Ali Məhkəmə Qiyas İbrahimovun şikayətini təmin etmədi

Vəkil: ”Qiyasın narkotik ittihamı ilə heç bir əlaqəsi yoxdur”

Source:
Qiyas İbrahim (illüstrasiya)
Qiyas İbrahim (illüstrasiya)


Vəkil: ”Qiyasın narkotik ittihamı ilə heç bir əlaqəsi yoxdur”

Noyabrın 30-da Ali Məhkəmədə Heydər Əliyevin postamentinə “Qul bayramınız mübarək!” şüarı yazıldıqdan sonra həbs edilən gənc fəal Qiyas İbrahimovun  şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Ağır Cinayətlər Məhkəməsi Qiyas İbrahimovu 10 il müddətinə azadlıqdan məhrum edib. Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxladığından Ali Məhkəməyə kassasiya şikayəti verilib.

Hakim İnqilab Nəsirovun sədrlik etdiyi iclasda Q.İbrahimovun vəkili Zibeydə Sadıqova çıxış edib. Bildirib ki, narkotik ittihamı saxtadır və Q.İbrahimov başqa məsələyə görə həbs edilib:

“İstintaq dövründə Qiyasdan işgəncə və təzyiq altında etirafedici ifadə alıblar. Bakı Ağır Cinayətlər Məhkəməsində və Bakı Apelyasiya Məhkəməsində bir sıra vəsatətlər verdik. Lakin məhkəmə bizim vəsatətləri təmin etmədi. Biz məhkəmə qərarı ilə razı deyilik. Hesab edirik və bu, belədir ki, Qiyasın narkotik ittihamı ilə heç bir əlaqəsi yoxdur. Onun tutulmasınım motivi başqadır. Tutulduğu vaxtdan  heç bir hüquqları təmin edilməyib, vəkili olmayıb, hal şahidləri iştirak etməyib. Bakı Apelyasiya Məhkəməsi sonuncu instansiyadır ki, araşdırma aparmalıdır. Çünki Ali Məhkəmədə araşdırma aparılmır. Biz dəfələrlərlə vəsatət verdik, lakin təmin edilmədi. Xahiş edirəm Qiyasın barəsində bəraət hökmü çıxarılsın və Avropa İnsan Hüquqları Konvensiyasının maddələrinin pozulması tanınsın”.

Müşavirədən sonra hakim qərarı elan edib. Qərara görə şikayət təmin edilməyib.

Qiyas İbrahimov və Bayram Məmmədov mayın 10-da Heydər Əliyevin postamentinə “Qul bayramınız mübarək!” şüarı yazıldıqdan sonra saxlanılıblar. Onların hər iki narkotik vasitə dövriyyəsində ittiham olunub. Hüquq-mühafizə orqanları onların üzərindən və evlərindən narkotik vasitə tapılması haqqında məlumat yayıblar. Hər iki şəxsin cinayət işi üzrə istintaq araşdırması və məhkəmə prosesi ayrı-ayrılıqda keçirilib. Onların hər ikisi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Q.İbrahimov və B.Məmmədov ittihamları qəbul etmirlər. Onlar heykələ şüar yazdıqlarına görə, şərlənərək həbs olunduqlarını, ittihamların saxta olduğunu və istintaq zamanı təzyiqə məruz qaldıqlarını deyirlər. Beynəlxalq təşkilatlar hər iki gənci vicdan məhbusu kimi tanıyıb.

Ana səhifəXəbərlərAli Məhkəmə Qiyas İbrahimovun şikayətini təmin etmədi