“Onların Mərkəzi Afrika Respublikasında strategiyası qızıl, almaz yataqlarını talamaq, uşaq və qadınlar da daxil olmaqla dinc əhalini öldürməkdir”
Amerikalı aktyor Corc Kluni Mərkəzi Afrika Respublikasında “Vaqner” özəl hərbi şirkəti ilə mübarizəyə çağırış edib.
Afrikadakı silahlı münaqişələrin sponsorları ilə mübarizə üçün “The Sentry” layihəsinin həmtəsisçisi olan Kluni “Vaqner” üzvlərinin Afrikanı çapıb-taladığını günahsız insanların həyatına son qoyduğunu bildirib:
“Onların Mərkəzi Afrika Respublikasında strategiyası qızıl, almaz yataqlarını talamaq, uşaq və qadınlar da daxil olmaqla dinc əhalini öldürməkdir. Müstəntiqlər Mərkəzi Afrika Respublikası əsgərlərini və “Vaqner” komandanlıq zəncirindən olan hərbçiləri sorğu-suala tutublar. Məlum olub ki, “Vaqner”çilərə işgəncə – əl və ayaqları kəsmək, dırnaqları çıxarmaq, insanları boğmaq və diri-diri yandırmaq üzrə təlim keçiblər”, – Kluni bildirib.
Kluninin sözlərinə görə, ABŞ, Avropa İttifaqı “İŞİD” və “Əl-Qaidə” ilə mübarizə təcrübəsinə əsaslanaraq, “Vaqner”in biznes imperiyasını ləğv etməyə yönəlmiş xüsusi koalisiya yaratmalıdır.
Aktyor özəl hərbi şirkətin maliyyə və hüquqi məsuliyyətə cəlb edilməsinin vacibliyini də vurğulayıb:
“Mərkəzi Afrika Respublikası və digər Afrika ölkələrinin hakimiyyət orqanları ilə əlaqəli təşkilatlara, o cümlədən onları dəstəkləyən hüquqşünaslara və maliyyəçilərə qarşı sanksiyaların sərtləşdirilməsi “Vaqner”lə gələcək ittifaqları düşünənlərə çəkindirici təsir göstərə bilər. Bu olmasa, “Vaqner” virusu sağ qalacaq”, – deyə aktyor bildirib.
İyulun 13-də “Vaqner” özəl hərbi şirkəti muzdlularının bir qrup qızıl mədənçilərini Çindən Mərkəzi Afrika Respublikasına təxliyə etdiyi bildirilir. Təxliyə əməliyyatının “Vaqner”in resurslarla zəngin Afrikada biznesini genişləndirməklə əlaqəli olduğu deyilir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Afrika ölkələrinə müəyyən şərtlərlə dəvət edilmiş “Vaqner” bölmələrinin hakimiyyətlə heç bir əlaqəsi yoxdur:
“Rusiya dövlətinin bir çox Afrika dövləti ilə hərbi-texniki əməkdaşlıq sahəsində öz münasibətləri var. Lakin Afrika ölkələrinin hakimiyyət orqanlarının bu “Vaqner”lə bağladığı müqavilə şərtlərinin bizə aidiyyəti yoxdur”, – nazir vurğulayıb.