Rejissor: “Qanunda vəsaitin necə ödənilməsi qaydası yoxdur, qanun yenilənməlidir”
Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) elan etdiyi film layihələri müsabiqəsinin qalibləri məlum olub.
Nazirliyin məlumatında bildirilir ki, qaliblər müstəqil mütəxəssislərdən ibarət Seçim komissiyası və nazirlik tərəfindən bu günlərdə yaradılmış Ekspert Şurası tərəfindən seçilib.
“Xəzinə” (“Ultra Production” MMC), “Günəşdə də ləkələr olur” (“AzərNyuMedia” MMC), “Borc” (“Bakı Media Mərkəzi” MMC), “Arılar və qəbirlər” (“SFN Production” MMC) tammetrajlı bədii, “Nargin” (“Karvan Production” MMC), “Ölüm axtaran qadın” (“Bakı Media Mərkəzi” MMC), “Kür – çaylar anası” (“OD-MEDİA Production” MMC) tammetrajlı sənədli, “Daş” (“ART Baku Production” MMC), “Erkən hisslər” (“Rental Azərbaycan” MMC) qısametrajlı bədii, “Kapitan və Xəzər dənizi” (“Rental Azərbaycan” MMC) qısametrajlı sənədli, “Narqız” (“Peri Film” MMC) qısametrajlı animasiya film layihələrinin və 16 qısametrajlı bədii və sənədli tələbə film layihəsinin istehsalına dəstək göstərilməsinə qərar verilib.
İstehsalına dəstək göstərilməsi məqsədəuyğun sayılmayan bir sıra layihələrin ssenarilərinin inkişaf etdirilməsi məqsədilə ARKA tərəfindən yaradılmış Film laboratoriyasına təqdim olunması təklif edilib.
Müsabiqəyə təqdim olunmuş və seçilməmiş istənilən layihə ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış Apelyasiya Komissiyasına müraciət edilə bilər.
Kinorejissor Elvin Adıgözəl müsabiqə ilə əlaqədar fikirlərini Meydan TV ilə bölüşüb.
“Dünyanın heç bir yerində bir şirkət dövlətdən maliyyələşən müsabiqədə iki layihə ilə keçə bilməz. “Bakı Media Mərkəzi” müsabiqəyə 5-6 layihə verib, ikisi seçilib. Pulun nə qədər hissəsini onlara verəcəkləri də açıq sual olaraq qalır”, – kinorejissor deyir.
“Bakı Media Mərkəzi” 2017-ci ildə yaradılıb.
Prezidenti ölkə başçısı İlham Əliyevin qızı Arzu Əliyevadır.
Müsabiqənin ümumi fondu 5,5 milyon manatdır.
Dövlət sifarişi ilə istehsal olunacaq tammetrajlı və ya qısametrajlı bədii, sənədli və animasiya filmləri üçün 2 milyon manat nəzərdə tutulub.
Tammetrajlı və ya qısametrajlı bədii, sənədli və animasiya kommersiya filmləri üçün 1 milyon 250 min manat müəyyən edilib.
Müəllif filmləri (tammetrajlı və ya qısametrajlı bədii, sənədli və animasiya filmləri) layihələri üçün də 1 milyon 250 min manat ayrılacaq.
Debüt (tammetrajlı və ya qısametrajlı bədii, sənədli və animasiya filmləri) və tələbə (yalnız qısametrajlı filmlər) layihələri üçün isə 1 milyon manat veriləcək.
Digər vacib məqam isə qaliblərə pulların təqdim olunması ilə əlaqədardır.
Rejissor deyir ki, “Kinematoqrafiya haqqında” Qanunda pulun ötürülmə mexanizminin qaydası yazılmayıb:
“Birincisi, kino haqqında qanun mütləq yenilənməlidir. İkinci bir vacib məsələ, Hesablama Palatasının müvafiq sərəncamı var, Azərbaycanda pullar tender elan edildiyi zaman verilə bilər. İndi bunlar qalib prodakşnlara pulları necə verəcəklər? Qanuna əsasən, bu tender yolu ilə olmalıdır, burada isə müsabiqədir. Əvvəl kinostudiyanın fəaliyyəti var idi. Pulu kinostudiyaya köçürürdülər. Kinostudiya da pulu, bəlkə də, prodakşna köçürə bilərdi. Birbaşa isə dövlət orqanından prodakşna necə köçürəcəklər, bilinmir”.
“Mədəniyyət Nazirliyinin 300 min manatlıq “Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” müsabiqəsinin qaliblərinə pul verilmədi. Hələ də sual altındadır ki, bu dəfə pul veriləcəkmi? Ola bilsin ki, bu nazir çıxsın, yerinə başqa birini qoysunlar. O desin ki, müsabiqə keçmiş nazirin dövründə olub”, – deyə o bildirib.