Ali Məhkəmə Afət Fərmanqızının şikayətini rədd edib

Foto: Afət Fərmanqızının şəxsi arxivindən

İttiham sübuta yetirilərsə, Afət Fərmanqızını 3 ilədək həbs cəzası gözləyir

Xalq artisti Flora Kərimovanın şikayəti əsasında, müğənni Afət Fərmanqızı (Həsənova) barəsində axtarış elan edilməsi ilə bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

Flora Kərimovanın vəkili Xavər İsmayılova Meydan TV-yə bildirib ki, Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə baxılan iş üzrə qərara əsasən, Afət Fərmanqızı barəsində axtarış qərarı qüvvədə qalıb.
2022-ci il martında Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdi.

Flora Kərimova müğənnini Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə ittiham edirdi.

İttiham sübuta yetirilərsə, Afət Fərmanqızını 3 ilədək həbs cəzası gözləyir.

Müğənni Afət Fərmanqızı məhkəməyə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandırılaraq, onun barəsində həbssiz axtarış elan olunmuşdu.

Binəqədi Rayon Məhkəməsinin qərarından narazı qalan Afət Fərmanqızı apelyasiya şikayəti vermişdi.
Bakı Apelyasiya Məhkəməsi Binəqədi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlamışdı.

Afət Fərmanqızının şikayəti təmin olunmadığı üçün Ali Məhkəmə kasasiya şikayəti verib.

Ali Məhkəmə müğənnin şikayətini təmin etməyib və Binəqədi Rayon Məhkəməsi tərəfindən seçilmiş axtarış qərarı qüvvədə qalıb.

İnsident Afət Fərmanqızının 2019-cu ildə İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlini mahnı kimi oxumasından sonra başlayıb.

Flora Kərimova müğənnini ifasına görə tənqid edib.

Afət Fərmanqızı da “İnstagram” səhifəsində Flora Kərimova ilə bağlı sərt fikirlər söyləyib.

Bu da tərəflər arasında qalmqalın yaranmasına səbəb olub.

Ana səhifəXəbərlərAli Məhkəmə Afət Fərmanqızının şikayətini rədd edib