Hər iki qurumun rəhbəri Rövnəq Abdullayevdir
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Peşəkar Futbol Liqası (PFL) Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayım hüququnu CBC kanalına satıb. Bunun üçün kanal 700 min manat ödəyib. Bu barədə məlumatı komanda.az saytı yayıb. Saytın məlumatına görə, tenderə CBC kanalından başqa heç bir telekanal maraq göstərməyib.
Xəbər AFFA tərəfindən də təsdiqlənib: “TV Premyer liqa oyunlarını qeyd olunan şərtlər daxilində 1 il ərzində yayımlamaq hüququna görə AFFA-ya 700 min manat ödəyəcək. Yayım haqqı üçün ödənilən bu vəsait AFFA və PFL tərəfindən Premyer Liqa klubları arasında bərabər şəkildə bölünəcəkdir. İlkin razılığa əsasən CBC beynəlxalq peyk TV olduğuna və xarici dillərdə yayımlandığına görə ilk aylar oyunların şərhi rus dilində olacaq. Azərbaycan dilində isə AFFA-nın youtube (AFFA Official ) kanalında yayımlanacaqdır. CBC Sport kanalı açıldıqdan sonra şərhlər Azərbaycan dilində olacaq. CBC TV çəkilişləri peşəkar səviyyədə – stadiondan asılı olaraq 8-12 kamera ilə həyata keçirməyi, yaxın müddət ərzində idman kanalı açmağı və yayım hüququnu o kanala vermək öhdəliyini də üzərinə götürmüşdür”.
Lakin qurum tenderə neçə telekanalın qatıldığı barədə məlumat verməyib.
Sözügedən kanal SOCAR Media İctimai Birliyinin nəzdində fəaliyyət göstərir. Komanda.az saytının məlumatına görə, hər il SOCAR tərəfindən telekanala 600 min manat vəsait ayrılır.
SOCAR-ın prezidenti və AFFA-nın rəhbəri eyni adam – Rövnəq Abdullayevdir.