Altı əməkdaşı Azərbaycanda həbsdə olan, fəaliyyətini ölkə xaricində davam etdirən AbzasMedia 2026-cı il “Index on Censorship” təşkilatının İfadə Azadlığı Mükafatını (Freedom of Expression Awards) jurnalistika nominasiyasında qazanıb.
Təşkilat AbzasMedia-nın jurnalistlərinin həbsdə olmasına baxmayaraq, korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı araşdırmalarını davam etdirdiyini bildirib.
“Index on Censorship”in icraçı direktoru Cemima Steynfeld mükafatın təqdim olunması ilə bağlı açıqlamasında redaksiyanın təzyiqlər qarşısında geri çəkilmədiyini deyib.
Steynfeldin sözlərinə görə, AbzasMedia-nın əməkdaşları həm həbsdə, həm də mühacirətdə fəaliyyət göstərmələrinə baxmayaraq, hakimiyyətin fəaliyyətini araşdırmaq və ictimaiyyəti məlumatlandırmaq işini davam etdirirlər. O, jurnalistlərin cəsarətini yüksək qiymətləndirib və Azərbaycanda həbsdə olan bütün jurnalistlərin azadlığa buraxılmasına çağırıb.
“Index on Censorship” mükafat münasibətilə AbzasMedia-nın redaksiyasının müraciətini də yayımlayıb.
Redaksiya mesajında Azərbaycanda jurnalistlərin korrupsiya, dövlət vəsaitlərinin mənimsənilməsi və ədalətsizlik hallarını ictimaiyyətə çatdırdıqlarına görə həbs olunduğunu bildirib. Müraciətdə qeyd olunub ki, üç ildir redaksiyaya qarşı təqiblər davam etsə də, həbsdəki jurnalistlər susmaqdan imtina edirlər.
AbzasMedia fəaliyyətinə verilən qiymətə görə təşəkkür edib və ölkədə ifadə azadlığının təmin olunacağına ümidini ifadə edib.
“Index on Censorship”in jurnalistika üzrə mükafatı senzuranı və ifadə azadlığına qarşı təhdidləri üzə çıxaran, ictimai əhəmiyyət daşıyan jurnalist fəaliyyətinə görə verilir.
2026-cı ildə bu kateqoriya üzrə AbzasMedia ilə yanaşı, Gürcüstanın müstəqil media qurumlarının bir araya gəldiyi “Sinatle Media” şəbəkəsi və Ukraynanın regional nəşri “Vorskla” da namizədlər arasında olub.
Namizədlərin təqdimatında AbzasMedia-nın 2016-cı ildə yaradıldığı, yüksək vəzifəli şəxslər, prezidentin ailəsi və yaxın çevrəsi ilə bağlı korrupsiya və maliyyə şəbəkələrini araşdırdığı vurğulanıb. Nəşrin insan hüquqları pozuntuları, siyasi həbslər, polis zorakılığı və penitensiar müəssisələrdəki vəziyyət barədə materiallar hazırladığı da qeyd edilib.
AbzasMedia əməkdaşlarının həbsi 2023-cü il noyabrın 20-də başlayıb. Həmin gün nəşrin direktoru Ülvi Həsənli və əməkdaşı Məhəmməd Kekalov saxlanılıb, redaksiyanın Bakıdakı ofisində axtarış aparılıb.
Noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, daha sonra jurnalistlər Nərgiz Absalamova, Hafiz Babalı və Elnarə Qasımova həbs olunublar. AzadlıqRadiosu-nun əməkdaşı Fərid Mehralızadə də bu iş üzrə saxlanılıb.
2025-ci il iyunun 20-də iş üzrə məhkəmə hökmü elan edilib. Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay həbs cəzası alıb.
Jurnalistlər ittihamları qəbul etmirlər. Onlar həbslərinin korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər.