Avropa Şurasının hesabatında səslənən faktlar hüquqi qiymətini alacaqmı?

Bu cinayətlərin hər bir epizodu ayrıca istintaq edilməli və hüquqi qiymətini almalıdır

Foto: A.Əbilovun şəxsi arxivindən
Ataxan Əbilov
Ataxan Əbilov


Bu cinayətlərin hər bir epizodu ayrıca istintaq edilməli və hüquqi qiymətini almalıdır

Avropa Şurasının “AŞPA-da korrupsiya ittihamları haqqında” hesabatı sıradan bir sənəd deyil. İlk növbədə, bu hesabatın hüquqi statusu diqqətçəkiçidir. Hesabat Avropa Şurasının sənədidir. Avropa Şurası bir hökümətlərarası təşkilatdır və bu da həmin hesabatın normativ olması deməkdir. Hüquqi sənəd statusunda olan belə bir hesabatın hər cümləsi məsuliyyət yaradır və bu real nəticələrlə müşayiət olunmalıdır. Hesabatda səsləndirilən hər bir fakt hüquqi qiymətini almalıdır. Söhbət, ilk növbədə, konkret cinayət əməllərindən gedir.

Hesabatda sadalan cinayətləri qruplaşdırmaq da vacib məsələlərdən biridir. Tutaq ki, hədiyyə vermək, xalça və zinət əşyaları bağışlamaqla intim xidmət təşkili cinayət hüququna görə müxtəlif forma və məzmunda olan cinayətlərdir. İkinci halda tutaq ki, insan alverindən söhbət gedir. Əlbəttə, cinayət cinayətdir, onu quruplaşdırmaqla heç də tutaq ki, hədiyyə vermənin ictimai münasibətlərə vurduğu ziyanı azaltmaq fikrində deyilik. Amma hər bir cinayətin bir ictimai-təhlükəlilik dərəcəsi var və insan alveri ictimai təhlükəlilik dərəcəsinə görə daha ağır cinayətdir.

Azərbaycanda xaricdən gələn ictimai-siyasi xadimlərin, xüsusən Azərbaycanda baş verənlərin monitorinqini aparmaq üçün bu ölkəyə təşrif buyuranları ələ almaq və hətta onlara intim xidmət təşkil etmək yeni məsələ deyil. Əgər yadınıza gəlirsə, illər öncə Rusiyadan gələn jurnalistlər qrupu da, onlara görənləri yazmamaq üçün müxtəlif əyləncələrin, o cümlədən intim xidmətin təşkilindən yazmışdılar.

Azərbaycana gələn beynəxlaq müşahidəçilər obyektivliyi deməsinlər deyə, uzun müddətdir onlar ələ alınır, intim xidmətlər təşkil edilir, sonralar hətta onları şantaj etmək məqsədilə belə səhnələr gizlin olaraq video lentə alınır və s. Mən son cümləni indiki zamanda yazdım. Yəni bütün bunlar bu gün də davam edir. Bu, bir cinayətkar şəbəkənin üzun müddət mütəmadi olaraq törətdikləri cinayətlərdir. Bu cinayətlərin hər bir epizodu ayrıca istintaq edilməli və hüquqi qiymətini almalıdır…

Avropa Şurasını ciddi şəkildə qınamaqda davam etməliyik. Bu hesabatın prezident seçkilərinə qədər deyil, ondan sonra açıqlaması da hələ də Avropa Şurasında bəzi dairələrin Azərbaycandakı avtoritar rejimə dəstək verməsilə bağlı müəyyən şübhələri ortaya qoyur. Ona da şübhə etmirəm ki, Azərbaycanda bu hesabatda əksini tapan heç bir fakt hüquqi qiymətini almayacaq.

Bu işdə adı hallanan və sadalanan cinayətlərə əli bulaşan Avropa Şurasının təmsilçiləri necə, cinayət məsuliyyətinə cəlb ediləcəklərmi? Baxın, bu da sual olaraq qalır. Təəssüf ki. Avropa Şurası da hələ ki, danışır. Ortada hələ ki, hansısa Avropa Şurası təmsilçisinin cinayət məsuliyyətinə cəlb edilməsi və cinayət cəzası almasıyla bağlı da heç bir fakt yoxdur.

Ana səhifəAnalitikaAvropa Şurasının hesabatında səslənən faktlar hüquqi qiymətini alacaqmı?