“Rusiyanın gələcəyi Royzman kimi insanların əlindədir”
Yekaterinburqun Oktyabrski Rayon Məhkəməsində Rusiya ordusunu gözdən salmaqda ittiham olunan keçmiş mer Yevgeni Royzmanın cinayət işi üzrə üçüncü məhkəmə iclası keçirilib.
İclasda Royzmanın vəkilləri işə Rusiyanın birinci prezidentinin həyat yoldaşı Naina Yeltsinanın, Xalq artisti, müğənni Alla Puqaçovanın, hüquq müdafiəçisi Yeva Merkaçovanın və jurnalist Aleksey Venediktovun verdiyi rəylərin əlavə olunmasını xahiş ediblər.
Hakim Alla Puqaçovanın şikayətini prosessual olmadığı üçün araşdırmaqdan imtina edib.
Müğənnin müraciət sonradan Rusiya mətbuatında yayımlanıb.
Alla Puqaçova müraciətində hakimlərdən ədalətli qərar çıxarmağı xahiş edib:
“Ümid edirəm ki, hazırda ölkədə baş verən prosesləri siz də izləyirsiniz. Bəli, siz çətin bir qərarla üz-üzəsiniz. Amma Yevgeni Royzmana haqq qazandırmaqdan və onu azad etməkdən qorxmayın. Ölkədəki vəziyyət, bizə boz, lal kütləyə çevrilməmək üçün hansı insanlara dəstək etmək lazım gəldiyini göstərir”.
Alla Puqaçova deyib ki, Rusiyanın gələcəyi Royzman kimi insanların əlindədir:
“Çünki Royzman kimi insanlar təkcə öz bölgəsinin deyil, həm də bütün ölkə vətəndaşlarının mənafeyi üçün yaşayır. Bəli, Royzman mühakimələrində birbaşa adamdır. Bəlkə də, o, ritorikasını yumşaltmalı idi. Lakin buna çətin ki məhkəmə qərar versin. Bu, onun ölkənin gələcəyi üçün narahatlığından irəli gəlirdi”.
“Mən seçkilərdə onu dəstəkləmişdim və buna görə də peşman olmamışdım. Yekaterinburqlular hamısı çox yaxşı bilirlər ki, heç vaxt rüşvət almayan, hər bir şəhər sakininin qəbuluna yazıla bilən bir merləri var idi və o, hamıya kömək etməyə çalışırdı. Sizdən xahiş edirəm ki, qərar verərkən, yazdıqlarımı nəzərə alasınız”, – deyə Puqaçova qeyd edib.
2022-ci ilin fevralında Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
Bununla bağlı fikirlərini bildirən Royzman “Ukraynanın işğalı” cümləsinə görə 2022-ci ilin avqustunda saxlanılıb.
Onun barəsində Rusiya Cinayət Məcəlləsinin 280.3-cü maddəsi (silahlı qüvvələrin istifadəsini gözdən salmağa yönəlmiş ictimai hərəkətlər) ilə cinayət işi açılıb.
Bu maddə ilə maksimum cəza beş ilədək azadlıqdan məhrum etmədir.
Hakimin qərarı ilə Royzmana nisbətən yüngül cəza verilib.
Keçmiş mer 260 min rubl (3245 dollar) məbləğində cərimə olunub.
Yevgeni Royzman 2013-2018-ci illərdə Yekaterinburqun meri olub.
O, siyasətçi olmaqla yanaşı, şair və sahibkar kimi də tanınır.
Rusiya Ukraynada hərbi əməliyyatlara başlayandan sonra aktyor Maksim Qalkin və onun həyat yoldaşı Alla Puqaçova övladları ilə birlikdə İsrailə köçüblər.
Hər iki sənətçi dəfələrlə Rusiyanın Ukraynada başlatdığı müharibəni pisləyiblər.
Bundan sonra Rusiya mətbuatında Maksim Qalkinə qarşı cinayət işi açıla biləcəyi ilə bağlı məlumatlar yayılıb.
Alla Puqaçova da Maksim Qalkinə görə Rusiya hökumətinə xəbərdarlıq edib.
“Maksimə qarşı iş açsalar, o zaman danışmağa başlayacağam və susmayacağam”, – Puqaçova deyib.