Qadir İbrahimli: ””Azərsun Holdinq”in prezidenti özünü inhisarçı hesab etmir, amma qida sənayesi bazarında şirkətin dominant mövqeyi var və bu, 60-70 faiz həddindədir”
“Mətbuatda son zamanlar “Azərsun Holdinq”in istehsal etdiyi məhsulların qiymətinin artması ilə bağlı əsassız xəbərlər yayılıb. “Azərsun Holdinq”i bəzən monopolist olmaqda ittiham edirlər, amma mən bu fikirlə razı deyiləm”.
“APA -Economics”in məlumatına görə, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının Aqrar inkişaf komissiyasının iclasında komissiyanın sədri, “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gözəl deyib.
“Məlumatı yanlış təqdim edirlər. İki devalvasiya nəticəsində manat 110% dəyərdən düşüb, amma bizim istehsal etdiyimiz məhsulların dəyəri 30% artıb. Lakin buna toxunan yoxdur. Məsələnin fərqinə varmaq lazımdır. Düzdür, biz yağı xaricdən gətiririk. Lakin şəkər istehsalı 15% yerli xammala, 85% isə idxala bağlıdır. Biz yerli xammalın payını 40%-ə çatdırmaq istəyirik. Bunun üçün təxminən 100 milyon dollarlıq investisiya lazımdır. Bu yatırıma hazırıq. Duz, konserv və tomat istehsalı 100% yerli xammala əsaslanır. Lakin bu məhsulların qablaşdırılması idxala bağlıdır. Qablaşdırmanın yerli məhsul hesabına aparılması üçün iş aparırıq. Əgər bu məhsullar bahalaşarsa, ağ bayraq qaldırmağa hazıram”, – deyə o, bildirib.
A.Gözəl qeyd edib ki, bazarda “Azərsun Holdinq”in istehsal etdiyi məhsulların çeşidindən eynisini istehsal edən “Gilan Holdinq”, “Karat Holdinq” və sair kimi şirkətlər də var və bu da istehlakçının seçimini artırır.
“Bu, həm də rəqabət yaradır və məhsulun keyfiyyətinə müsbət təsir edir. Hamımız eyni qayıqda oturmuşuq. Nə ediriksə, dövlətimiz üçün edirik”, – deyə A.Gözəl bildirib.
A.Gözəlin dediklərini Meydan TV-yə şərh edən iqtisadçı Qadir İbrahimli deyir ki, söhbət daxili istehsaldan gedirsə, qiymət artımı devalvasiya templərinə uyğunlaşdırılmalı deyil: “Azərbaycan prezidenti əhalinin sosial qabiliyyətini qorumaq baxımından daxili istehsalda qiymətlərin sabit saxlanması barədə göstəriş vermişdi. Ona görə də indiki şərtlər daxilində “Azərsun Holdinq” 30 faiz qiymət artımına getməsi düzgün deyil”.
Qadir İbrahimli hesab edir ki, rentabelli işləyən və qida sənayesinin 65-70 faizinə nəzarət edən “Azərsun Holdinq” üçün investisiya tapmaq problem deyil: “Şirkət öz bankı vasitəsilə əlavə resurslar cəlb etməklə həmin investisiyanı təmin edə bilər. Ona görə Abdolbari Gözəlin bu məsələni xüsusi qabartması anlaşılan deyil. Məlumatlarıma görə şirkət bir çox hallarda yeli xammal əvəzinə ucuz xarici idxal xammallarına üstünlük verir. Əslində, qiymətlərin bahalaşması da bu amillə bağlıdır. Çayçılıq “Azərsun Holdinq”in nəzarətinə keçəndən sonra istehsal 10 dəfədən çox azalıb və şirkət yerli xammal bazasını gücləndirmək üçün heç bir investisiya qoymur, digər sahələrdə də durum oxşardır “.
“Antiinhisar fəaliyyəti haqda” qanunu misal gətirən iqtisadçı bildirib ki, əgər bir şirkətin bazardakı çəkisi 35 faizi ötürsə, həmin şirkət avtomatik inhisarçı sayılır: “”Azərsun Holdinq”in prezidenti özünü inhisarçı hesab etmir, amma qida sənayesi bazarında şirkətin dominant mövqeyi var və bu, 60-70 faiz həddindədir. Bu halda “Azərsun Holdinq” monopolist şirkətdir və durum Azərbaycan qanunlarıyla tənzimlənmir. Hələ ki, yeni “Antiinhisar fəaliyyəti haqqında” qanun qüvvəyə minməyib, qüvvədə olan köhnə qanuna görə “Azərsun Holdinq” artıq inhisarçı şirkətdir. Bazardakı digər oyunçuların çəkisi o qədər də çox deyil. Sadəcə, bazarda olan məhdud oyunçular karter razılşması əsasında bazarı bölüşdürüblər, hər biri öz meydanında oynayır. Söhbət bir neçə şirkətin müəssisənin bazarı öz nüfuz dairələri arasında bölməsi haqda razılaşmadan gedir”.
Q.İbrahimli qeyd edir ki, Azərbaycanda bazar liberallaşmayınca, proses bu formada davam edəcək.