Zərdüşt Əlizadə

Mənbə: Foto: Meydan TV

Başlıq: Zərdüşt Əlizadə

Analoqsuz Milli Məclislər

Baxaq görək bu dəfə nə və necə olacaq...

Sonuncu biabırçı Milli Məclis öz miskin varlığına biabırçı bir bəhanə ilə (“islahatlara mane olmayaq”!) son qoyaraq əlahəzrətin sadə və sərt “itilin gedin” tapşırığını yerinə yetirdi.

Onun keçmiş miskin tərkibindən kiməsə ümid veriblər ki, “ola bilsin yeni tərkibə düşə biləcəksiniz”, buna görə onlar yuyulmamış çömçə kimi ortaya atılıb yenidən deputat təyin olunmağa can atırlar. Özlərinə belə bir sual vermirlər ki, əvvəllər nə etmişik ki, indi də nə isə edə bilək? Deputat olmağa layiq idinizsə, bəs nə üçün özünüzü buraxdınız?

Hərçənd ki, onların nigaran ürəkləri sıxılır, zira bilirlər ki, yuxarılarda onlar kimiləri “atmaq” su içmək kimi təbii haldır.

Heyif deyildi əvvəllər! Qocaya bir milyon dollar ötürürdün, alırdın halal mandatını!

Bu sözləri özümüzdən demirik, seçkidə qələbə çalmış Eldar Namazovun halal mandatını haram yolla ələ keçirmiş Gülər Əhmədovanın dələduzluq maddəsi ilə aparılmış rəsmi məhkəmə prosesində səslənmiş fikirlərə söykənirik.

Dərindən fikirləşəndə, Azərbaycan kimi ölkələrə və xalqımız kimi xalqlara əslində parlament lazım deyil. Çünki parlament başqa ölkələrdə və xalqlarda nədir? Müxtəlif fikir sahibləri bir yerdə oturub başlayırlar danışmağa, hərənin ağzından bir avaz gəlir, danışırlar, danışırlar, axırda təklifləri səsə qoyub sonda hansınısa qərar və ya qanun kimi qəbul edirlər.

Bizdə isə buna əsla hacət yoxdur. Əvvəla ona görə ki, bu məkanda və bütün zamanlarda qanun olmayıb, zahirən olsa da, heç zaman işləməyib. Yəni qanunla yaşamaq bizim müqəddəs milli mentalitetimizə yaddır. İkincisi ona görə ki, xalqımız hamılıqca şahsevəndir və həyatımızın qanunu “böyüklərin üzünə ağ olmamaqdır”. Ağ olmamaq üçün artıq-əskik danışmaq lazım deyil, yəni parlamentə yerli-dibli lüzum yoxdur.

Lakin xalqımızın başqa bir əbləh atalar sözü var, o da “palaza bürün, elnən sürün”dür. Yəni kişi kimi dövlətimizi şahlıq, quruluşumuzu qanuni istibdad elan etmək əvəzinə başlamışıq palaza bürünüb Avropa xalqları kimi, ayağımızı qısır demokratiya yorğanının içinə yerləşsin deyə qarnımıza sıxmağa. Sıxmağına sıxırıq, amma belə vəziyyətdə parlament yeriyə bilmir, olsa-olsa, kenquru kimi hoppana bilər. Hərəkət etməyəndə qalır bihal və qısır. Hərəkətə keçəndə isə axırda bir dəfə hoppanır və məcbur olub özünü buraxır.

Əl-qərəz, yenə qərəz məni boğur, başlayıram hətərən-pətərən danışmağa. Gül kimi Milli Məclisi əsassız aşağılayıram, hamının qibtə etdiyi uğurlarımızı görmədən düşmən dəyirmanına su tökürəm. O cümlədən islahat zəmanəsinin analoqu olmayan Milli Məclis seçkisinə xor baxıram.

Mən burada xor baxmağımda olum, xalq isə demokratik seçkilərə tədricən qatılmaqda olsun. İşimin yanında namizədlərin şəkilləri vurulmuş lövhəyə tamaşa edib acı-acı millətimin taleyi barədə düşünürəm. Müşfiqin “Anasız uşağa dayə gərəkdir” şeirindən “Şairəm söyləyir yerindən duran, Adamım üzünə həya gərəkdir” misraları düşür. Bəli, savadı və hazırlığı olmayan, millət qarşısında heç bir xidmətləri olmayan “n” sayda məxluqat özünü mandat naminə savaşa atıb. Yenə pullu adamların daha çox pul qazanmaq istəyini anlayıram, zira pulları var və pul, təbii ki, artmaq istəyir, bunun üçünsə siyasi hakimiyyətdən özünə pay umur. Lakin deputat olmaq istəyənlər arasında kasıblar da var. Bax burada Sabirin “Fələ, sən də özünü bir insanmı sayırsan” şeri yada düşür.

Axı o bəxtəvər zamanlar arxada qaldı. O zamanlar ki, varlı olmayan vətəndaşlar qollarını çırmalayıb siyasət meydanına atılırdılar ki, “gəlin vətəni xilas edək”.

Qollarını çırmaladılar, meydana atıldılar və... basıldılar. İt də getdi, ip də getdi.

Yeni nəsil kasıblar bu sadə dərsdən ibrət götürmək əvəzinə yenə qollarını çırmalayırlar və siyasət meydanına atılmaq istəyirlər.

Möhtərəm xanımlar və bəylər, sizdən üzr istəyirəm, üzüm ayağınızın altına, dediklərimi əsla müzayiqə sanmayın, sadəcə sizə yazığım gəlir deyə bunu deyirəm: Milli Məclisin yeni tərkibi Prezident Aparatında müzakirə və təsdiq olunub, Mərkəzi Seçki Komissiyasına göndərilib, orada onu kamali-səliqə ilə alıb diqqətlə öyrəniblər və hər bir Dairə Seçki Komissiyasına lazımı tapşırığı veriblər. Onlar da bu tapşırığı alandan sonra anlayıblar ki, əlahəzrətin tapşırığından çıxmaq hansı arzuolunmaz nəticələrə gətirə bilər. Məhz buna görə onlar bəzi namizədləri burunlayırlar və çalışırlar ki, onlar cızıqlarından çıxıb həddən artıq fəallıq göstərməsinlər. Eyni zamanda indiyəcən bütün dünya seçkilərində tətbiq edilmiş və hətta tətbiq edilməmiş bütün seçki fırıldaqları canı-dildən öyrənilir və məşqlər aparılır.

Deyə bilərlər ki, “təklifin nədir”? Yəni əlimizi qoynumuza qoyub məlul-məlul baxaq, tamaşa edək vətəni necə talayıb yeyirlər?

Əsla yox, mən dinc siyasi mübarizə tərəfdarıyam. İnqilabı sevmirəm, bilirəm ki, inqilabdan birinci bəhrələnənlər siyasi fürsətçilər, həyasız dələduzlar və casuslar olur. Lakin siyasi döyüşə atılmazdan əvvəl hansısa mətin bir bünövrənin qurulmasını istəyirəm. Azı seçki mübarizəsi üçün lazımi tədarükün hazırlanmasını, lazımi qoşunun yığılmasını istəyirəm.

Milli Məclis Azərbaycan Respublikasının gerçək siyasi quruluşunda appendiks kimi gərəksiz bir əzadır. Lakin cəmiyyətin böhranlı anlarında bu əza iltihaba uğrayıb bütün bədəni irinlə zəhərləmək qabiliyyətinə malikdir. Yadınıza 1990-cu illərin əvvəllərinin Ali Sovetini, Milli Şuranı və sonda da Milli Məclisi salın. Məhz onun bu xüsusiyyətini bilərək şahənşah onun tərkibinin böylə ciddi-cəhdlə arınmasını, təmizlənməsini və sınaqdan keçirilmiş kadrlarla doldurulmasını tapşırıb, zira masanın üstündə hakimiyyət məsələsi var.

Düşmən mən biləni bilmir və bizim parlament seçkilərinə onların əsla layiq olmadığı böyük önəm verir. 2000-ci ilin parlament seçkisinə 6-7 ay qalmış mərhum dostum professor Çapay Sultanov söhbət əsnasında dedi ki, PA-nın rəhbəri ona gələcək parlamentlə bağlı siyasi yazı tapşırıb. Çapay müəllim yazıb bildirib ki, siyasi əmin-amanlıq naminə parlamenti 95% dilsiz-ağızsız vücudla doldurmağa ehtiyac yoxdur, 75% sadiq deputat bəs edər. Dövlətin sağlam inkişafı naminə parlamentə heç olmasa 25% təmiz, vicdanlı, azad düşünən savadlı insanı seçmək lazımdır ki, dövlət zəmanənin çağırışlarına cavab verə bilsin.

Həmin vaxt PA-nın rəhbəri yazı müəllifinə dəyərli məsləhət üçün təşəkkür etmişdi.

Mən də bunu eşitcək sevindim. Vətənimi bütün səviyyələrdə xar edən anlaqsız simalar məni təhqir edirdi. Düşündüm ki, iş xatirinə ola bilsin ki, professorun məsləhəti nəzərə alınacaq.

Bundan sonra Almaniyada bir tədbirdə bir tanınmış erməni media kapitanı məndən kinayə ilə soruşdu ki, “gələcək parlamentiniz yenə qoyunlarla doldurulacaq?” Hirslə dedim ki, xeyr, 25% düşünən insanlar olacaq.

Gördüm ki, çox narahat oldu.

2000-ci ilin seçkiləri də Ramiz Ənvər oğlu Mehdiyevin siyasi mədəniyyəti çərçivəsində keçirildi.

Bir il sonra növbəti görüşdə həmin media kapitanı məndən tənə ilə soruşdu: “Hanı həmin 25 faiz savadlı və vicdanlı millət vəkiliniz?”

Susdum. Nə deyə bilərdim? Nəticə göz önündə. Şərhə ehtiyac yoxdur.

Parlamentimizin bütün tərkibləri, əgər bu quruma parlament demək caizdirsə, yalnız həqarət doğurur.

Bu seçkilərə də tamaşa edib yalnız bədbinliyə qapılıram. Namizədlər arasında tanıdığım ləyaqətli insanlar var: xalqımızın ən savadlı hüquqşünası Erkin Qədirli, savadlı iqtisadçı Natiq Cəfərli, Qarabağ münaqişəsinin canlı ensiklopediyası Kərim bəy Kərimli, gənc sülhpərvər Mir Fərəc Abasov... Yəqin yenə var, sadəcə mən onları yaxşı tanımıram.

Onların hamısına uğur diləməklə yanaşı onu da xatirimdə saxlayıram ki, qərar vermək səlahiyyətinin sahibləri olan əsl Azərbaycan siyasətçiləri Vətən ilə öz şəxsi xeyirləri arasında seçim anı yetişdikdə bir an belə tərəddüd etmədən öz xeyirlərinə üstünlük verirlər.

Baxaq görək bu dəfə nə və necə olacaq...

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/nffguq

Ən çox baxılan