“Abzas Media işi” üzrə həbs olunanlara hökm oxundu

Fotokollaj: AbzasMedia

Bu gün, iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Abzas Media işi” üzrə keçirilən məhkəmədə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən, “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, direktor müavini Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

“Abzas Media işi” üzrə həbslər 2023-cü ilin noyabrın 20-dən etibarən başlayıb. Azərbaycanda korrupsiya araşdırmaları aparan “Abzas Media”nın 6 əməkdaşı – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs ediliblər.

Ötən ilin mayında “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə də “Abzas Media işi” çərçivəsində həbs edilib. Elə həmin gün “Abzas Media” bəyanat yayaraq Mehralızadə ilə əməkdaşlılıq əlaqəsinin olmadığını bildirib.

Jurnalistlər irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.

Ana səhifəSiyasət“Abzas Media işi” üzrə həbs olunanlara hökm oxundu