Aktyorların mitinqdə iştirakı qalmaqal yaradıb

Ayşad Məmmədov: ”Siyasətə qarışmaq istəmirəm”

Source:


Ayşad Məmmədov: ”Siyasətə qarışmaq istəmirəm”

Akademik Milli Dram Teatrında oktyabrın 17-də oynanılan “Almaz” tamaşasında Əməkdar artist, aktyor Ayşad Məmmədovun yerinə səhnəyə başqa aktyor çıxarılıb.

Bu barədə Ayşad Məmmədov kulis.az-a bildirib ki, həmin gün “Almaz”da Ocaqqulunu oynamalı olduğu halda, truppa müdiri zəng edib onun yerinə Ramin Şıxəliyevin səhnəyə çıxacağını deyib:

“Mən işdən azad olunmağım haqda ərizə yazmışam, amma bunu istəmədən yazmışam. Rəhbərliyə də demişəm. Onlar da nəzərə alacaqlarını deyiblər. Amma hər hansı bir əmr olmadan rollarımı bölüşdürüblər. “Qətibə İnanc”da məşq etdiyim Sultan Toğrul rolunu da başqa aktyor Kazım Abdullayevə veriblər. Mən öz işini də, dövlətini də sevən adamam və dövlətə qarşı hansısa çıxış etdiyim də olmayıb”.

Aktyor Ayşad Məmmədov Meydan TV-ə danışmaq istəmədi.

Milli Akademik Dram Teatrının aktyoru, əməkdar artist  Abbas Qəhrəmanov AzadliqRadiosuna mitinqdə iştirakını təsdiqləyib:

“Mitinq olub-olmayacağından xəbərim yox idi. Dostum dedi ki, “gedək baxaq, görək nə baş verir, bugünkü dövrdə nəylə bağlıdır”. Bilirəm nəylə bağlıdır, hər şey aydındır, məndə informasiya var. Amma başım yaradıcılıqla məşğuldur. Sadəcə belə səs-küyə düşdü, açığı, təəccüb etdim”.

Aktyor bildirib ki, o, siyasətlə 15-20 ildir məşğul olmur:

“Bunu laqeydlik kimi başa düşməyin, xahiş edirəm. Sadəcə bu, işimdə məni “nikuda” aparır. Mən sənətimdə özümü daha yaxşı hiss edirəm, sözümü daha sərbəst, daha yaxşı deyirəm. Yəqin, məni yaxşı tanımırlar. Əlbəttə, imkanım var, gedib sərbəst şəkildə mitinqə baxa da bilərəm, orada iştirak da edə bilərəm. Ancaq bu yanaşma məni üç-dörd gün düşünməyə vadar etdi. Yəqin, ola bilər, tanınmış adamam, bəlkə buna görə hərəkətlərimə baxmalıyam, ölçüb-biçməliyəm. Müxtəlif qüvvələr var, müxtəlif fikrilər var, siyasət bir az qəliz məsələdir, qarışmaq istəmirəm. Bunu necə qiymətləndirirlər, mənə qarşı necə münasibət var, öz işləridir.

Səmimi deyirəm ki, öz işimlə, sənətimlə, rollarımla rahat, ürəklə məşğul olmaq istəyirəm və buna imkan yaratmalarını istəyirəm. İcazə versinlər, yenə istədiyim kimi, bildiyim kimi yaşayım. Düzdür, heç kəs də narahat etmir. Mənə mitinq lazım olsaydı, ora dəfələrlə gedərdim, fikirlərimi bölüşərdim. Mən çəkinmirəm. Amma buna ehtiyac yoxdur”.

Oktyabrın 7-də Bakının Yasamal rayonu ərazisində “Məhsul” stadionunda Milli Şuranın təşkil Bakı şəhər icra hakimiyyəti ilə razılaşdırılmış mitinqində bir neçə aktyorun iştirak etməsinə Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev reaksiya verib. Jurnalistlərlə söhbətində nazir bildirib ki, dövlət mükafatlarını almış bəzi insanlar bu yaxınlarda gedib dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar.

“Bu, heç bir mədəniyyət işçisinin daxili dünyasının zənginliyinə uyğun deyil. Əgər dövlət bizim əməyimizi qiymətləndirirsə, biz də onu qiymətləndirməliyik. Axırıncı baş verənlər olduqca təəssüfləndirici haldır”.

Ana səhifəXəbərlərAktyorların mitinqdə iştirakı qalmaqal yaradıb