Apelyasiya Məhkəməsi əvvəlki qərarı qüvvədə saxlayıb
Qarabağa dəstək aksiyasına görə həbs olunan AXCP fəallarından daha ikisinin – partiyanın Rəyasət Heyətinin üzvü, Qarabağ əlili Asif Yusifli və İsmayıl Həsənovun şikayətinə baxılıb. Şikayətlər onların hər birinin barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilməsi haqda Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərarlardan verilib.
Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyilə keçirilən məhkəmə iclasına A.Yusiflinin özünü də gətiriblər. O, günahsız olduğunu, heç bir cinayət törətmədiyini bildirib. Deyib ki, iyulun 14-də gecə saatlarında keçirilən yürüşdə də yalnız Qarabağın azadlığı, orduya dəstək məqsədilə iştirak edib, heç bir təxribatçı hərəkətlərdə də iştirakı olmayıb.
Vəkili Nemət Kərimli onun səhhətindəki problemləri, Qarabağ döyüşlərində sağlamlığını itirməsini, ailə vəziyyətinin ağır olmasını əsas gətirərək, onun barəsində həbs-qətimkan tədbirinin dəyişməsi, istintaq gedən müddətdə azadlıqda qalmasını xahiş edib.
Lakin hakim apelyasiya şikayətini təmin etməyib.
Digər cəbhəçi fəal İsmayıl Həsənovun şikayətinə baxan hakim İlqar Murquzov da eyni qərarı verib. Onun istintaq dövründə həbsdə saxlanması barədə Nəsimi Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
İyulun 29-da Bakı Apelyasiya Məhkəməsində həmçinin AXCP-nin daha bir fəalı Niyaməddin Əhmədovun şikayətinə baxılıb. AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş N.Əhmədov aprel ayından həbsdədir. Öncə ona karantin rejimini pozma ittihamıyla 30 sutka inzibati həbs cəzası verilib. Cəzası bitəndə isə azadlığa çıxmasına imkan verilməyib və barəsində Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə) maddəsilə cinayət işi başlanıb.
N.Əhmədovun vəkili Zibeydə Sadıqova onun ev dustaqlığına buraxılması üçün vəsatət versə də, Nəsimi Rayon Məhkəməsi onu təmin etməyib. Həmin qərardan da apelyasiya şikayəti verilib. Lakin bu şikayət də təmin olunmayıb.
N.Əhmədovun haqqındakı həbs qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndəriləcək.
AXCP-dən bildirilib ki, son iki həftə ərzində AXCP-nin 36 fəalı saxlanılıb. Onlardan 16 nəfər haqqında cinayət işi başlanıb. Daha 13 nəfər barəsində karantin qaydalarını pozma ittihamıyla 30 sutka inzibati həbs qərarı çıxarılıb. Bir neçə nəfər sərbəst buraxılsa da, bəzilərinin aqibəti haqqında hələ də məlumat almaq mümkün olmayıb.
Həbs olunanlar arasında AXCP rəhbərliyinə daxil olan şəxslərdən Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Bəxtiyar İmanov, Məmməd İbrahim və Ayaz Məhərrəmli də var.
Həbs olunan cəbhəçilərin bir qismi karantin rejimini pozmaqda, bir neçəsi koronavirus yaymaqda, əksəriyyəti isə iyulun 15-də Qarabağa dəstək yürüşündə təxribat yaratmaqda ittiham olunur.
AXCP isə bu ittihamların yalan olduğunu, həmin təxribatları törədənlər arasında cəbhəçilərin olmadığını bəyan edib. AXCP sədri Əli Kərimli Meydan TV-yə bildirib ki, bu həbslər partiyaya qarşı repressiyadır və prezident İlham Əliyevin 15 iyulda AXCP haqqında nifrət çıxışından qaynaqlanır.
“Biz hər şeyi etdik ki, hökumətin təxribat və repressiyalar üçün hər hansı bəhanəsi olmasın. Ancaq təcrübə bir daha göstərdi ki, hakimiyyət bəhanəsiz də təxribat və repressiya edir. Heç bir əsas olmasa da, hakimiyyət Qarabağ mitinqindən AXCP-yə qarşı növbəti repressiyalar üçün sui istifadə edir. Biz dedik ki, dövlətimizin, ordumuzun yanındayıq. Amma əvəzində qeyri-adekvat cavab aldıq. Dedilər ki, Xalq Cəbhəsi ermənidən daha betər düşməndi, onu bir siyasi qüvvə olaraq, məhv etmək lazımdır. Azərbaycan üçün daha bir fürsət qisasçılığa, kinə qurban verildi. Hakimiyyət ümumxalq mitinqlərindən düşmənə qarşı istifadə etmək əvəzinə AXCP-yə qarşı istifadə etdi. Məqsəd real müxalifəti sıradan çıxarmaqdır”, – deyə Əli Kərimli bildirib.