“Dostlar” Teatrı onun ölümünü Nazım Hikmətin “Əlvida” şeirinin sətirləri ilə açıqlayıb
Türkiyədə siyasi teatrın simalarından olan, aktyor, ictimai xadim Genco Erkalın 86 yaşında leykoz xəstəliyindən (qan xərçəngi) həyatını itirdiyi bildirilir.
Erkalın vəfatı özünün yaratdığı “Dostlar” Teatrının sosial media hesabında paylaşılan türk şair-yazıçı Nazım Hikmətin “Əlvida” şeirinin sətirləri ilə açıqlanıb.
Sənətçilər, siyasətçilər sosial mediada Genco Erkalın vəfatı ilə əlaqədar başsağlığı mesajları paylaşıblar.
Bəstəkar və pianoçu Fazıl Say, “Genco Erkal bu səhər dünyasını dəyişdi. Ən böyük sənətkarımızı itirdik. Başsağlığı veririk. Ömrü boyu işıq saçdı, məkanı cənnət olsun. Təkbaşına mübarizənin ən böyük qəhrəmanı idi. Ondan çox şey öyrəndim. Türkiyə onunla daha böyük idi”, – deyə paylaşım edib.
Türkiyə Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy, həmçinin İstanbul Böyükşəhər Bələdiyyə Başqanı Əkrəm İmamoğlu da sənətkarın ölümü ilə bağlı başsağlı postu paylaşıb.
Genco Erkal kimdir?
Genco Erkal 1938-ci il martın 28 doğulub.
1960-cı ildə peşəkar teatr fəaliyyətinə başlayıb.
1965-ci ildə rus yazıçısı Nikolay Qoqolun “Dəlinin gündəliyi” hekayəsini teatra uyğunlaşdırıb. Bu, Qərb mətni əsasında Türkiyədə səhnəyə qoyulan ilk təkadamlıq tamaşa idi.
İllər ərzində üç fərqli yozumda ifa etdiyi əsər onunla sinonimləşib. Bununla da Genco Erkal tək adamlıq tamaşaların ustası kimi tanınıb.
Erkal 1969-cu ildə “Dostlar” Teatrını təsis edib.
O, Əziz Nesindən Haldun Tanerə, Nazım Hikmətdən Behiç Ak və Yaşar Kamala kimi bir çox yazarın əsərlərini səhnəyə uyğunlaşdırıb.
1982-ci ildə “At” və 1983-cü ildə “Faizə Hücum” filmlərinə görə “Antalya” Film Festivalında “Ən yaxşı aktyor” kateqoriyasında iki dəfə “Qızıl portağal” alıb.
1993-1998-ci illər arasında Parisdə üç tamaşada çıxış edib. Bunlar türk şair-yazıçı Nazım Hikmətin “Sevgili Bulud”, fransız teatr yazıçısı Filip Minyananın “Hara gedirsən, Jeremi?” və braziliyalı yazıçı Paulo Koelyonun “Kimyagər” romanı əsasında hazırlanan tamaşalar olub.
Genco Erkal istimai-siyasi baxışları ilə də tanınıb.
Sosial mediada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəfə alan paylaşımlar edib.
“Prezident idarə sistemi yetərincə deyil. Türk üslubunda çobanlıq sistemi olsun”, – Erkal 2016-cı il noyabrın 16-da yazdığı statusunda belə deyib.
2020-ci il avqustun 16-da isə Rizədə yerləşən Aydər Yaylasındakı tikinti işlərinin aparılmasına etirazını bildirib:
““Ərdoğan: “Aydər Yaylasındakı işləri 2022-ci ilə qədər tamamlamağı hədəfləyirik”. Vay, gözəl təbiət möcüzəsi Aydər Yaylasını bitirməyə qərar verdi. Barmağının toxunduğu yeri betonlayır və qurudur”.
Statuslarına görə ona qarşı “Prezidenti təhqir etmək” ittihamı ilə 1 il 2 aydan 4 il 8 aya qədər həbs cəzası tələb edən iddianamə hazırlanıb.
Genco Erkal prokurora ilk ifadəsində statuslarının təhqir deyil, tənqid adlandırıb.
“Heç vaxt təhqirə əl atmamışam. Bunun mənə yaraşdığını düşünmürəm. Dünyəvi ölkədə prezident idarə sisteminin, ekoloji qırğınların, dindən daim siyasi material kimi istifadə edilməsinin, ifadə azadlığının məhdudlaşdırılmasının, insanların fikrinə görə həbs edilməsinin və kasıbı daha da kasıblaşdıran bir sistemin əleyhinəyəm. İttiham aktı qəbul olunarsa, məhkəmədə yalnız özümü deyil, həm də cümhuriyyətin təməl dəyərlərini, təbiəti, demokratiyanı, insan haqlarını və ifadə azadlığını müdafiə edəcəyəm. Mənə bu imkanı yaratdığına görə onlara təşəkkür edirəm”, – aktyor deyib.
Sənətçinin məhkəmə prosesi 2021-ci ildə İstanbul 16-cı Ağır Cəza Məhkəməsində keçirilib.
2022-ci ildə prokurorluq üçüncü məhkəmə iclasında Genco Erkalın bəraət qazanmasını istəyib.
Bu dəfə prokuror ölkə konstitusiyasının fikir ifadə etmək və yaymaq azadlığı ilə bağlı 26-cı maddəsinə və Avropa İnsan Haqları Məhkəməsinin müvafiq məhkəmə təcrübəsinə əsasən Erkalın siyasi postlar yazmasını təbii olduğunu bildirib.
Bu rəyə uyğun olaraq da Genco Erkal bəraət alıb.