Anjela Kuts – “kasıblar kraliçası” olan milyonçu qadın

Anjela xərçəng xəstəliyinin öyrənilməsini ilk dəstəkləyənlərdən olub

Source: meydan.tv


O, xərçəng xəstəliyinin öyrənilməsini ilk dəstəkləyənlərdən olub

Anjela Kuts – XIX əsrin ən məşhur filantropu; babasından miras qalmış 1,8 milyon (indiki məzənəyylə 160 milyon) funt sterlinqin xeyli hissəsini xeyriyyəçiliyə xərcləmiş; London bələdiyyəsinin «Freedom of the City» mükafatı, kraliça Viktoriyanın baronessa titulu və Osmanlı padşahı II Əbdülhəmidin “Məcidiyyə” ordeni verdiyi ilk qadın; Lordlar Palatasının ilk qadın üzvü; kral VII Eduardın “anamdan sonra krallığın ən möhtəşəm qadını” dediyi “kasıblar kraliçası”.

Frensis və Sofiya Berdetlərin bir oğlu, beş qızı vardı, sonbeşikləri Anjelaydı (1814). Ona sosial statusuna uyğun təhsil vermişdilər: İngiltərədə və anasıyla birlikdə səyahət etdiyi digər Avropa ölkələrində ən yaxşı repetitorlardan dərs almışdı; alman, fransız, italyan dillərində sərbəst danışa bilirdi. Atasının Londondakı evinə toplaşan siyasət və ədəbiyyat adamlarının qızğın polemikalarını dinləyə-dinləyə böyümüşdü.

Qızının formalaşmasında böyük rolu olmuş Frensis Berdet Böyük Britaniya İcmalar Palatasının üzvü, ölkənin ən qalmaqallı deputatıydı – davamlı olaraq parlament islahatları təklifiylə çıxış edir, hökumətdəki korrupsiyanı ifşa cəhdlərinin hamısına fəal dəstək verir, qul ticarətinə qarşı kampaniyalara qoşulurdu. Uşaq vaxtı atasını az-az görən, axşamlar pəncərədə durub onun yolunu gözləyən, at ayaqlarının səsi gələndə həyəcanla yerindən sıçrayıb qapıya sarı qaçan Anjela üçün mister Berdet gerçək bir qəhrəmanıydı.

Anjela humanizm ideyalarını, publik və inandırıcı çıxış qabiliyyətini atasından əxz etmişdi. Bank sahibi olan babası Tomas Kutsun Avropa kraliyyət ailələriylə əlaqələri isə Anjelanın onlarla tanışlığına yol açmışdı.

****

Babası vəfat edəndə (1837) var-dövlətini xeyli gənc olan ikinci arvadına – keçmiş aktrisa Harriot Mellona vəsiyyət edir. Sofiya Berdet bununla bağlı məhkəməyə müraciət etmək istəsə də, vəkillər onu fikrindən daşındırır. Bir müddət sonra yenidən ərə gedən Mellon Tomas Kutsdan miras qalmış varidatı ailəyə – Dadli Kuts Stüarta qaytarmaq qərarına gəlir. Ancaq onun Kristina Bonapartla – Napoleonun qardaşı qızıyla evlənməsinə qəzəblənib qərarını dəyişir.

Harriot Mellon (hesoginya Sent Olbans) vəfat edəndən bir neçə gün sonra Kuts nəslinin nümayəndələrini toplayıb onun vəsiyyətnaməsini oxuyurlar. Məlum olur ki, babasının bütün mirası – təxminən 14 tona yaxın qızıl artıq Anjelanındır və o, gələcəkdə əcnəbiyə ərə gedərsə, vərəsəlik hüququ ailənin başqa üzvünə keçəcək.

Bu vəsiyyətnaməylə kraliça Viktoriyadan sonra İngiltərənin ikinci varlı qadınına çevrilən Anjela anası Sofiyaya 8 min, bacılarına isə 2 min funt sterlinq məbləğndə illik müavinət ayırır.

Həmin il o, yeni evə köçür və keçmiş mürəbbiyəsi Hanna Mereditdən onunla birlikdə yaşamağı xahiş edir. Yardım istəyənlərdən yüzlərlə məktub aldığı bu çətin dövrdə Anjelanı tək qoymamaq üçün Hanna doktor Uilyam Braunla toyunu təxirə salaraq onun yanına köçür.

Tezliklə tanınmış ictimai fiqura çevrilən Anjelaya da saysız-hesabsız evlilik təklifləri gəlir, bəziləri o qədər israrçı olur ki, onlardan qurtulmaq üçün gənc qız tanışlarından kömək istəməli olur. Bütün pərəstişkarlarına (Əlbəttə, aralarında var-dövlət hərisi də az deyildi) qətiyyətlə yox cavabı verən Anjela həyatını və var-dövlətini xeyriyyəçiliyə həsr edəcəyini bildirir.

Atasının rəhbərliyi altında fəaliyyətə başlayan missis Berdet ilk növbədə yoxsulluq və işsizlik problemlərinin həllinə yardımçı olmağa çalışır. Bu işdə ona yaxından kömək edənlərdən biri də Hannanın nişanlısı (sonra da əri) doktor Braun olur.

Atasının məsləhətiylə həm də elmə dəstək verməyə yönələn Anjela fizika, geologiya, arxeologiya və təbiət elmlərinə vəsait ayırır, atasının evində o dövrün ixtiraçı alimləri Çarlz Bebbic, Mayk Faradey və Çarlz Uitstounla tanış olur, Bebbicin müasir kompüterlərin sələfi olan “hesablayıcı mühərrik” layihəsinə, Devid Livinqstonun Afrika araşdırmalarına maliyyə dəstəyi verir. Fosillər kolleksiyasını bağışladığı Oksford Universitetinə iki stipendiya da ayırır, aparıcı botanika qurumu olan “Kyu Qardens” (

“Kew Gardens”) kraliyyət bağına bitki kolleksiyaları hədiyyə edir.

1847-ci ildə Anjela Kuts ən qədim elm akademiyalarından biri olan Kraliyyət Cəmiyyətinin tamhüquqlu üzvü olur.

****

1839-cu ildə, “Coutts” (“Kuts”) bankının icraçı direktoru Edvard Marjoribankın evində Çarlz Dikkenslə rastlaşan Anjelanın fikirləri və həyata baxışı yazıçının çox xoşuna gəlir, zamanla onlar dostlaşırlar. Dikkensin təklifiylə Anjela Londonda fahişəliklə məşğul olan qadınlar üçün “Uraniya” adlı sığınacaq evi açır. Dikkensin rəhbərlyi altında fəaliyyət göstərən bu müəssisə bəzi qadınlar üçün həqiqətən də xilas şansı olur – yeddisi ailə qurur, bir neçəsi işləməyə başlayır.

Maraqlıdır ki, qadın haqlarıyla bağlı proqressiv düşüncələrinə baxmayaraq Anjela bu sahənin qabaqcıllardan olmayıb. Məsələn, 1860-70-ci illərdə qadınların səhiyyə sistemində çalışması məsələsi geniş müzakirə olunanda jurnalistlərin birinə deyib ki, bununla “ümumi ləyaqət baryerlərinin” dağıdacağından ehtiyat edir.

Bir neçə il sonra Anjela sığınacağa maliyyə dəstəyini dayandırır – Dikkens arvadıyla boşanma prosesinin detallarını mətbuat səhifələrinə çıxarmış və bunu yolverilməz hesab edən missis Kuts yazıçıyla əlaqəsini kəsmişdi.

Yoxsulluq, səhiyyə və təhsil problemlərinin həllini prioritet hesab edən, işçi sinfin ”azadlığını və özünə hörmətini itirməsini istəməyəm” Anjela ən Londonun Kolumbiya meydanında yoxsullar üçün dörd bina tikdirmişdi (Buna görə onu sosial mənzil ideyasının pioneri saymaq olar). Bərbad vəziyyətli gecəqondularda yaşayanlar üçün nəzərdə tutulmuş; qaz, su, kanalizasiya xətləri və missis Kutsun təkidiylə hətta oxu zallarıyla da təmin olunmuş, təxminən 1000 nəfərin yaşadığı binalar əsasən ikotaqlı mənzillərdən ibarətiydi; damda paltar yumaq üçün kabinalar quraşdırılmış, böyük qurutma maşını qoyulmuşdu; koridor və pilləkanların təmizliyi üçün iki işçi cəlb edilmişdi.

Yenə həmin ərazidə 400 yerlik nəhəg, qapalı “Kolumbiya bazarı”nın (“Colombia Market”) tikintisinə missis Kuts tam 200 min funt sterlinq xərcləmişdi – ərzaq məhsullarının və əsasən də balığın daha ucuz satıldığı bir yer yaratmaq və beləliklə də yoxsulların həyatını nisbətən yüngülləşdirmək üçün. “Paris zalları və Brüsselin mərkəzi bazarı az qala kilsə qədər gözəl olan bu yerlə müqayisədə, demək olar ki, heç nədir” – o vaxt “The Times” qəzeti “Kolumbiya Market” haqqında belə yazmışdı. Amma Londonun hələ 16-17-ci əsrlədən fəaliyyət göstərən qədim Billinqsgeyt balıq bazarının yaratdığı maneələr nəticəsində bu nəhəng bazardan kimlərsə yalnız anbar kimi istifadə edə bilmiş, orda sadəcə kiçik emalatxanalar fəaliyyət göstərmiş, 17 il sonrasa bazar ümumiyyətlə bağlanmışdı. Hazırda ora turistlərin sevimli ziyarət yerlərindən biridir.

Londonun şərqində rekonstruksiya işlərini də maliyyələşdirən missis Kuts şəhərin kasıblar yaşayan məhəllələrinə içməli su çəkdirmiş, Vikotriya parkında şirin sulu fontan quraşdırılmasına 7000 funt sterlinq vəsait ayırmışdı.

****

Anjela İngiltərə kilsəsi üçün də böyük miqdarda pul xərcləyib – həm Britaniyanın özündə, həm də müstəmləkələrində kilsələr və kilsə məktəbləri tikdirib, Vestminsterdə Müqəddəs Stefan İnstitutu açıb. Amma bu məsələdə də yoxsulları unutmayıb – Spitalfildsdə dərzilik məktəbi açıb, yüzlərlə yetim gənci hərbi-dəniz və ticarət donanmalarının təlim gəmilərinə işə düzəldib. İpək ticarəti zəifləyəndə o sahədə çalışanlar üçün yeni iş yerləri təşkil edib.

London küçələrində gül satan yeniyetmə qızlara kömək məqsədilə gülçülər briqadası yaradıb; əlil qızlara süni güllər düzəltməyi öyrədən emalatxana açıb; işsiz toxucu qadınların başqa peşələrə yiyələnməsinə yardım edib.

İrlandiyada balıqçılar məktəbi açmaqla, qayıqların alınmasını maliyyələşdirməklə bu sahənin inkişafına yardım edib, Böyük kartof aclığı dövründə müflis olmuş kəndlilərə toxum almaq üçün 250 min funt sterlinq vəsait ayırıb, ucuz qiymətə qarğıdalı, çay, qənd və sairə satılan yardım mərkəzləri açıb.

Angela_Georgina_Burdett-Coutts,_Baroness_Burdett-Coutts_from_NPG.jpg
Anjela Kuts

Bundan başqa, o, uşaqlara qarşı zorakılığa qarşı mübarizə cəmiyyətinin yaradılmasında yaxından iştirak edib; Londonda “Uşaqlara qarşı sərt davranışın profilaktikası” adlı cəmiyyətin yaradılmasında yaxından iştirak edib (Sonradan ümummuli səviyyədə fəaliyyətə başlayıb və hazırda NSPCC adlanır); kasıb balalarının təhsil aldığı məktəblərə, müxtəlif xəstəxanalara, penitensiar işçi evlərinə, evsizlər üçün sığınacaqlara, yoxsullara yardım fondlarına, işsizlərə, keçmiş məhkumlara sponsorluq edib, yoxsul yaylaqçılara yardım üçün keçi yetişdirilməsini təşviq edib, öz keçilərinin südünü xəstəxanalara göndərib; bu sahədəki fəaliyyətinə görə onu Britaniya keçilər cəmiyyətinin prezidenti seçiblər; arıçılıq təsərrüfatlarına da yaxından kömək etdiyi üçün həm də Britaniya arıçıları asossiasiyasının prezidenti seçilib və 25 il bu vəzifəni daşıyıb.

Doğrudur, onun yardımları yoxsulların heç də hamısını əhatə etmirdi, amma səmimiyyətinə və sadə yaşayış tərzinə görə onlar Anjelanı çox sevir, ona “kasıbların kraliçası” deyirdilər.

****

Anjela xərçəng xəstəliyinin öyrənilməsini ilk dəstəkləyənlərdən olub. 1851-ci ildə Uilyam Marsden dünyada birinci belə xəstəxananın – Kraliyyət Hospitalının (Royal Marsden Hospital) əsasını qoyanda ona faizsiz kredit verib, 50 funt sterlinq məbləğində illik abunəylə xəstəxananı dəstəkləməkdə davam edib.

Heyvanlarla pis davranışa qarşı ilk parlament aktını maliyyələşdirmiş atası Frensis Berdetin bu sahədəki fəaliyyətini davam etdirən missis Kuts “Heyvanlara qarşı zorakılıqla mübarizə” kraliyyət cəmiyyətində aktiv fəaliyyət göstərib; atların suvarılması, eşşəklərə tövlələr tikilməsi üçün maliyyə ayırıb; ölən sahibinin qəbrini 14 il boyu (özü də ölənə qədər) qoruyan Bobbi adlı itin hekayəsindən təsirlənib onun şərəfinə fontan-memorial düzəltdirib.

Missis Kuts Böyük Britaniyanın sərhədləri xaricində də xeyriyyəçiliklə məşğul olub – qaradərililərin və Britaniya müstəmləkələrindəki digər xalqların səhiyyə və təhsil ehtiyaclarına; Zulu krallığıyla (Cənubi Afrika) müharibə zamanı (1879) hərbi xəstəxanaların müxtəlif ləvazimatlarla təmin olunmasına, Baltimordakı (ABŞ) balıqçılıq donanması üçün avadanlıqlar alınmasına böyük miqdarda maliyyə vəsaiti ayırıb (Buna görə ona hətta “Baltimor kraliçası” da deyiblər).

Luiza Tvininq və Florens Naytingellə birlikdə Rusiya-Türkiyə müharibəsindən zərər çəkənlər üçün “Türk şəfqət fondu” yaradıb (Missis Kuts “Məcidiyyə” ordeniylə bu fəaliyyətinə görə təltif olunub), Yerusəlimdə içməli su axtarışlarını maliyyələşdirib, Avstraliya və Malayziya aborigenlərinə yardım layihələrində iştirak edib; ədəbiyyat, incəsənət və teatr xadimlərinə himayədarlıq edib.

****

Başqalarının həyatını yaxşılaşdırmağa çalışan Anjelanın öz həyatında nələr baş verib?

Əvvəlcə anasını, bundan cəmi 11 gün sonra da atasını itirən (1844) Anjela Britaniyanın məşhur dövlət xadimi, Vaterloo döyüşündə Napoleona qalib gəlmiş general-mayor Artur Uellsliylə – hersoq Vellinqtonla tanış olur. Hersoq ona işlərində kömək etməyə başlayır, kadr siyasətindən narazı olduğu mister Marjoribanka həm də bu sətirlərin yer aldığı məktubu yazmasına yardımçı olur: “Mənim Evimin idarəetməsində bəzi məqamlar var ki, babamın dəyişməz praktikasına əsasən onlarla bağlı fikrimi dəyişə bilmərəm. Mən çox istəyirəm biləm ki, Siz palata işçilərinin dövlət maaşlarının ümumi artımı barədə razılaşmamımızı gələn həftəyə qədər hazırlamağa razılıq verəcəksizmi? Babamın tətbiq etdiyi praktikaya zidd olaraq bu artıq bir neçə ildir ki, baş vermir”.

Bir neçə il keçəcək, 33 yaşı missis Kuts 78 yaşlı hersoqa evlənmək təklif edəcəkdi, ancaq Vellinqton çox sevdiyi, hər gün (hətta bəzən gündə iki dəfə) məktub yazdığı bu qadının təklifini qəbul etməyib yazacaqdı ki, “Sənin qarşında mənim birinci borcum dostun, qəyyumun, müdafiəçin olmaqdır. Sən gəncsən, əzizim! Sənin ən azı 20 il həyatdan zövq almaq imkanın var. Mən sənin baban olacaq qədər yaşlıyam və bu gün nə qədər güclü, duyğulu və sağlam olsam belə, zamanla mütləq qocalığın nəticələrini və çarəsizliyini hiss etməli olacam… Ömrümün son günləri sənin narahat və ümidsiz həyatına görə özümə qəzəbimlə keçəcək”.

Bu cavabın Anjelaya necə təsir etməsi barədə tarix susur, vəfalı dostu Hanna Braunun ölümündən çox sarsıldığı isə bilinən faktdır – missis Kuts uzun illər onun sağ əli olmuş etibarlı bir insanı itirmişdi. Amma işlər davam edirdi və Hannanın yeri boş qala bilməzdi.

Və Anjela o yerə katibini – vaxtilə təhsil haqqını ödədiyi Uilyam Aşim-Bartleti təyin edir.

Oksvordda əvvəl bakalavr, sonra da magistr təhsili almış Uilyam hüquq üzrə karyerasını yarıda buraxıb baronessanın şəxsi kabinetində işə düzəlmişdi.

Əvvəlcə missis Kuts onu “Türk şəfqət fondu”nun işini təşkil etmək üçün Osmanlıya, sonra da balıqçılara yardım kampaniyasına kömək üçün İrlandiyaya göndərir və hər dəfə də işindən razı qalır.

Bir müddət sonrasa xəbər yayılır ki, Anyela özündən 38 yaş kiçik köməkçisinə ərə getməyə hazırlaşır. “Kuts” bankının yaşlı üzvləri kraliça Viktoriyaya müraciət edib ondan bu izdivaca mane olmasını istəyirlər. Ancaq kraliça məsələyə birbaşa müdaxilədən imtina edir, Anjelanın yaxın dostu, Harroubi qrafı Dadli Rayderə yazır ki, “ledi Berdet-Kutsun uyğunsuz izdivaca görə öz reputasiyasını və xoşbəxtliyini qurban verməsi kraliçanı çox kədərləndirər”.

Rayder də öz növbəsində missis Kutsa yazıb onu fikrindən daşındırmağa çalışır. Anjela isə Hannanın ölümündən sonra Aşmid-Bartletdən çox dəstək gördüyünü, ona ərə getməzsə, indiki vəziyyətin çox çəkməyəcəyini və bundan sonra onu gözləyən gələcəyin öhdəsindən gələ bilməyəcəyini deyir.

Missis Kutsun rəfiqəsi yaxınlarından birinə yazır ki, “Elə bil, Anjelanın 15 yaşı var. Hər tərəfdən baş qaldırmış ittiham, qəzəb, əzab və təəccüb fırtınasını görmür, özünü nəyə düçar etdiyindən xəbəri yoxdur”.

1881-ci ildə 67 yaşlı Anjela Kuts və 29 yaşlı Uilyam Aşmid-Bartlet Londonda evlənirər. 3 rəfiqəsinin müşayətilə mərasim yerinə – Krayst Çörç kilsəsinə gələn 68 yaşlı, ağ məxmər donlu Anjela 29 yaşlı Uilyama ərə gedir.

Bundan sonra missis Kuts vərəsəlik hüququnu itirir (əri əcnəbi olduğu üçün), miras bacısı Klara Maniyə keçir. Ona illik 16 min funt sterlinq məbləğində müavinət ayırırlar. Aylıq büdcəsini 1000 funt civarında müəyyənləşdirən, səhmlərinin böyük əksəriyyətini ərinə verən Anjela xeyriyyə tədbirlərinə artıq çox az vəsait xərcləyə bilir. Bir neçə il sonra Uilyam Vestminsterdən deputat seçilir.

Qadın xeyriyyəçiliyinin əsasını qoymuş, sürətli və qəti qərarlarıyla filantropiyaya yeni standartlar gətirmiş, insanlara kömək üçün 3 milyon funt sterlinqdən çox (indiki məzənnəylə 300 milyona yaxın) pul xərcləmiş baronessa Anjela Burdet-Kuts 92 yaşında (1906) kəskin bonxrit xəstəliyindən vəfat edir. Nəşi evində qaldığı müddətdə – iki gün ərzində onunla vidalaşmağa 30 minə yaxın adam gəlir.

К моменту ее смерти она дала более 3 миллионов фунтов стерлингов на благое дело.

Bioqrafı Edna Hilli yazır ki, missis Kuts xeyriyyəçiliyi peşə borcu qədər məcburi iş sayıb.

Yəqin ki, buna görədir ki, Anjelaya təkcə valeh olmayıblar, ona həm də hörmət ediblər.

Ana səhifəXəbərlərAnjela Kuts – “kasıblar kraliçası” olan milyonçu qadın