“Ya narkotik istifadəsi, ya bank borcu, ya da ailədaxili münaqişələr haqqında olur”
“Kinoya baxıb özümüzü dərk etməliyik. Bəzən deyirlər ki, filmlərin çəkilməsində maddiyyat önəmlidir. Ancaq gəlin nəzərə alaq ki, Azərbaycanda maddiyyatı üstün tutan filmlərimiz insanların zövqünü korlayır”.
Bunu Əməkdar incəsənət xadimi, kinorejissor, aktyor Ayaz Salayev “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda çıxışı zamanı deyib.
“Çəkilən serialların mövzusu narkotik istifadəsi, ya bank borcu, ya da ailədaxili münaqişələr haqqında olur. Tarixi serial və filmlər çəkilmir. Tarixi ekranlarda bərpa etməyi öyrənməliyik. Milli kinonun mahiyyəti mənəvi dəyərləri maddi dəyərlərdən üstün göstərməkdir”, – deyə o bildirib.
“Yeni, gözəl filmlər çəkilməlidir. Bu gün Azərbaycan ziyalısı var. Onları təkcə Bakıda yox, kənd məktəblərində, poliklinikalarında görürəm. Bəs Azərbaycan ziyalısı ekranda niyə görünmür? Mən dəfələrlə bu misalı gətirirəm. Bizim müharibədə peşə borcunu yerinə yetirərkən şəhid olan qadın qəhrəmanlarımız var. Şəkillərinə baxırsan, gözləri nur saçır. Onların ekrana gətirilməsi kimin ağlına gəlir? Vətən müharibəsində və ya koronavirus pandemiyası zamanı ölən ziyalı həkim və ya müəllimlər barədə hansı ekran işində rast gəlmisiniz?” , – Ayaz Salayev bildirib.
Bu gün, aprelin 20-də Bakıda “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino Forumu keçirilir.
Nazir Adil Kərimli və mədəniyyət xadimləri kino sahəsi ilə bağlı çıxış edib, təkliflər səsləndiriblər.