“Anna, Ukraynada xeyriyyə konserti verməyə nə deyirsən?” şüarı səsləndirilib
Opera müğənnisi Anna Netrebkonun konsertinin keçirildiyi Regensburq şəhərindəki binanın girişi önündə onun Almaniyada çıxışına etiraz edən otuz nəfərin iştirakı ilə aksiya keçirilib.
Etirazçıların əllərində “Anna, Ukraynada xeyriyyə konserti verməyə nə deyirsən?”, “Rusiya mədəniyyətinin şübhəli nümayəndələrinə dəstək yoxdur” yazılan şüarlar olub.
Konsertdən sonra Anna Netrebko “İnstagram” səhifəsində etirazçılara cavab verib.
Otuz nəfər etirazçıya qarşı onu dinləməyə gələn 3 min nəfərin olduğunu qeyd edib.
Azərbaycanın Xalq artisti Yusif Eyvazov Almaniyada keçirilən konserti “dostluq, qarşılıqlı anlaşma və böyük sənətə hörmət gecəsi” hesab etdiyini deyib.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Həmin tarixdən etibarən Avropa İttifaqı ölkələri, həmçinin Böyük Britaniya, ABŞ, Kanada və digər ölkələr Rusiyaya müxtəlif sanksiyalar tətbiq edir.
Həmçinin bir sıra beynəlxalq musiqi, film şirkətləri, o cümlədən, teatrlar, kinostudiyalar Rusiya və sənətçiləri ilə əməkdaşlığı dayandırıb.
Amerikanın Metropoliten-opera Teatrı isə Anna Netrebko ilə əməkdaşlığını Ukraynadakı hərbi əməliyyatlara görə dayandırıb.
Teatr rəhbərliyi opera ifaçısını Prezident Vladimir Putinin Ukraynada həyata keçirdiyi hərbi müdaxiləni pisləmədiyi üçün səhnədən uzaqlaşdırıb.