AXCP sədrinin mühafizəçisinin ailəsilə əlaqəsinə qadağa qoyulduğu bildirilir

Kənan Basqalın (Zeynalov) – Foto: Şəxsi Facebook səhifəsi

17 gündür həbs olunan Kənan Basqala ailəsi ilə görüşməyə və telefonla danışmağa imkan verilmir

Martın 21-də saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədrinin mühafizəçisi Kənan Basqalın (Zeynalov) ailəsilə əlaqəsinə qadağa qoyulduğu bildirilir.

Bu barədə AXCP sədri Əli Kərimli məlumat verib.

Bildirib ki, 17 gündür həbs olunan Kənan Basqala ailəsi ilə görüşməyə və telefonla danışmağa imkan verilmir.

“Şərləmisiz, onda ona da digər adam bıçaqlayanlarla davrandığınız kimi davranın. Daha niyə düşmənçilik edirsiniz? Hansı gerçəkdən də adam bıçaqlayana ailəsilə görüş və telefon danışığına qadağa qoyulur? İlham Əliyev güc strukturlarında müxalifətçilərə qarşı elə bir qərəzli münasibət yarada bilib ki, indi biz həbsə atılmış təqsirsiz dostlarımıza heç olmasa, həqiqi cinayətkarlara yanaşılan kimi yanaşılmasına belə razıyıq. Ancaq yox, qərəz, kin buna da imkan vermir. Kənan Basqalın hüquqlarına hörmət edilməsini, ailəsilə əlaqəsinin təmin olunmasını tələb edirik”, – Əli Kərimli bildirib.

Penitensiar Xidmət AXCP-nin açıqlamasını şərh etməyib.

Bu qurumun daha öncəki açıqlamalarında təcridxana və cəzaçəkmə müəssislərində saxlanan şəxslərə ayrı-seçkilik olmadığı, onlarla qanun çərçivəsində davranıldığı bildirilib.

Azərbaycan Cəzaların İcrası Məcəlləsinin 54-cü maddəsinə görə, müəyyən müddətə azadlıqdan məhrum edilmiş şəxslər həftədə iki dəfə, ömürlük azadlıqdan məhrum olunanlar isə həftədə bir dəfə 15 dəqiqə telefonla danışmaq və ya videogörüş keçirmək hüququna malikdirlər.

Həmin məcəllənin 81-ci maddəsinə görə də, məhkumlara cəzaçəkmə müəssisəsinin ərazisində dörd saatadək qısamüddətli və bir gündən üç günədək uzunmüddətli görüşlər verilir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Kənan Basqal martın 21-də axşam saatlarında Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində paytaxt sakini 36 yaşlı Anar Rəhimovu bıçaqladığı üçün saxlanılıb. Onun barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Partiyadan daha öncə bildirilmişdi ki, AXCP-nin 15-ə yaxın üzvü həbsdədir. Onlar özlərini təqsirli bilmir, siyasi baxışlarına görə sifarişlə həbs olunduqlarını deyirlər.

Hökumət təmsilçiləri isə ölkədə heç kimin siyasi motivlərlə təqib olunmadığını, həbs edilənlərin konkret faktlara görə saxlandığını bildirirlər.

Ana səhifəSiyasətAXCP sədrinin mühafizəçisinin ailəsilə əlaqəsinə qadağa qoyulduğu bildirilir