Zülfiyyə Qurbanova: “Nə zamana qədər aktyorları az qonorarla işlədəcəklər?”
2023-cü il aprelin 20 və 21-də “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda kino forumu keçirilib.
Azərbaycan kinosunun hazırkı problemləri müzakirə olunub, fikir və təkliflər səsləndirilib.
Aktrisa Zülfiyyə Qurbanova Meydan TV-yə deyir ki, forum müzakirələri zamanı kinoaktyorların qonorar probleminə toxunulmayıb.
Aktrisa hesab edir ki, Azərbaycan kino sənayesində istər özəl, istərsə də dövlət büdcəsindən aktyorlara ayrılan qonorar çox azdır.
Onun sözlərinə görə, bu istiqamətdə işlər görülməli, xüsusi qurum yaradılmalıdır:
“Forumda toxunulacaq vacib məsələlərdən biri də aktyorların qonorar məsələsi idi. Bundan yan keçdilər. Çəkildiyimiz film və seriallara görə aldığımız qonorar azdır və bizi qətiyyən qane etmir. Nə zamana qədər aktyorları az qonorarla işlədəcəklər? Qurum yaradılsın, aktyorların qonorarları müzakirə olunsun. Bundan sonra bəlli bir büdcə müəyyən edilsin ki, kimsə də məni kinoya çəkilməyə çağıranda, ürəyi istəyən qiyməti deməsin”.
Aktrisanın sözlərinə görə, Azərbaycanda il ərzində çəkilən film və serialların sayı az olduğu üçün aktyorlar bəzən az qonorarlı təklifi də qəbul etmək məcburiyyətində qalırlar:
“Əslində, aktyor hansısa film və ya seriala çəkilmək təklifi alanda, bütün dünyada olduğu kimi qonorarını özü müəyyən etməlidir. Azərbaycanda isə bu belə deyil. Filmin maliyyəsini kim ayırırsa, qonorarı da o, müəyyən edir. Aktyor, sadəcə, beş aşağı, üç yuxarı qiymət oynada bilər”.
Zülfiyyə Qurbanova qeyd edir ki, əksər həmkarları qonorın aşağı olması haqda danışmaqdan çəkinirlər:
“Qorxurlar ki, qonorar mövzusu ilə əlaqədar fikir bildirərəm, hansısa rejissor məni kaprizli hesa edib, filminə çəkməz. Dövlət büdcəsindən maliyyələşən filmlər üçün də çox az qonorar təklif olunur”.
Aktrisanı narahat edən digər bir məsələ də maliyyə məsələlərinin birbaşa özünün həll etməsi ilə əlaqədardır:
“Azərbaycanda aktyorların meneceri yoxdur. Aktyorlar az qonorar aldıqları üçün menecerə faiz ödəyə bilmirlər. Aktyor və aktrisalar hamısı qonorarla bağlı söhbətləri özləri aparırlar. Əslində, bizim işimiz kamera önündə rolumuzu oynamaqdır. Mən işin maddi tərəfini düşünməli, kiminləsə üz-göz olub, qonorar danışmalı deyiləm. Ona görə də qurum yaradıb, konkret büdcə müəyyən edilməlidir ki, aktyorlar da qonorar söhbətinə girib, üz-göz olmasınlar. Utana-utana, sıxıla-sıxıla qiymət qaldırmasınlar”.