Abbas Hüseynov: Sağlamlığım və həyatım təhlükə altındadır

A.Hüseynovun sözlərinə görə, pandemiya ilə əlaqədar həbs yerlərinə kənardan ərzaq və başqa tələbat malları gətirilməsinə qadağa qoyulsa da, bu, müəssisədə işləyənlərə aid deyildi.

Source: Foto: arxiv


Nardaran məhbusu etirazlarına görə müxtəlif formada cəzalandırıldığını deyir

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş Abbas Hüseynovun anası Rəhimə Hüseynova mayın sonunda

Meydan TV

-yə oğlunun həbsxanada pis rəftara məruz qaldığını, bir aydır ondan xəbər ala bilmədiklərini demişdi. A.Hüseynov yaxınları vasitəsilə Meydan TV-yə çatdırdığı məktubunda o müddətdə nələr baş verdiyini yazıb. Onun sözlərinə görə, pandemiya dövründə cəzaçəkmə müəssisəsində məhkumlara qarşı laqeyd münasibət, yeməklərin keyfiyyətsizliyi, kənardan sovqat qadağası olduğu bir vaxtda daxildəki dükanda qiymətlərin çox baha olması, virusun yayılmasının qarşısının alınması üçün zəruri addımların atılmaması kimi hallara etiraz edib. Bu etirazlarına görə də müxtəlif formada təzyiqlərə məruz qalıb.


“Bizdə dustaq daşıyan maşına inkassator, içindəki insanlara da pul kisəsi kimi baxırlar”

Əvvəllər Qobustandakı qapalı həbsxanada saxlanılan A.Hüseynov xeyli vaxtdır ki, 8 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Deyir ki, aprelin 4-də və mayın 11-də bu müəssisədəki məhkumlar arasında da koronavirusa yoluxanlar tapılıb. Amma yenə də virusun qarşısının alınması üçün zəruri addımlar atılmayıb. Məsələn, məhkumlara adi maska belə verilməyib:

“Cəza yerlərində virusla mübarizə xəbərləri sadəcə imitasiya yaratmaqdan ibarətdir. Virusa qarşı mübarizə üçün zəruri addımlar atılmır. Virus orqanizmi zəif, immuniteti aşağı olanları daha tez tutur. Məhbuslara verilən yeməklər də həmişəki kimi, keyfiyyətsizdir, yemək olmur. Rəsmi şəxslər deyirlər ki, bir məhkumun saxlanması üçün gündəlik dövlət 15-25 manat xərc çəkir. Reallıqda isə gündə bir məhbusa 60-70 qəpik xərclənsə, böyük şeydir”.

A.Hüseynovun sözlərinə görə, pandemiya ilə əlaqədar həbs yerlərinə kənardan ərzaq və başqa tələbat malları gətirilməsinə qadağa qoyulsa da, bu, müəssisədə işləyənlərə aid deyildi. Cəzaçəkmə müəssisəsinin əməkdaşları yeməklərini özləri gətirirdilər:

“Belə çıxır ki, qoyulan qadağalar məhbusları qorumaq üçün yox, onların yaxınlarını “soymaq” üçün idi. Çünki bu halda, məhbus müəssisədəki dükandan ərzaq almağa məcbur olur, orada da qiymətlər dəfələrlə bahadır. Pandemiya ilə əlaqədar bir çox ölkədə onminlərlə məhbus buraxıldı. Bizdə niyə eləmədilər? Çünki bizdə dustaq daşıyan maşına inkassator kimi, içindəki insanlara da pul kisəsi kimi baxırlar”.


“Fərq odur ki, Nardaranda əllərində silahlar idi, burada dəyənəklər”

Məhkumlara qarşı münasibətlə əlaqədar etirazlarına görə cəzalandırıldığını deyən A.Hüseynov bildirib ki, cəza olaraq, 3 həftə hamamdan, telefon zənglərindən məhrum edilib:

“Telefon otağına gətirirdilər, amma danışmayım deyə, kabeli şəbəkədən ayırırdılar. Məndə qorxu yaratmaq üçün 20-25 dəyənəkli nəzarətçini üstümə göndərdilər, cumub qaldığım kameranı dağıtdılar. Kameramı dağıdanda bəzi əşyalarım yoxa çıxdı. Ümumiyyətlə, burda mənim sağlamlığım və həyatım təhlükə altındadır. Etdiyimiz etirazlara görə 2 dəfə ardıcıl “karsa” salınmışam, rəis və polkovnik müavinləri məni ağzı üstə yerə yıxıb, təhqir edib hədələyirdilər. Həbs yerlərində sağlam insanların qəfil ölməsi və adının da intihar qoyulmasının dəfələrlə şahidi olmuşuq”.

A.Hüseynov əlavə edib ki, bəzi məhkumlardan da ona qarşı istifadə etməyə, təxribat yaratmağa çalışırlar: “Hər gün fiziki işgəncədən betər psixioloji zərbələr alıram. Hər gün üst-başımı yoxlayırlar, ağızlarından təhqiramiz ifadələr çıxarıb, tərbiyəsizlik edirlər. Dəfələrlə rəisə bununla əlaqədar xəbər göndərmişəm, əhəmiyyət vermir. Sanki təxribat planını özü cızır”.

A.Hüseynov vurğulayır ki, əgər mayın 14-də 8 saylı cəzaçəkmə müəssisəsinin cərimə kamerasında, mayın 21-də isə müəssisənin həyətindəki kameraların qeydə aldığı videogörüntülərə baxılsa, onun dedikləri təsdiqini tapar: “Həmin video-kadrlardan görünəcək ki, Nardaran əməliyyatında olduğu kimi, burada da olduğum kameraya basqın edirlər. Fərq odur ki, Nardaranda əllərində silahlar idi, burada dəyənəklər”.

Nardaran məhbusu qeyd edir ki, haqqındakı hökmdə onun cəzasını həbsxana rejimində saxlanmaqla çəkilməsi göstərilib. Buna görə də Qobustandakı həbsxanada saxlanılırdı. Lakin onu qanunsuz olaraq, 8 saylı cəzaçəkmə müəssisəsinə gətiriblər: “Məhkəmənin hökmünə görə, mən həbsxanada olmalıyam, bura isə xüsusi rejimli cəzaçəkmə müəssisəsidir”.

Penitensiar Xidmət isə A.Hüseynovun dediklərini təkzib edib. Bu qurumun mətbuat xidmətindən bildirilib ki, onun məktubda yazdıqları həqiqətə uyğun deyil.

A.Hüseynov “Müsəlman Birliyi” Hərəkatının üzvüdür. O, hərəkatın sədri T.Bağırzadə ilə birlikdə 20 il azadlıqdan məhrum edilib. Onlarla birlikdə mühakimə olunan digər şəxslərə isə 10 ildən 19 ilə qədər həbs cəzası verilib.

Nardaran hadisələri zamanı həbs olunanlar onlara qarşı irəli sürülmüş terrorçuluq, qanunsuz silah saxlama, dövlət çevrilişinə cəhd və s. ittihamların yalan olduğunu, həbs edilərkən işgəncələrə məruz qaldıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyi isə işgəncə iddialarını təkzib edir.

Ana səhifəSiyasətAbbas Hüseynov: Sağlamlığım və həyatım təhlükə altındadır