Audrey Altstadt: Çirkli pullar beynəlxalq maliyyə sistemini də yoluxdurub

Amerikalı tarixçi Azərbaycanın çirkli pullarından yazdı

Source:


Amerikalı tarixçi Azərbaycanın çirkli pullarından yazdı

Amerikalı tarixçi Audrey Altstadt “Azərbaycanın pulyuyan maşını”ndan

yazıb

.

Müəllif yazır ki, çirkli pulların yuyulmasının özü oğurluq olmaya bilər, lakin bu, oğurluğun məhsuludur:

“Çirkli pulların mənbəyinə qeyri-qanuni fəaliyyət növü sayılan narkotika və insan alveri, təbii resusrların diqqətdən yayındırılmış gəlirləri, şişirdilmiş xərclər, rüşvət, saxta kreditlər və digər maliyyə manipulyasiyaları daxildir. Bu pullar ödənməyən vergi, yaxud məsrəflər şəklində dövlətdən oğurlanmış ola bilər və ya almaz, neft və digər təbii ehtiyatların xalqdan oğurlanmış gəlirləri şəklində ola bilər. Beləliklə, çirkli pulların yuyulması ayrı-ayrı fərdlər və institutlar üçün iqtisadi və mənəvi ziyanı əks etdirir və bununla da dövlətin, cəmiyyətin və regionun sabitliyinə, təhlükəsizliyinə təhdid yaradır”.

Müəllif sentyabrda Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa dair Hesabat Layihəsinin (Organized Crime and Corruption Reporting Project (OCCRP)) onlarla avropalı və amerikalı mətbu orqanlarla birgə “Azərbaycan çamaşırxanası” adlı araşdırmalarında Britaniyada qeydiyyatdan keçən ofşor şirkətləri və Avropa bankı vasitəsilə iki il ərzində 2,5 milyard avro (3 milyard dollar) dəyərində yuyulan çirkli pulların üstünü açmasını xatırladıb. Onun sözlərinə görə, bu xəbər Azərbaycanla bağlı məlumatları izləyən insanlar üçün təəccüblü olmayıb:

“2012-ci ildə OCCRP Azərbaycan prezidenti İlham Əliyevi özünün “ilin adamı” adlandırıb. Həmin vaxt OCCRP ölkədəki dərin korrupsiyanı vurğulamaqla yanaşı eyni zamanda hakim ailə və ona bağlı oliqarxların ayrı-ayrı korrupsiya növlərinə dair sənədləri ortaya qoymuşdu. Araşdırmalardan da göründüyü kimi Əliyev OCCRP-nin 2012-ci il titulunu haqlı şəkildə qazanmışdı.

“Azərbaycan çamaşırxanası” adlı son hesabat 2012-2014-cü illər arasında yüz minlərlə avronun getdiyi yolu cızıb. Həmin milyonların mənbəyi müəmmalıdır. Onlardan bəziləri Azərbaycan nazirliklərindən, bəziləri “Rosoboronexport”- rus silah ixracatçısından və digər şirkətlərdən daxil olub. Pulların göndərildiyi ən böyük mənbə (1,4 milyard dollar) Azərbaycan Beynəlxalq Bankıdır ki, ona da ödəmələr biznes fəaliyyəti, hüquqi ünvanı, hətta veb-saytı belə məlum olmayan gizli şirkətlərin hesabından daxil olub”.

Audrey Altstadt daha sonra xatırladır ki, pulların bir hissəsi lüks malların alınmasına xərclənib. Böyük hissəsi isə nüfuzlu avropalı siyasətçilərə, xüsusilə, Avropa Şurasındakı deputatlara təsir göstərmək məqsədilə xərclənib.

“Pulların böyük əksəriyyəti, Britaniyada, habelə Türkiyədə və BƏƏ-də qeydiyyatdan keçmiş şirkətlərin hesabına köçürülüb. Ödəmələr eston “Danske Bank”-nın filialı tərəfindən həyata keçirilib ki, onlar da böyük transaksiyalara gözlərin “kor” ediblər.

Avropa siyasətçiləri arasında ən çox pullar AŞPA-nın keçmiş deputatları Luka Volontenin və Eduard Lintnerin hesabına köçürülüb. Luka Volonte İtaliya prokurorluğu tərəfindən korrupsiyada ittiham olunur və prokurorların dediyinə görə, AŞPA-nın Azərbaycanda siyasi məhbuslara dair hesabatının ləgv edilməsi üçün işləyib. İlham Əliyev də AŞPA-nın öz komissiyasının hesabatı qəbul etməməsindən istifadə edərək bəyan edib ki, Azərbaycanda siyasi məhbus yoxdur. Volonte isə “Azərbaycan çamaşırxanası”ndan 2 milyon avroya yaxın pul alıb.

Almaniyalı deputat və AŞPA-nın nümayəndəsi Lintner də Azərbaycan seçkilərinin müşahidəçisi “xidmətinə” görə “çamaşırxanadan” pul alıb. Birinci dəfə ATƏT, ABŞ və yerli müşahidəçilərin qeyri-azad və ədalətsiz qiymətləndirdiyi 2013-cü il seçkilərini Lintner “Almaniya standartlarına uyğun“ adlandırdıqdan sonra pul alıb.

Digər pulu isə o, seçkilərin yerli tənqidçisi həbs olunarkən alıb. 2012-2014-cü illərdə Lintner ümumilikdə 820 000 avro (bir milyon dollardan bir az çox) pul alıb.

Bu hekayə “Rusiya çamaşırxanasını” xatırladır. Bunun da üstünü OCCRP açmışdı və orda daha böyük pullardan söhbət gedirdi – 30 milyard dollar. Önəmli olan odur ki, hər iki əməliyyatda həmin şirkətlərdən 33-ü iştirak edib ki, bu da enerji istehsal edən və korrupsiyalaşmış postsovet respuklikaları arasındakı güclü bağı göstərir”.

Müəllif yazır ki, beynəlxalq səviyyəli fəaliyyətin miqyası müşahidəçiləri oğurluq və rüşvətxorluqdan asılı olan çirkli pulların yuyulmasını məhdudlaşdırmağın yollarını tapmağa vadar edir:

“Bu cinayətin həm mənəvi, həm də maddi ziyanı əhəmiyyətlidir. Neftdən gələn gəlirlər bəyan edilmiş məqsədlərdən yayınaraq onun qanuni sahibindən – xalqdan oğurlanılır. Mənbəyi gizli qalan pullar nüfuzlu Avropa siyasətçilərinin ciblərinə gedir. Bu cür çürük baxışlar Avropa Şurasına təsir etdiyində Şuranın toxunulmazlığını şübhə altına alır və “Avropa institutları da korrupsiyalaşıb, odur ki, onlardan o qədər də pis deyilik” deyən avtoritarın təbliğatçılarının əlinə işləmiş olur.

Müşahidəçilər və hüquq müdafiə təşkilatları məhkəmə iddiası qaldıra bilməyəndə, yaxud uğursuzluğa düçar olduqda, onda çalışdılar ki, “adları çəksinlər və biabr etsinlər”. Skeptiklər bu taktikanın effektivliyinə şübhə ilə yanaşaraq bildirirlər ki, beynəlxalq miqyasda çirkli pulların yuyulması kimi yüksək səviyyəli cinayətlərdə günahkar olan insanların adını çəkə bilərsiniz, ancaq çətin ki, onlar utansınlar. “Çamaşırxana” araşdırmasında işıqlandırılan Azərbaycanla bağlı son on ilə dair məsələ bizi ona qarşı arqumentləri və strategiyanı bir daha nəzərdən keçirməyə vadar edir. Hərçənd qanunu pozanlar utanmaz görünsələr də, heç də onların bütün tərəfdaşları ictimai qınaqdan və ictimai tənqiddən qoruna bilməzlər”.

Müəllif hesab edir ki, geniş yayılmış qlobal korrupsiyaya baxmayaraq, hələ də qanunlar və etik normalar qüvvədədir və hələ də buna əməl etməyə çalışan təşkilatlar mövcuddur. Bundan başqa, özünün bəyan etdiyi normaları və idealları müdafiə etmək istəyən, yaxud buna hazır olan təşkilatlar mövcuddur:

“Əgər onların tərəfdaşları gileylənsələr, yaxud onları utandırsalar, o zaman sponsorlar reklamlarını, yaxud digər dəstəklərini geri çəkə bilərlər. Beləcə korrupsiya daha da mürəkkəb və bahalı ola bilər. Əliyevin tərəfdarı olan AŞPA-nın prezidento Pedro Aqramuntun istefası buna misaldır.

Özünün başlıca prinsipləri olan şəffaflığı və etik standartları ifadə edən beynəlxalq maliyyə institutları investiyalar ayırarkən heç də hər zaman bu prinsiplərə əsaslanmırlar. Xüsusilə neft və qaz istehsal edən və infrastruktur layihələr üçün investiyalara ehtiyacı olan ölkərə münasibətdə. Bu yöndə Dünya Bankı mürəkkəb tarixə malikdir. Son aylar qeyri-hökumət təşkilatı olan “Crude Accountability” beynəlxalq maliyyə institutlarını öz investisiyalarını şəfaflıqla, dürüstlüklə və qanunla sıx bağlamağa çağırıb.

Avropa Bankının Araşdırma və İnkişaf üzrə direktoru “Azərbaycan çamaşırxanasından” 800 000 avro almaqda ittiham olunub.

Sonucda adların açıqlanaraq biabır etmək taktikası belə əməkdaşları vacib alətdən məhrum edir və onları qanunsuzluq və sui-istifadə halından xəbərsiz olduqlarını ifadə etməyə vadar edir. Bundan əlavə, adların açıqlanması, biabr edilmə və sənədləşmə şəffaflıq, resursların məsuliyyətli idarə edilməsi, qanunçuluq və hüququn aliliyi uğrunda mübarizə aparan insanlar və təşkilatlar üçün silahdır”.

Audrey Altstadt hesab edir ki, çirkli pulların yuyulması ilə məşğul olan bir dəstə üçün təhlükəsiz sığınacağın yaradılması digər dələduzlar üçün yaşıl işıq yandırır.

“Çirkli pulların yuyulması və korrupsiyanın digər formaları beynəlxalq maliyyə sistemini də artıq yoluxdurub. Bunun qarşısını şəffaflığın təmin edilməsi və beynəlxalq aksiyalarda birgə iştirak etməklə almaq olar. Və burda heç bir ortaq məxrəc yoxdur” – müəllif fikrini yekunlaşdırır.

Tərcümə:

Xpressa.net

Ana səhifəAnalitikaAudrey Altstadt: Çirkli pullar beynəlxalq maliyyə sistemini də yoluxdurub