Anar Kərimov: “Azərbaycanda Teatr Agentliyinin yaradıla bilər”

Source: APA

Nazir strategiyadan danışıb: “Agentliyin yaradılması gələn ilə nəzərdə tutulub”

Nazir Anar Kərimov Mədəniyyət Nazirliyinin 2033-cu ilədək olan dövr üçün strategiyası haqqında danışıb.

Nazir “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında bildirib ki, strategiya beş prioritet istiqamətdə olacaq.

Bunlar mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi, insan və cəmiyyətin inkişafı, mədəni və yaradıcı sənayelərin dəstəklənməsi, Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təşfiqi, Mədəniyyətin Qarabağa- Qarabağın mədəniyyətə qayıdışıdır.

Gələn il Teatr Agentliyi yaradılacaq

Nazir həmçinin növbəti illərdə görüləcək işlərdən danışıb. O deyiv ki, teatr sahəsində idarəetmənin sadələşdirilməsi məqsədilə gələn il Teatr Agentliyinin yaradılması nəzərdə tutulur:
“İlk hədəfimiz idarəetmənin təkmilləşdirilməsi üçün publik hüquqi şəxslərin yaradılması məsələsi dayanır. Teatr Agentliyi sahəsinin yaradılması məqsədilə sahə tədqiq edilməlidir. Səmərəliliyi müəyyən edilməlidir ki, dövlət, maliyyə qurumları qarşısında hesabat verə bilək. Biz istərdik ki, teatr sahəsində də idarəetmə sadələşdirilsin. Hazırda Teatr Agentliyinin yaradılması istiqamətində işlər davam etdirilir. Agentliyin yaradılması gələn ilə nəzərdə tutulub”.

Nazir bölgələrindəki mədəniyyət evləri və teatrlarından narazıdır

Nazir bölgədəki teatrlar, muzeylər, həmçinin mədəniyyət evlərinin işindən narazı olduğunu deyib: “Bölgələrdə teatrların fəaliyyəti istədiyimiz kimi deyil. Əsas yük paytaxt teatrlarının üzərinə düşür. İstərdik ki, regionlarda teatrlar inkişaf etsin. Bu, çox vacib məsələdir”.

Anar KərimovAzərbaycanda regionlardakı mədəniyyət evlərində yoxlamaların aparıldığını deyib.

O bildirib ki, bəzi mədəniyyət evlərindən təyinatı üzrə istifadə edilmir. Bu sahədə fəaliyyət və nəzarət gücləndiriləcək: “Tapşırığımla regionlarda mədəniyyət evlərində yoxlamalar aparılır. 43 minə yaxın müəssisə var, onların yoxlanılması zaman alan məsələdir. Biz idarəetmə və hesabatlılığı gücləndirməklə problemlərin öhdəsindən gələcəyik”.

Netflix”də İkinci Qarabağ müharibəsi haqqında film

Nazir Azərbaycan filmlərinin “Netflix” kino platformasında nümayişinin əhəmiyyətindən danışıb:

“Bu il kino sahəsində beynəlxalq nailiyyətimiz “Netflix”lə başladı. Türkiyədə bölgə üzrə nümayəndəsi ilə görüşümüz çox faydalı oldu. Azərbaycan filmlərinin həmin platformada yayımı üçün həmin standartlara uyğun olmaq vacibdir. Həmin platformada filmlərimizin nümayişi ölkənin təbliğatıdır. Həssas olmalıyıq ki, bizimlə əməkdaşlıq etsinlər. Etimad qursaq, əminəm ki, bizimlə işləyəcəklər. “Netflix” bizimlə əməkdaşlığa hazırdır. Növbəti illərdə biz çalışacağıq ki, çəkiləcək filmlər standartlara uyğun olsun. Bu əməkdaşlıq iqtisadi baxımdan gəlir gətirəcək. Bu, həm də turizm baxımından da vacib bir vasitədir. Biz bunu mütləq istifadə edəcəyik”.

Nazir gələn il Qarabağla bağlı bədii filmin çəkiləcəyini deyib. Əlavə edib ki, hədəf həmin filmin “Netflix”də yayımlanmasına nail olmaqdır. Həmçinin “Qarabağ” Futbol Klubu ilə bağlı sənədli filmin çəkilməsinin nəzərdə tutulduğunu bildirib.

Mədəniyyət və incəsənət xadimlərinə maddi dəstək fondu yaradılacaq

Unudulmuş, maddi qayğı və diqqətdən kənar qalan sənət adamlarına dəstək məqsədilə sosial fond yaradılacaq. Nazir çıxışı zamanı deyib ki, fondun yaradılmasında məqsəd maddi vəziyyəti ağır olan sənət adamlarının həyatını, yaşayışını yaxşılaşdırmaqdır. O əlavə edib ki, bununla bağlı mexanizm dövlət qurumları ilə birgə hazırlananacaq.

Kitabxanalar rəqəmsallaşdırılacaq

Nazir kitabxanalarla bağlı da danışıb. O bildirib ki, müasir dövrdə kitabxanalara təlabat azaldığı üçün gələcəkdə kitabxanaların elektronlaşdırılması nəzərdə tutulur.

Ev-muzeylərində bərpa işləri aparılacaq

Nazir muzeylərlə bağlı da fikirlərini bölüşüb.

“Bəzi muzeylər özlərinə eksponat saxlancı kimi yanaşır. Muzeylərin zənginləşdirilməsi vacibdir. Hər rayonun özünəməxsus xüsusiyyətləri əks olunmalıdır”, – o belə deyib.

O həmçinin bildirib ki, şair Əhməd Cavadın ev-muzeyinin yaradılması, 130 illiyinin qeyd olunması nəzərdə tutulub.

Əlavə edib ki, bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpası üçün Heydər Əliyev Fondu ilə əməkdaşlıq edilir.

Mədəniyyət Nazirliyi gələn il Bakı Media Mərkəzi ilə birgə xeyriyyəçi Zeynalabidin Tağıyev haqqında serial çəkməyi planlaşdırır.

Ana səhifəMədəniyyətAnar Kərimov: “Azərbaycanda Teatr Agentliyinin yaradıla bilər”