Mərdəkanın Şağan qəsəbəsində kirayədə yaşayan Nuranə Səlimova 19 və 20 yaşlı iki oğlunun epilepsiyadan əziyyət çəkdiyini, buna baxmayaraq onlara əlillik təyin edilmədiyini deyir. O, ailənin sosial yardım müraciətindən də imtina cavabı aldığını bildirir.
Nuranə Səlimovanın sözlərinə görə, ailədə yalnız o işləyir. Gündə 10 saat işləyən qadın ayda 600-700 manat qazandığını deyir. Bu pulla dörd nəfərlik ailənin kirayəsini, kommunal və digər xərclərini, eləcə də oğullarının dərmanlarını qarşılamaq çətindir.
“Xəstə oğlumu hərbi xidmətə apardılar”
Nuranə Səlimovanın böyük oğlu Yusif Səlimovun epilepsiya xəstəsi olduğunu bildirsə də, hərbi xidmətə göndərildiyini deyir. Səlimovanın sözlərinə görə, oğlu hərbi xidmətdə olduğu müddətdə bir neçə dəfə səhhəti ilə bağlı problem yaşayıb.
“2024-cü il oktyabrın 17-də hərbi xidmətdə olarkən vəziyyəti pisləşib, tutma keçirib. Əllərini və ayaqlarını hərəkət etdirməkdə çətinlik çəkib. Bundan sonra müayinələrə göndərilib”, – Nuranə Səlimova deyir.
Yusif Səlimovla bağlı tibbi sənədlərdə də onun hərbi xidmətdə olarkən epileptik tutma keçirdiyi göstərilir. Həmçinin müayinələr zamanı görmə qabiliyyətinin zəiflədiyi də qeyd olunur.
Daha sonra Mərkəzi Hərbi-Həkim Komissiyası onun vəziyyətini qiymətləndirib. Komissiyanın qərarında Yusif Səlimovun həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız olduğu göstərilib.
Nuranə Səlimova deyir ki, oğlu hərbi xidmətə getməzdən əvvəl “Araz” marketdə işləyib. Xidmətdən qayıtdıqdan sonra isə xəstəliyinə görə onu yenidən işə götürməyiblər:
“Uşağı hərbi xidmətə apardılar, xəstəliyi də şiddətləndi. Qayıdandan sonra işinə də götürmədilər”.
“Nə işləyə bilirlər, nə də pensiya ala bilirik”
Nuranə Səlimovanın digər oğlu Tural da epilepsiyadan əziyyət çəkir. Ana deyir ki, hər iki oğlunun müayinələrdən keçməsinə baxmayaraq, onlara əlillik təyin edilməyib.
“İndi uşaqlar nə iş tapa bilirlər, nə də pensiya ala bilirik. Müayinələrdən keçsələr də, bildirirlər ki, pensiya düşmür. Digər tərəfdən də işlə təmin etmirlər. 19-20 yaşlarında oğlanlar mənim qazancımla yaşayırlar”, – Səlimova deyir. Əlavə edir ki, gündəlik restoranlarda ofisiant işləri də onların maddi problemlərini həll etmir. Üstəlik, bu iş onların xəstəliyi üçün ağırdır. Saatlarla ayaq üstə qalmaq onların səhhətini daha da ağırlaşdırır.
Onun sözlərinə görə, oğullarının qəbul etdiyi dərmanlara da hər ay pul xərcləyir.
“Bir dərmanın bir qutusu təxminən 10 manatdır, 10-15 günə çatır. İkisinə ayda təxminən 40 manat dərman pulu gedir. 250 manat kirayə pulu və kommunal xərclərini üstünə gələndə çatdıra bilmirəm, davamlı borca girirəm”, – o deyir.
Səlimova ailənin sosial yardım üçün də müraciət etdiyini, lakin imtina cavabı aldığını bildirir.
“İki min manat təzminatı da ala bilmirəm”
Nuranə Səlimova oğlu Tural Yusifovun hərbi xidmətə aparılması ilə bağlı məhkəməyə də müraciət edib.
Onun sözlərinə görə, məhkəmədə 10 min manat mənəvi təzminat tələb ediblər. Məhkəmə isə 2 min manat təzminat müəyyən edib.
“Razılaşdım ki, heç olmasa o 2 mini versinlər. Amma iki ildir həmin təzminatı ala bilmirəm. İndi iş Ali Məhkəmədədir”, -Səlimova deyir.
Nuranə Səlimova aidiyyəti qurumlardan oğullarına əlillik təyin edilməsini, sosial təminat məsələsinə baxılmasını və ailənin mənzil uçotuna alınmasını istəyir:
“Bu uşaqlar da bu ölkənin vətəndaşıdır. Niyə onlara pensiya verilmir? Mən nə vaxta qədər təkbaşına işləyəcəyəm, bilmirəm. Bunun bir çarəsi olmalıdır”.
Meydan TV-nin cəhdlərinə baxmayaraq məsələ ilə bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyindən, Dövlət Sosial Müdafiə Fondundan, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən, həmçinin Müdafiə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.