Ağdamın korrupsiya ilə “yuyulan” kəndi – Xıdırlı

Ağdamın Xıdırlı kəndində yağan yağış təkcə sakinlərə müvəqqəti çətinliklər yaratmadı, həmçinin, hakimiyyətin “Böyük Qayıdış” nağılları ilə bəzədiyi korrupsiya sxemlərini ifşa etdi. Amma Xıdırlı kəndinin problemləri təkcə yağışla üzə çıxmadı. Kəndin tikintisi, layihənin özü, evlər sosial şəbəkələrdə istehza və müzakirə mövzusudur. Bu kəndin tikintisi zamanı da xeyli qanunsuzluqlar yaşanıb. Bəzi fəhlələrin maaşları verilməyib, onlar əmək müqaviləsi olmadan çalışdırılıblar, hətta bir neçəsi bununla bağlı prezident İlham Əliyevə müraciət də ünvanlayıb.

Kəndin açılışı bu ilin iyul ayında olub. Xıdırlının sahədaxili mühəndis kommunikasiyaları sistemlərini 2024-cü ilin 22 oktyabr tarixində Sabunçu rayonu ərazisində baş verən və 2 nəfərin ölümü ilə nəticələnən tuneli su basması hadisəsi ilə gündəmə gəlmiş şirkət həyata keçirib.

Şirkət 29 milyon 983 min 233 manat 73 qəpiklik tenderin qalibi olub və 6 ay ərzində kəndin kommunikasiyalar sistemlərini, o cümlədən də kanalizasiya xətlərinin çəkilməsi işlərini həyata keçirib.

Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 1-də yerləşən MMC-nin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur. “Körpü-Bina-Tikinti” MMC əsasən dövlət qurumlarının keçirdiyi iri həcmli layihələrin icraçısı kimi tanınır.

Rəsmi sənədlərdə şirkətin qanuni təmsilçisinin Göyüşov Xaliq Avdil oğlu qeyd olunsa da, şirkətə tanınmış iş adamı Xəlil Göyüşovun rəhbərlik etdiyi bildirilir. Ölkədə bina-yol-körpülərin tikinti maqnatı kimi tanınan Xəlil Göyüşov 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən inşaat sahəsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Bundan əlavə, reyestrdə Xəlil Göyüşovun adına daha 4 şirkət mövcuddur: “Çaytumas” MMC, “İnkişaf” MMC, “Qərb Ulduzu – Mənzil Tikiniti Koorperativi” MMC və “M.Füzuli” MMC.

Xəlil Göyüşovun adı mütəmadi şəkildə “MTN işi” ilə bağlı səs-küylü məhkəmədə Eldar Mahmudovun adamı kimi çəkilib.

Sabunçuda tunel hadisəsindən sonra jurnalistlərin “Niyə tunellərdə, küçələrdə sular bu qədər yığılır?” – sualına isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib ki, işlər görülərkən qüsurlara yol verilib.

Amma həmin qüsurları üzə çıxaran, Sabunçudan xüsusi reportajlarla yağışın fəsadlarını göstərən jurnalist Ramin Deko hazırda həbsdədir. Hakimiyyət və onun əlaltı mediası müstəqil jurnalistləri qaçaqmalçılıqda, xarici qüvvələrə əlaltı olmaqda ittiham edirlər. Amma Xıdırlı hadisəsi zamanı elə həmin media problemləri göstərmək, korrupsiya sxemini ifşa etmək, sorğulamaq yerinə, sadəcə hasarın bərpasını işıqlandırmaqla kifayətlənir.

Ağdam rayonu, Xıdırlı kənd yaşayış məntəqəsində 2, 3 , 4 , 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi” işlərinin satın alınması tenderinin qalibi “Tvm İnşaat” MMC olub. 135 920 148 AZN dəyərində olan tenderin keçirilmə prosesində şəffaflığın təmin olunmaması da ictimaiyyəti narahat edən əsas məsələlərdən biridir. İqtisadçılar deyirlər ki, belə halda hər evin, təxminən 160-180 min AZN-ə tikildiyini iddia etmək olar. Bəzi sakinlər bu xərc qarşılığında onlara verilən evlərdən də narazılıq edirlər.

Bu sualla prezident İlham Əliyevə Almaniyada jurnalist Fatimə Kərimlinin ünvanladığı sual hələ də aktualdır. Həmin sualı Azərbaycandan verən və Qarabağdakı tikinti işlərinin arxasındakı korrupsiya əməllərini üzə çıxaran Sevinc Vaqifqızı da hazırda həbsdədir.

Meydan TV məhdud imkanlarla media fəaliyyətini davam etdirməyə, Qarabağdakı qanunsuzluqları da ifşa etməyə israrlıdır. Vətəndaş olaraq çəkdiyiniz, rastlaşdığınız problemləri bizə göndərə bilərsiniz.

Ana səhifəXəbərlərAğdamın korrupsiya ilə “yuyulan” kəndi – Xıdırlı