“Saşa sığınacaqda gizlənərək sağ qalıb”
Amerikanın “Imagine Dragons” qrupunun Ukraynada klip çəkdiyi bildirilir.
“Crushed” adlanan klipin qəhrəmanı Ukraynanın Nikolayev vilayətindən olan 14 yaşlı Saşadır.
Uşağın doğma kəndi Novoqriqorovka beş ay Rusiya hərbçilərinin nəzarətində olub.
“Burada heç nə qalmayıb, hər yer dağıdılıb. Saşa davamlı atəşlər altında sağ qalmağı bacarıb. Sığınacaqda gizlənib. Onun qonşuları ölüb. Evi dağıdılıb. Bu, minlərlə hekayədən yalnız biridir. Saşa və ailəsi hər şeylərini itirib. Lakin digər ukraynalılar kimi onlar da evlərini bərpa etməyə ümidlidirlər”, – klipdə deyilir.
Qrupun solisti Den Reynoldsun sözlərinə görə, Saşanın ailəsi hələ də işıqsız yaşayır.
Ukrayna hakimiyyəti 2022-ci ilin noyabrında Nikolayev vilayətinin tam azad edildiyini elan edib.
Rusiya hərbi əməliyyata başladığı ilk aylardan “Imagine Dragons” qrupu Ukraynaya dəstək nümayiş etdirir.
“Crushed” klipi Ukrayna Prezidenti Volodimir Zelenskinin təşəbbüsü ilə yaradılmış “UNITED24” xeyriyyə platformasının dəstəyi ilə ərsəyə gəlib.