Aİ–Azərbaycan münasibətləri: enerji əsas, insan hüquqları arxa planda

Azərbaycan və Avropa İttifaqı. Foto: motioncenter/shutterstock

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasındakı münasibətlərin son illərdəki istiqaməti ilə bağlı yeni hesabat yayımlanıb.

“Prinsipləri alverə çevirmək: Azərbaycanda insan hüquqları böhranı – Avropa İttifaqı enerji və geosiyasəti üstün tutur” adlı sənəddə bildirilir ki, Aİ Azərbaycanla əməkdaşlıqda insan hüquqları, demokratiya və hüququn aliliyi kimi prinsipləri getdikcə daha çox enerji təhlükəsizliyi və geosiyasi hesablamalara tabe edir.

Sənəd Aİ-nin Bakıya münasibətdə dəyərlər əsaslı siyasətdən uzaqlaşaraq getdikcə daha çox enerji və geosiyasi maraqlara üstünlük verdiyini iddia edir.

Hesabata görə, bu dönüşün ən simvolik məqamlarından biri Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallasın 2025-ci ilin aprelində Bakıya səfəri olub. Məlumata əsasən, səfər zamanı insan hüquqları məsələsi demək olar ki, dilə gətirilməyib və bu, Bakıda Aİ-nin siyasi xəttində yumşalma kimi qiymətləndirilib.

Hesabat müəllifləri vurğulayırlar ki, Aİ-nin bu susqunluğu Azərbaycanda daxili siyasi vəziyyətin tarixdə görünməmiş dərəcədə sərtləşdiyi dövrə təsadüf edir. Sənəddə qeyd edilir ki, ölkədə avtoritar idarəçilik daha da möhkəmlənib, siyasi məhbusların sayı rekord həddə çatıb, müstəqil media isə “demək olar ki, tamamilə sıradan çıxarılıb”.

Kampaniyanın Rəhbər Komitəsinin üzvü, hüquqşünas Səməd Rəhimli ölkədəki mənzərəni belə təsvir edir:

“Azərbaycan müstəqil vətəndaş cəmiyyətini, medianı və müxalif siyasətçiləri məhdudlaşdırıcı qanunvericilik, cinayət təqibləri və polis zorakılığı ilə susdurub. İnsan hüquqları müdafiəçiləri, vəkillər, jurnalistlər, siyasətçilər və fəallar özbaşına həbslər, qarayaxma kampaniyaları, məcburi etiraflar və qanunların sui-istifadəsi ilə üzləşirlər. Ən azı 400 siyasi məhbusla Azərbaycan Avropa Şurasına üzv olduğu gündən bəri ən yüksək göstəriciyə çatıb”.

Hesabatda qeyd edilir ki, Aİ Azərbaycanla münasibətləri yaxınlaşdırmağa çalışdığı bir vaxtda, ölkədə repressiya yeni mərhələyə keçib və həbslər genişlənib.

Sənəddə Aİ-nin 2022-ci il enerji Memorandumunu insan hüquqları dialoqunun zəiflədiyi şəraitdə imzalaması tənqid olunur. Kampaniyanın Rəhbər Komitəsinin üzvü Zöhrab İsmayıl bildirir:

“2022-ci ildən sonra təbii qaz, Orta Dəhliz və bağlantılılıq məsələləri Aİ–Azərbaycan münasibətlərinə dominantlıq etməyə başladı. Azərbaycan Aİ-nin enerji idxalında kiçik paya malik olsa da, diversifikasiya siyasəti Bakının təsir imkanlarını artırdı. Bu isə enerji əməkdaşlığını Azərbaycanın dərinləşən avtoritarlaşmasından faktiki olaraq ayırdı”.

Hesabat müəllifləri xatırladırlar ki, Aİ Azərbaycanın ən böyük ixrac bazarı və əsas investorlarından biridir. Buna baxmayaraq, bu təsir vasitələrinin insan hüquqları ilə bağlı real təzyiq mexanizmlərinə çevrilmədiyi deyilir.

Sənəddə Aİ institutları arasında yanaşma uyğunsuzluqları da vurğulanır. Avropa Parlamentinin sərt şərtlilik, sanksiyalar və enerji memorandumunun dayandırılması kimi addımları dəstəklədiyi, bunun əksinə olaraq Avropa Komissiyası və Aİ-nin Xarici Fəaliyyət Xidmətinin əməkdaşlığı davam etdirməyə üstünlük verdiyi qeyd olunur. Müəlliflərə görə, bu “dissonans” Bakıya Aİ-nin prinsipial xətt formalaşdırmaqda çətinlik çəkdiyi mesajını verir.

Hesabatda daha bir narahatedici tendensiya da vurğulanır: Azərbaycanın repressiyalarını ölkə sərhədlərindən kənara daşıdığı iddia edilir. Sürgündə yaşayan jurnalist və fəalların hədəfə alındığı, Aİ ölkələrinin isə bu risklərə qarşı effektiv mexanizmlərə malik olmadığı qeyd edilir.

Hesabat Aİ-ni yeni və ya yenilənmiş Aİ-Azərbaycan razılaşmalarında insan hüquqları və hüququn aliliyini mərkəzə çəkməyə çağırır. Sənəddə 2022-ci il enerji Memorandumunun icrasının da açıq, ictimai meyarlarla, o cümlədən siyasi məhbusların azad edilməsi və reabilitasiyası kimi tələblərlə əlaqələndirilməsi təklif olunur.

 Müəlliflər həmçinin yeni sazişlər və yüksək səviyyəli əməkdaşlıq üzrə irəliləyişin ölçülə bilən islahatlara bağlanmasını, repressiyalar dərinləşərsə danışıqların dayandırılmasını və yeni sövdələşmələrin dondurulmasını mümkün variant kimi göstərirlər.

 Sənəddə müstəqil vətəndaş cəmiyyəti və medianın həm ölkə daxilində, həm də sürgündə daha geniş siyasi və maliyyə dəstəyi almasının vacibliyi vurğulanır. Eyni zamanda Aİ üzv dövlətlərindən ikitərəfli enerji və təhlükəsizlik siyasətlərini ümumi insan hüquqları meyarları ilə uzlaşdırmaq tələb olunur ki, heç bir milli anlaşma Aİ-nin şərtləndirmə xəttini zəiflətməsin.

Ana səhifəSiyasətAİ–Azərbaycan münasibətləri: enerji əsas, insan hüquqları arxa planda