“Aynalı Pəhləvan”ların qatil sonu

“Aynalı Pəhləvan”ın nağılı.

Source:

Biri varmış, biri yoxmuş. Bir padşah varmış. Padşahın bir sevimli pəhləvanı varmış. Padşah bu pəhləvana dərin bir sevgi bəsləyirmiş. Ölkənin dörd bir yanından pəhləvanlar onunla güləşməyə gəlir, amma hamısı zəbun olub, geri qayıdırmış. İllərlə qalib gəlməyi, heç kimə məğlub olmamağı pəhləvanı elə özündən arxayın salıbmış ki, dizlərinə ayna, güzgü bağlayıb gəzirmiş. Yəni dizlərinin yerə gəlməyəcəyindən, bu aynaların sınıb, dizinə batmayacağından bu qədər əmin imiş. Bu aynalara görə adını “Aynalı Pəhləvan” qoyubmuşlar.

Günlərin bir günü Aynalı Pəhləvan didərgin, sərgərdan bir pəhləvana rast gəlir. Ona lağ edir. Sərgərdan pəhləvan Aynalı pəhləvanı bircə həmlədəcə başına alıb, yerə çırpır və Aynalının dizlərindəki güzğülər çilik-çilik olub, dizlərini qanadır.

Sərgərdan pəhləvan deyir ki, qırılan təkcə güzgülər deyil, həm də sənin xəyalların idi. Elə xəyal edirdin ki, ən güclü pəhləvansan. Halbuki, gücün dizlərində deyildi, səni sevimlisi elan edən  padşahın qəzəbində idi. Bütün pəhləvanlar onun qəzəbindən qorxub, sənə uduzurdular.

Gəlin, bir az müasir dövrə qayıdaq.

Yazımızın günümüzə aid olan hissəsinə gənc ictimai fəal xanımlardan birinin paylaşımı ilə başlayaq.

“O gün marşruta mindim. Gördüm, yerlər hamısı məşğuldu. Bir oturacağa isə idman sumkası qoyulub. Ayaq üstə durdum. Avtobus tərpənəndə bir idmançı görkəmli, yoğun boyunlu adam mindi. Durdu sumkanın başının üstündə. Yol boyu beləcə durdu. Camaat ayaq üstə dayandı, o isə çantasını otuzdurdu.

Özümdə fikirləşdim ki, haqqıdır. İstəyir, özü oturur, istəyir, çantasını otuzdurur. Avtobus dolu, istidən bişirik. Gəldik bir mağazanın qarşısında dayandıq. İdmançı oğlan sürücüyə nəsə dedi, düşdü. Şüşədən baxıram, görürəm, qarpız seçir. Sürücüyə dedim, indi biz bunu gözləyəcəyik? Sürücü dedi ki, gözləyəndə nə olar? Cin vurdu təpəmə. Dedim:

– Atın onun çantasın bayıra, bir avtobus dolu adam gözləyəcək ki, bu qarpız seçsin?

Sürücü qımıldanmır. Hamı da susub. Nə isə, 3 dəqiqəyə-filan qayıtdı. Deyirəm:

– Biz sizi gözləməliyik?!

Deyir;

Səbirli olun.

Dedim:

Lap agın çıxartmısız. Sumkanızı otuzdurduz, haqqınızdır dedim, amma bele abırsızlıq olmaz axı. Utanmırsız?

Cumdu üstumə ki, agzının danışığını bil. Bütün avtobus da dayanıb, baxır. Heç kim dillənmir. Axır ki, birtəhər üzr istədi”.

Xeyli utana-utana yazıya saldığım bu hadisə, dialoq bir mənada çox vacibdir. Bu hadisədə, sıradan bir azərbaycanlı idmançının etik, mədəni səviyyəsinə, ünsiyyət mədəniyyətinə şahid oluruq. Əlbəttə, ümumiləşdirmə etmək ədalətsizlikdir. İdman adamı ola bilər və var ki, oxumuşdur, savadlıdır, mədənidir, nəzakət, etika qaydalarını pozmaz. Hətta bəlkə onlar çoxdurlar. Amma onların varlığı da, illərdir formalaşan azərbaycanlı idmançı obrazını dəyişmir. Efirdə danışanda iki cümləni yanaşı deyə bilməyən, sadə etik qaydalara əməl edə bilməyən, həyatda ən ciddi fenomenin əzələ olduğuna inanan insan kimi görünür bizə idmançılarımız. Bu obrazı biz uydurmamışıq. Özləri illərlə danışıqları, davranışları, mədəni səviyyələri ilə yaradıblar bu obrazı.

Bu gün isə biz idmançı harınlığı, özbaşınalığını konkret əməldə, özü də cinayət əməlində gördük.

Amma bu kobudluq, bu özündən razılıq, harınlıq sadəcə əzələ, bilək, ayaq gücünə olan inamdanmı doğur? Yox.

Təsəvvür edin, bir ölkədə kitaba diqqət yoxdur. Kinoya diqqət yoxdur. Rəssamlara yatırım edilmir. İncəsənətə, tibbə, elmə, texnikaya yatırım edilmir. Yatırım edilən iki sahədən biri idmandır. Idmançılar efirdə, tədbrlərdə, yarışlarda. Onlar bayraq qaldıdır. Onlar təriflənir. Onlar mədh olunur. Onlar hakimiyyətdən imtiyazlar, tərifnamələr, mükafatlar alır. Mükafatları yüz minlərlə ölçülür. ən çox maaş ödənən vəzifələr verilir. Mitinqlərdə onları etirazçıların üzərinə göndərir, icazə verirlər ki, sadə vətəndaşlarla istədikləri kimi rəftar etsinlər. Adam döysünlər, burun sındırsınlar, qol bursunlar, boyun çevirsinlər.

İndi özünüz düşünün, ciddi mənəvi bazası olmayan, bəşəri dəyərlərdən yumşaqdesək, az xəbardar olan insanlar üçün nə deməkdir bu münasibət, bu imtiyazlar, bu icazələr? İdman sahəsi, idmançılar bu gün elə imtiyazlı bir sahəyə, elə imtiyazlı zümrəyə çevriliblər ki, onların hansınasa konkret, fərdi imtiyaz vermək də lazım deyil. Konkret mükafatlandırmaq da lazım deyil. Fərdi şəkildə yaxasına medal taxmaq da lazım deyil. İdmançı bilir, onun sahəsinə diqqət, özəl münasibət elə səviyyədədir ki, özü ilə müqayisədə bir jurnalistin, həkimin, müəllimin, tələbənin canı, qanı, heysiyyəti heç nədir. İdmançını kobud. saymaz, harın edən onun özünə yox, sahəsinə verilən imtiyaz, üstünlükdür. Və, ən təhlükəlisi budur ki, hər bir idmançı bunu hiss edir.

Rasimin qətlini şərtləndirən səbəblərdən daha biri də, ölkədə insan qanının ucuz olması idi. Bəlkə də, onu döyənlər heç ğldürmək istəməmişdilər. Amma öldürə biləcəklərindən də çəkinməmişdilər. Jurnalistin sözünü bəyənməyib, ona zor tədbiq etmək istəyən Idmançı bilmirmi ki, adam döyməyin də, öldürməyin də, zorlamağın da, təhqir etməyin də qiyməti var? Adam döyməyin cəzası 300 manat olan bir ölkədə jurnalisti döymək yüz minlərlə mükafat alan idmançının cibinə görədir. Bu da var yəni. Bir də ki, o idmançı şəhid qanının, Qarabağ qazisinin qanının necə pulla alınmağını görmədimi? Gördü.

Varlı, imkanlı, imtiyazlı insanlar üçün daha qanun yoxdur ölkədə. Xərc var. Döyəndə bir az xərcdi, döyülən adam öləndə xərc bir az artıq çıxacaq. Döyülüb, ölən jurnalist olanda isə, lap çox xərc çıxacaq. Amma hamısı sadəcə xərcdi. Vəssalam.

Beləcə, Aynalı Pəhləvanları qatillərimizə çeviririlər….

Ana səhifəMənim Fikrimcə“Aynalı Pəhləvan”ların qatil sonu