Avropa İttifaqının Komissarının Bakı səfəri: Sülh istəyi, yoxsa iqtisadi və biznes maraqları? 

Foto: president.az

Avropa İttifaqının (Aİ) Genişlənmə üzrə Komissarı Marta Kos sentyabrın 18-də Azərbaycana səfərə gəlib.

Səfər çərçivəsində o, prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşlər keçirib.

Komissar həmçinin Ağdama səfər edərək minatəmizləmə sahəsində çalışan nümayəndələrlə görüşüb.

Kos daha sonra sosial media hesabında bildirib ki, regionda sülh iqtisadi bazarların, ticarətin və investisiyaların inkişafına geniş imkanlar açır və bu fürsətlərdən yararlanmaq məqsədilə İşçi Qrupu yaradılacaq.

Marta Kosun bu gündən Ermənistana səfəri başlayıb.

Avropanın marağı 

Siyasi şərhçi Elxan Şahinoğlu deyir ki, son zamanlar Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq onsuz da genişlənməkdədir, bu səfər də onun davamı kimi qiymətləndirilə bilər:

“Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən sonra isə ölkənin bölgədəki rolu daha da artıb. Nəqliyyat xətləri də məhz Azərbaycan üzərindən keçir. “Zəngəzur dəhlizi” (“Tramp marşrutu” kimi tanınan Azərbaycan üzərindən Ermənistan və Naxçıvana gedən nəqliyyat yolu nəzərdə tutulur- red.) işə düşəcəyi təqdirdə, Avropa İttifaqı üçün regionun əhəmiyyəti daha da artacaq. Çünki əslində, bu dəhlizin son ünvanı məhz Avropadır. Çindən və ya Mərkəzi Asiyadan çıxan yüklər Azərbaycan üzərindən Avropaya daşınacaq. Şimal‑Cənub nəqliyyat dəhlizindən isə Hindistan da istifadə edə bilər. Bu da Avropa üçün maraqlı və strateji baxımdan əhəmiyyətli bir layihədir”.

2025-ci il avqustun 8-də Ağ Evdə Ermənistan, Azərbaycan və ABŞ arasında üçtərəfli birgə bəyannamə imzalanıb və Zəngəzur yolu 99 illiyə ABŞ-yə verilib.

Siyasi şərhçi hesab edir ki, məhz bu maraqlardan irəli gələrək son vaxtlar Avropa rəsmilərinin Azərbaycana səfərləri artıb. Əlavə edir ki, Marta Kosun Qarabağa gedərək, minatəmizləmə işləri ilə tanış olması çox önəmlidir. Çünki Qərb bu istiqamətdə aktivlik nümayiş etdirmir:

Elxan Şahinoğlu foto Meydan TV
Elxan Şahinoğlu. Foto: Meydan TV

“Hazırda Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra həmin ərazilərdə genişmiqyaslı tikinti və bərpa işləri aparılır və bu məqsədlə milyardlarla dollar vəsait xərclənir. Müharibənin üzərindən beş il keçməsinə baxmayaraq, hələ də minalar partlayır və ərazilərdə çoxlu sayda mina qalmaqdadır. Azərbaycanın əsas ümidi ondan ibarətdir ki, Qərb ölkələri ilə bu istiqamətdə əməkdaşlığı genişləndirsin. Təəssüf ki, Avropadan bu prosesə hələlik ciddi maliyyə dəstəyi yoxdur. Avropa bankları bu istiqamətdə maliyyə ayırmır. Avropa qurumları heç olmasa, mina təmizləmə sahəsində əməkdaşlığa maraq göstərə bilərlər. Çünki bu, yalnız regional deyil, ümumbəşəri bir problemdir. Avropa qurumları dünyanın bir çox ölkəsində minatəmizləmə layihələrinə dəstək verir”.

Münasibətlər nəticə etibarilə vətəndaşlara real təsir göstərməlidir

AXCP sədrinin müavini Seymur Həzi isə Azərbaycan-Aİ münasibətlərinin inkişaf dinamikasına fərqli yanaşır. Onun fikrincə, rəsmi Bakı bu münasibətləri əsasən iqtisadi və biznes əməkdaşlığı səviyyəsində saxlayır, halbuki daha dərin siyasi inteqrasiyaya ehtiyac var:

“Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini tamamilə fərqli bir istiqamətdə qurub. Biz isə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin 2006-cı ildə qəbul olunmuş Fəaliyyət Proqramı çərçivəsində inkişaf etməsini arzulayırıq. Hesab edirik ki, bu münasibətlər məhz həmin proqram əsasında və Assosiasiya Sazişi çərçivəsində qurulmalıdır.”

2006-cı ildə qəbul edilmiş Azərbaycan-Avropa İttifaqı Fəaliyyət Proqramı, Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında siyasi, iqtisadi və sosial sahələrdə əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan strateji sənəddir.

Proqramın əsas istiqamətləri: demokratiyanın gücləndirilməsi, hüququn aliliyi və insan hüquqlarının qorunması, biznes və investisiya mühitinin yaxşılaşdırılması, gömrük xidmətinin təkmilləşdirilməsi, bərabər və davamlı iqtisadi inkişaf, iqtisadi qanunvericilik və inzibati təcrübələrin Avropa standartlarına uyğunlaşdırılması, enerji və nəqliyyat sahələrində əməkdaşlığın inkişafı, ədalət, azadlıq və təhlükəsizlik sahələrində əməkdaşlıq, həmçinin Qafqaz regionunda sabitlik və əməkdaşlığın artırılmasıdır.

Seymur Həzi qeyd edir ki, münasibətlər nəticə etibarilə vətəndaşlara real təsir göstərməlidir:

Seymur Həzi
Seymur Həzi, Foto:: Meydan TV

“Azərbaycanın Avropa ilə münasibətləri nəticə etibarilə viza rejiminin sadələşdirilməsinə gətirib çıxarmalı, insan haqları, demokratiya və bütövlükdə siyasi sistemin inteqrasiyası ilə müşayiət olunmalıdır.”

O, mövcud yanaşmanın fərqli modellərə əsaslandığını vurğulayır:

“Lakin Azərbaycan hökuməti bu məsələyə fərqli yanaşır. O, Avropa İttifaqı ilə daha çox iqtisadi və biznes tərəfdaşlığına əsaslanan münasibətlər qurmaq istəyir. Təbii ki, biz bu yanaşmanı qəbul etmirik. Düşünürük ki, Azərbaycan bu məsələdə özünü Çin və ya Birləşmiş Ərəb Əmirlikləri – Dubay kimi aparmağa çalışır. Halbuki, biz Azərbaycanı Avropa siyasi məkanının bir hissəsi kimi görmək istəyirik”.

Seymur Həzi hesab edir ki, mövcud hüquqi sənədlər və öhdəliklər bu münasibətlərin siyasi əsasda dərinləşməsinə imkan verir:

“Azərbaycanın götürdüyü öhdəliklər və qəbul olunmuş Fəaliyyət Proqramı mövcuddur. Biz hesab edirik ki, proses həmin plan əsasında irəliləməlidir. Hazırkı mərhələdə çox yüksək gözləntilərimiz olmasa da, dialoqun və kommunikasiyanın davam etməsini müsbət hal kimi qiymətləndiririk. Bu, ən azı münasibətlərin tamamilə pozulmaması baxımından önəmlidir”.

Ana səhifəSiyasətAvropa İttifaqının Komissarının Bakı səfəri: Sülh istəyi, yoxsa iqtisadi və biznes maraqları?