Aktrisa bundan sonra qaçqınlarla birbaşa işləyəcəyini deyir
Amerikalı aktrisa Ancelina Coli Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) xüsusi nümayəndəsi vəzifəsini tərk edib.
Aktrisa bu haqda “İnstagram” hesabında yazıb.
“Növbəti illərdə də mən qaçqınlara və digər məcburi köçkünlərə dəstək olmağa davam edəcəyəm. Lakin indi hiss edirəm ki, mənim üçün fərqli işləməyin, qaçqınlarla və yerli təşkilatlarla birbaşa əlaqə qurmağın vaxtı çatıb”, – Coli bildirib.
QAK-ın saytında yerləşdirilən məlumatda isə qeyd olunub ki, Coli bundan sonra daha geniş humanitar və insan hüquqları məsələləri ilə məşğul olacaq.
“Ancelina Coli çox uzun müddətdir ki, QAK-ın mühüm humanitar tərəfdaşıdır. Biz onun onilliklər boyu xidmətinə, öhdəliyinə və qaçqınlar və qaçmağa məcbur olan insanlar üçün yaratdığı fərqə görə minnətdarıq. Bizimlə uzun və uğurlu əməkdaşlıqdan sonra onun işini dəyişmək qərarını yüksək qiymətləndirirəm. Bilirəm ki, qaçqın məsələsi onun ürəyində qalacaq və əminəm ki, o, eyni ehtiras və diqqəti daha geniş humanitar portfelə gətirəcək”, – BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib.
Ancelina Coli 2001-ci ildən QAK-da işləyir və 2012-ci ildən təşkilatın xüsusi nümayəndəsi təyin edilib.
Coli xeyriyyəçilik missiyasına “Lara Kroft – Tomb Raider” filminin çəkilişindən sonra başlayıb.
Aktrisa çəkilişlərin aparıldığı Kambocada gördüklərindən o qədər təsirlənib ki, kömək üçün BMT-yə müraciət edib.
Bu illər ərzində o, dünya ictimaiyyətinin diqqətini kütləvi məcburi miqrasiya ilə nəticələnən böyük böhranlara cəlb edib.