Ekspert gənclərin namizədliyini məqsədəuyğun sayır
Birləşən iki kino ittifaqının birgə qurultayı gözlənilir.
Bu barədə Meydan TV-yə Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi Əli İsa Cabbarov məlumat verib.
Onun sözlərinə görə, idarə heyətinin keçirdiyi iclasda yekdilliklə Xalq artisti, aktyor AKİ-nin sədri Rasim Balayevin namizədliyi irəli sürülüb.
“Qurultayın noyabrın 18-dən sonra bu ayın 25-dən gec olmayaraq keçirilməsi planlaşdırılır. Analoji namizədi alternativ ittifaqın idarə heyəti də irəli sürə bilər. Fərdi qaydada namizədlər də müraciət edə bilərlər. Biz birləşdirici sima kimi Rasim Balayevi görürük. Onun ətrafında hər iki ittifaqın komandasının birləşəcəyinə əminik”, – Əli İsa Cabbarov deyib.
Azərbaycan Republikası Kinematoqrafçılar İttifaqından (ARKİ) Meydan TV-yə bildirilib ki, idarə heyətinin iclası yaxın günlərdə keçiriləcək və bununla bağlı mətbuata məlumat veriləcək.
Mədəniyyət sahəsi üzrə ekspert Fikrin Bektaşi Meydan TV-yə deyir ki, seçkilərdə gənc namizədlərin də iştirakı məqsədəuyğundur:
“İdarəetmə və ictimai fəaliyyətlə məşğul olan fəal gənclər var, yaxşı olar ki, onlar da bərabər hüquqlu üzv kimi öz namizədlərini müəyyən etsinlər və onu da seçkidə təqdim etsinlər. İki təşkilatın sədrləri isə “fəxri” sədr kimi müəyyən məsələlərdə və müəyyən müddətdə “veto” (məhdud məsələlərdə qadağa tətbiq etmək) hüququnu özlərində saxlasınlar. Məncə, bu idarəetmə yeni təşkilatın inkişaf dinamikasına müsbət təsir göstərəcək”.
Fikrin Bektaşi həmçinin hesab edir ki, birləşən ittifaqın adı üzərində də fikirləşmək lazımdır.
“İngilis dilində “kinematoqrafçı” sözünün tərcüməsi “operator” və ya son zaman geniş səsləndirilən “təsvir rejissoru”dur, “ittifaq” isə daha müasir sözlə əvəz oluna bilər”, – ekspert deyib.
2023-cü il iyulun 26-da AKİ-nin İdarə Heyəti ARKİ ilə vahid ad altında birləşmək məqsədli bəyanat yayıb.
Bəyanatda deyilib ki, eyni adda iki qurumun fəaliyyət göstərməsi kinematoqrafçılar arasında həmrəyliyə, ümumilikdə Azərbaycan kinosunun inkişafına ciddi mane olur.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) 1963-cü ildə təsis edilib.
1981-ci ildən quruma Xalq artisti, ssenarist Rüstəm İbrahimbəyov rəhbərlik edib.
2012-ci ildə Rüstəm İbrahimbəyovun siyasi baxışlarına görə İttifaq Hökumət Evindəki ofisindən çıxarılıb.
Müxalif siyasi qüvvələrin birləşdiyi Milli Şura 2013-cü ilin prezident seçkisində Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürəndən sonra isə AKİ-də ciddi problemlər yaranıb.
Rüstəm İbrahimbəyov Moskvaya gedəndən sonra İttifaqın fəaliyyəti dayanıb. Bir neçə ildən sonra İttifaq yenidən fəaliyyətini bərpa edib.
2022-ci ilin martında Rüstəm İbrahimbəyov vəfat edib.
Ardınca AKİ-də qurultay keçirilərək, sədr postuna Xalq artisti, aktyor Rasim Balayev gətirilib.
ARKİ isə 2012-ci ildə AKİ-yə alternativ olaraq yaradılıb.
Həmin ildən İttifaqa Xalq artisti, aktrisa Şəfiqə Məmmədova rəhbərlik edir.
2022-ci ildə ARKİ bəyanat yayaraq, idarə heyətinin qərarı ilə Şəfiqə Məmmədovanın yenidən İttifaqa sədr seçildiyini açıqlayıb.
Bu, kino ictimaiyyəti arasında narazılığa səbəb olub.
Bildirilib ki, Şəfiqə Məmmədova qurultay keçirilmədən yenidən sədr seçilə bilməz.
Qarşı tərəf isə iradları cavabsız buraxıb.