Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqının bəyanatına reaksiya verib.
Nazirlik bildirib ki, Avropa İttifaqının yenidən qərəzli açıqlamalar verməsi qəbuledilməzdir və bu qarayaxma kampaniyasını qətiyyətlə rədd edirik:
“Ölkəmizə qarşı bu kimi əsassız bəyanatlarla çıxış etmək əvəzinə, qarşı tərəfin Avropa İttifaqının üzv dövlətlərində insan hüquqlarının pozulması hallarına diqqət yetirməsini tövsiyə edirik. İttifaq Fransada “sarı gödəkçələr” aksiyasında etirazçıların öldürülməsi, Fransanın neokolonial siyasəti nəticəsində dənizaşırı ərazilərdə yerli əhaliyə qarşı işgəncələr, Aİ strukturlarında rüşvətxorluq və korrupsiya hallarının yayılması, İslamofobiya və müsəlmanlara qarşı hücum faktlarını hələ də araşdırmayıb və bu problemlərə adekvat münasibət bildirməyib”.
“Təəssüf hissi ilə qeyd edirik ki, Avropa İttifaqının himayədarlıq etdiyi Ermənistanda insanların fundamental hüquq və azadlıqlarının pozulmasına, siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda həyatlarını itirməsi hallarına, habelə siyasətçilər və onların ailə üzvlərinə qarşı təqiblərə biganə qalması da ikili standartların bariz nümunəsidir”, – deyə XİN əlavə edib.
Açıqlamada Avropa İttifaqının bəyanatları Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir:
“Xüsusilə də, COP29 tədbiri ərəfəsində Azərbaycana qarşı aparılan bu qarayaxma kampaniyası ölkəmizə qarşı qərəzin açıq-aşkar nümunəsidir”.
“Azərbaycan Avropa Şurasının üzvü kimi götürdüyü öhdəlikləri yerinə yetirməlidir”
Avropa İttifaqı rəsmi Bakını jurnalistlərin və fəalların əsassız həbslərinə son qoymağa çağırıb.
Sentyabrın 11-də Strasburqda keçirilən Nazirlər Şurasının iclasından sonra Avropa İttifaqının Avropa Şurasındakı nümayəndəliyi bəyanat qəbul edib.
Bu barədə “Turan” məlumat yayıb.
Qeyd olunur ki, Avropa İttifaqının İşgəncənin və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) 114-cü plenar iclasında (iyul 2024) Azərbaycanla bağlı qəbul edilmiş ictimai bəyanatı nəzərə alırlar:
“Biz Azərbaycan hakimiyyəti ilə CPT arasında davamlı əməkdaşlığın olmamasından təəssüflənirik və Azərbaycan hakimiyyətini Komitə ilə konstruktiv dialoqu bərpa etməyə çağırırıq. Biz Azərbaycan hakimiyyətini Komitənin bəyanatında qaldırılan məsələləri öz beynəlxalq öhdəliklərinə, o cümlədən Azərbaycanın Avropa Şurasının üzvü kimi qoşulduğu öhdəliklərə uyğun həll etməyə çağırırıq”.
Həmçinin bəyanatda Azərbaycanda keçən ildən bəri müstəqil jurnalistlərin, hüquq müdafiəçilərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin həbsləri ilə bağlı narahatlıq ifadə olunur:
“Biz Azərbaycanı şəffaflığı , eləcə də bütün məhbuslar üçün layiqli və təhlükəsiz şəraiti, o cümlədən onların tibbi və müstəqil hüquqi xidmətlərə tam çıxışını təmin etməyə, işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza ilə bağlı ciddi məsələləri həll etməyə çağırırıq”.
“Avropa İttifaqı ortaq beynəlxalq öhdəliklərimizə uyğun olaraq, insan hüquqları və qanunun aliliyi də daxil olmaqla əməkdaşlığımızın bütün istiqamətlər üzrə Azərbaycanla dialoqun davam etdirilməsinə sadiqdir”, – bəyanatda deyilir.