Anar Abdulla barəsində həbs qətimkan tədbiri seçilib

Anar Abdulla – Foto: Şəxsi Facebook səhifəsi

İctimai fəal Anar Abdulla barəsində həbs qətimkan tədbiri seçilib.

Bu gün Bakı Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın ittiham olunduğu cinayət işi üzrə növbəti məhkəmə prosesində dövlət ittihamçısı vəsatət qaldıraraq Anar Abdullanın polisin nəzarətinə vermə qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

Prokuror vəsatətini təqsirləndirilən şəxsin seçilmiş qətimkan tədbiri qaydalarına əməl etmədiyini əsas gətirib və onun məhkəmə zalında həbs edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili Anar Abdullanın məhkəmədən anasının xəstə olmasını nəzərə alınmasını istəsə də, dövlət ittihamçısının vəsatəti təmin edilib.

Hakim Aygün Qurbanova onun haqqında olan polis nəzarətinə vermə qərarını barəsində olan məhkəmə işi yekunlaşana qədər həbs qətimkan tədbirinə dəyişdirib.

Anar Abdulla məhkəmə zalında həbs edilib. Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Anar Abdulla iyulun 11-də İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (Xırda xuliqanlıq) maddələri ilə təqsirli bilinərək, Binəqədi rayon məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbsə məhkum edilmişdi.

Anar Abdulla bundan əvvəl, 2025-ci ilin aprelində həm də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin( SMDTM) rəhbəri  Anar Məmmədlinin cinayət işi üzrə aparılan istintaq araşdırmalarına cəlb olunub.

Anar Məmmədli 2024-cü ilin aprelində saxlanılıb. 

O, əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunsa da,  sonradan ittihama bir neçə maliyyə cinayəti üzrə maddələr də əlavə edilib.

Məmmədli özünü təqsirli hesab etmir və irəli sürülən ittihamlarla razılaşmır.

Bu iş üzrə Anar Abdullaya qarşı Cinayət Məcəlləsinin yeddi maddəsi (qaçaqmalçılıq, qanunsuz sahibkarlıq vergidən yayınma və.s) ilə ittiham irəli sürülüb. Həmin vaxt Bakı Şəhər Baş Polis İdarəsinin qərarı ilə fəal barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdi.

Hazırda iş üzrə məhkəmə baxışı davam edir.

Ana səhifəSiyasətAnar Abdulla barəsində həbs qətimkan tədbiri seçilib