”Arsenal” Avroliqanın finalına çıxsa, Mxitaryanın məsələsi necə həll olunacaq?

Azərbaycanın qanunları idman prinsiplərinə zidd gələ bilər

Source:


Azərbaycanın qanunları idman prinsiplərinə zidd gələ bilər

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi İngiltərənin “Arsenal” klubunun ermənistanlı futbolçusu Henrix Mxitaryanın Bakıya səfəri üçün viza məsələsi ilə bağlı mövqeyini açıqlayıb.

Bu barədə səfirlikdən “The Independent”in sorğusuna cavab olaraq

bildirilib.

(“Report”)

Cavabda qeyd olunub ki, 29 yaşlı yarımmüdafiəçinin milliyyəti Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”la oyun üçün ona viza verilməməsinə səbəb ola bilməz:

“Əcnəbi vətəndaşın Azərbaycana buraxılmaması üçün yeganə aspekt həmin şəxsin daha əvvəl Azərbaycan Respublikasının yazılı razılığı olmadan Dağlıq Qarabağ və işğal olunmuş digər rayonlara səfər etməsidir. Azərbaycana səfər üçün vizanın verilməsi milli qanunvericilik və beynəlxalq sazişlərdə yer alan qayda və müddəalarla tənzimlənir.

Henrix Mxitaryanın viza ala biləcəyi ilə bağlı suala əvvəlcədən dəqiq cavab vermək olmaz. Bu prosedur bütün ölkələrdə, o cümlədən, Böyük Britaniyada da belədir. “Onun milliyyəti Azərbaycan vizası almağa təsir edirmi” sualına cavabımız bu cürdür: Xeyr”.

“Arsenal” klubu isə məsələ ilə bağlı bildirib ki, futbolçuların təhlükəsizliyi hər şeydən önəmlidir:

“Vəziyyəti öyrəndikdən və futbolçu ilə söhbət etdikdən sonra qərar veriləcək”.

Ermənistan idmançıları daha əvvəl 2015-ci ildə Azərbaycanın paytaxtında təşkil olunmuş şahmat üzrə Dünya Kuboku, “Bakı 2015” I Avropa Oyunları və 2007-ci ildə güləş üzrə dünya çempionatı kimi yarışlarda iştirak ediblər.

Mxitaryan 2015-ci il oktyabrın 22-də Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Borussiya” (Dortmund) komandasının heyətində “Qəbələ” ilə oyun üçün Bakıya gəlməyib. Yarımmüdafiəçi 2009-cu ildən Dağlıq Qarabağa qanunsuz səfərlər edib. Müharibədə iştirak edən veteranlara yardım üçün Xankəndinə baş çəkən futbolçu onlara müxtəlif məişət texnikalarını hədiyyə verib.

Amma bu məsələ təkcə “Arsenalın” Bakıda “Qarabağla” oyunu ilə bitməyə bilər.

H.Mxitaryanın Bakıya gəlib-gəlməməsi məsələsi 2019-cu ilin mayında yenidən gündəmdə ola bilər. Belə ki, Avropa Liqasının finalı həmin ilin mayında Bakıda keçiriləcək. “Arsenal” klubu öz növbəsində finala çıxmaq şansı olan 3-4 klubdan biridir.

Bir tərəfdən, Azərbaycanın qanunları H.Mxitaryanın işğal olunan ərazilərə rəsmi Bakının icazəsi olmadan səfər etdiyinə görə ölkəyə gəlməsinə imkan vermir. Elə, Azərbaycanın Böyük Britaniyadakı səfirliyin cavabında da, bu, qeyd olunub.

Digər tərəfdən, “Arsenalın” finala çıxacağı halda Azərbaycana buraxılmaması böyük qalmaqala səbəb ola bilər, çünki bu halda önə idman prinsipləri çıxacaq və London klubu finalda H.Mxitaryana böyük ehtiyacı olacağını bəyan edə bilər. Bu məsələdə Azərbaycan qanunları ilə H.Mxitaryanın ölkəyə buraxılmamasına FİFA və UEFA sərt reaksiya verə bilər.

Bu məsələ Xarici İşlər Nazirliyinin artıq indidən gündəmində olmalı və bunun necə həll olunacağı barədə düşünülməlidir.

Məsələ ilə bağlı Meydan TV nazirliyə müraciət etsə də, XİN mətbuat katibi Hikmət Hacıyevin Prezident Administrasiyasına yeni təyinat almasından sonra burada suala cavab verə biləcək səlahiyyətli şəxsi müəyyən edə bilməyib.

H.Hacıyevin özünün isə telefonu sönülü olub.

XİN-in mətbuat xidmətindən bildiriblər ki, suallar yazılı şəkildə təqdim olunarsa, cavablandırılar. Sorğu nazirliyin elektron ünvanına göndərilib.

İstənilən halda, oktyabrın 4-də “Qarabağ”-“Arsenal” oyununda erməni futbolçunun iştirak edib-etməyəcəyi həll edilsə də (futbolçu özü Bakıya gəlməkdən könüllü olaraq imtina edib), məsələ problem kimi “Arsenalın” Avropa Liqasında çıxış etdiyi müddət ərzində daim qalacaq.

Azərbaycan tərəfinin məsələ ilə bağlı iki yolu qalır – ya məsələni H.Mxitaryanın xeyrinə həll etməli, ya da bütün Azərbaycan “Arsenalın” Avropa Liqasının finala çıxmamasını arzulamalıdır…

Avropa Liqasının qrup mərhələsində “Qarabağ” “Arsenal”dan başqa Portuqaliyanın “Sportinq” və Ukraynanın “Vorskla” klubları ilə mübarizə aparır. İlk turda Ağdam klubu Lissabonda “Sportinqə” 0:2 hesabı ilə məğlub olub, “Arsenal” isə öz meydanın ukraynalılara 4:2 hesabı ilə qalib gəlib.

Ana səhifəXəbərlər”Arsenal” Avroliqanın finalına çıxsa, Mxitaryanın məsələsi necə həll olunacaq?