Hələ sənədin yekunlaşmadığı bildirilir
Avropa İttifaqı Rusiyanın taxıl idxalına tariflər tətbiq edə bilər.
Bu barədə “Reuters” mənbələrinə istinadən yazıb.
Məlumatda bildirilir ki, Avropa İttifaqı fermerləri və bəzi üzv dövlətləri sakitləşdirmək üçün Rusiya və Belarusdan taxıl idxalına tariflər tətbiq etməyə hazırlaşır.
“Financial Times” nəşri daha öncə bildirmişdi ki, Avropa Komissiyası Rusiya və Belarusdan gələn dənli bitkilərin hər tonu üçün 95 avro (103,26 ABŞ dolları) rüsum, yağlı toxumlar və ondan əldə edilən məhsullara isə 50 faiz rüsum təklifi haqqında düşünür.
Bir AB rəsmisi rəqəmlərin “təxminən doğru” olduğunu bildirib. Lakin hələ sənədin yekunlaşmadığını da deyib.
Mənbələr bildiriblər ki, tariflər 27 üzvlü Avropa İttifaqında istifadə üçün nəzərdə tutulan taxıllara şamil ediləcək və taxılların blok vasitəsilə digər ölkələrə tranzitinə şamil edilməyəcək.
Bu addım Avropa İttifaqı üzrə fermerlərin iqlim dəyişikliyi ilə mübarizə üçün blokun Yaşıl Sövdələşmə planı ilə onlara tətbiq etdiyi məhdudiyyətlərə dəyişiklik edilməsini və Rusiyanın işğalından sonra Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına gömrük rüsumlarının yenidən tətbiq edilməsini tələb etdiyi bir vaxtda atılıb.
Bir çox Avropa ölkələrində son zamanlar fermerlərin etirazları kütləvi hal alıb.
Polşanın Baş naziri Donald Tusk Avropa Parlamentində mövzu ilə bağlı müzakirələrdə bir çox Aİ qanunvericiləri kimi, birliyi Rusiya və Belarus kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoymağa çağırıb.
Avropa Komissiyasının məlumatlarına görə, 2023-2024-cü illərdə Rusiyadan ümumi taxıl və yağlı bitki idxalı fevralın sonuna 1,8 milyon metrik ton, Ukraynadan 19,1 milyon ton təşkil edib.
Ukraynalı mənbə Rusiya taxılının həcminin Avropa qiymətlərinə təsir edəcək qədər böyük olmadığını desə də, Kiyev Aİ-ni Rusiyadan ərzaq idxalına tam qadağa qoymağa çağırıb.