidir, buna etiraz etmir, edəni də qınayır. Bizim onlardan, yəni həm də sizdən fərqimiz odur ki, ruhən kölə doğulmamışıq.

Mən təkcə jurnalist fəaliyyətimə görə deyil, həmdə azad ruhuma görə cəzalandırılıram. Məsələn, siz bir hakim kimi azad qərar vermək iqtidarında deyilsiniz. Çünki ruhunuz məhkumdur. Ona görə də özünüzə hakim mantiyası altında notarius xidməti göstərməyi rəva bilirsiniz.

Yaşasın azad ruh! Biz həbsxanadan nə vaxtsa çıxacağıq, ancaq siz bu halınıza ömürlük məhkumsunuz!

Xəyalə Ağayeva. Foto: Meydan TV

Xəyalə Ağayevanın məhkəmədəki çıxışı:

İlham Əliyev jurnalistləri iki qrupa bölür: hücumçular və qaçaqmalçılar.

Özünə “jurnalistlərin dostu” dedizdirdiyi köhnə dostlarını hər gün “hücumçu” adlandırır. Lazım gəldikdə informasiya müharibəsində hücuma keçib qalib çıxarlarmış. 

Dilinə yalnız həqiqəti gətirə bilən bizlərə isə qaçaqmalçı deyir, həbs etdirir.

Əliyevin nə deməsindən asılı olmayaraq jurnalistika cəmiyyətdə məlumat dövriyyəsi yaradan ləyaqətli peşədir. Meydançılar da bu işin ustasıdırlar.

Hücumçular bilməzlər həqiqətin gözünün içinə kamera tuşlamağın ləzzətini. 

Qoy bizə qaçaqmalçı deyib həbsdə saxlasınlar. Türmə onların trol ordusuna qoşulmaqdan milyon dəfə yaxşıdır.

Məni gözləyən həbs illəri qurban olsun Meydan TV-də azad şəkildə çalışdığım, xəbər daşıdığım günlərə.

Yaşasın Meydan TV, yaratsın Meydançılar!

2024-cü il dekabrın 6-da Meydan TV-nin altı əməkdaşı – Ramin Cəbrayılzadə (Deko), Aynur Qənbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar.

2025-ci il avqustun 28-də Meydan TV işi üzrə ittihamlar ağırlaşdırılıb və onlar Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham olunur.. Bu iş üzrə Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri  ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə),320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Ana səhifəXəbərlərAysel Umudova: Vətəndaşlar bilmək istəyir ki, bu qədər sərvət kimlərin cibinə axır?