“Mirsaleh Seyidov dedi ki, hazırda “kars”da olduğuna görə zəng eləmir…”
2015-ci ilin noyabrında baş verən Nardaran hadisələri zamanı 18 yaşında olarkən həbs edilən, bir həftə əvvəl Qobustandakı qapalı həbsxanada ağzını tikərək aclıq aksiyası keçirən Cahad Babakişizadənin vəkili onunla görüşmək istəsə də, icazə verilməyib. C.Babakişizadənin yaxınlarının Meydan TV-yə bildirdiyinə görə, onunla sonuncu dəfə avqustun 26-da danışıblar. Həmin vaxt, o, ağzını tikib aclıq aksiyası keçirəcəyi barədə məlumat verəndən sonra telefon danışığı kəsilib. O vaxtdan bu yana Cahadla əlaqə saxlaya bilməyiblər. Bir gün sonra xəbər tutublar ki, o, aclıq edir, ağzını da tikib.
Yaxınları bildirir ki, vəkil onun durumunu araşdırmaq üçün sentyabrın 1-də həbsxanaya gedib, lakin görüşə bilməyib:
“Vəkil gedib onu görsəydi, bir az rahatlanardıq. Bilərdik ki, durumu necədir. Özümüz gedə bilmirik, çünki həbsxana rejimində görüş üç aydan bir olur. Telefonla da zəng eləmir. Əslində, həftədə iki dəfə telefon zəngi hüququ var. Nigarançılıqdan ölürük…”
Penitensiar Xidmətin Əməliyyat-rejim İdarəsinin rəisi Mirsaleh Seyidov avqustun 31-də C.Babakişizadənin ailə üzvlərinin şikayətini dinləyib, bu məsələni diqqətdə saxlayacağına söz verib. Nardaran məhbusunun yaxınları M.Seyidovun vədini yerinə yetirərək, araşdırma aparma aparmaq üçün Qobustan həbsxanasına nümayəndəsini göndərdiyini bildirib:
“Mirsaleh Seyidov özü bizim ailə ilə əlaqə saxlayıb, araşdırma apardığını bildirdi. Hələ avqustun 31-də görüşdə demişdi ki, Cahadın ağzındakı tikişləri söküblər. Nümayəndəsi gedib Cahadla görüşüb. Sağ olsun, vədinə əməl elədi. Bizim istəyimiz odur ki, zəng eləsin, səsini eşidək, sakitləşək. Vəkillə də görüşməyə buraxmayıblar, lap nigaran qalmışıq. Mirsaleh Seyidov dedi ki, hazırda “kars”da olduğuna görə zəng eləmir…”
Ailə üzvləri onu da bildirib ki, həbsxanadakı müxtəlif mənbələrdən Cahadın aclığı davam etdirdiyini öyrəniblər.
C.Babakişizadənin yaxınları ona baş çəkib, durumuyla maraqlanmaları üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə və Ombudsman Aparatına da müraciət olunduğunu deyib.
1997-ci il təvəllüdlü C.Babakişizadə ilahiyyatçı Taleh Bağırzadə və digərləri ilə birlikdə həbs olunub. O, əməliyyatın keçirildiyi, Əbülfəz Bünyadova məxsus evin qonşuluğunda yaşayır. Məhkəmədə bildirib ki, 2015-ci il noyabrın 26-da əməliyyat keçiriləndə evdə olub. Küçədən səs-küy gəldiyini eşidib və nə baş verdiyini öyrənmək üçün o tərəfə gedib. Hasara çıxıb baxanda isə polislərin atdığı güllələrdən biri ona dəyib. Həmin vaxt T.Bağırzadə və digərləri ilə birlikdə onu da tutub aparıblar.
Ona qarşı da terrorçuluq, qəsdən adam öldürmə, qanunsuz silah-sursat saxlama, dövlət çevrilişinə cəhd ittihamları irəli sürülüb. C.Babakişizadə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 14 il 6 ay azadlıqdan məhrum edilib.
C.Babakişizadənin Qobustanda – həbsxana rejimində saxlanma müddəti 2021-ci ilin oktyabrına qədərdir. Bundan sonra o, cəzasının davamı çəkmək üçün cəzaçəkmə müəssisəsinə köçürülməlidir.