”870 min ailənin pay torpağından məhrum edilməsi gözlənilir”

Vahid Məhərrəmov: Kəndliyə ya cərimə tətbiq edəcək, ya da torpağını əlindən alacaqlar

Source:


Vahid Məhərrəmov: Kəndliyə ya cərimə tətbiq edəcək, ya da torpağını əlindən alacaqlar

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov hesab edir ki, prezident İlham Əliyevin iyulun 18-də Konstitusiya Məhkəməsinə təqdim etdiyi “Referendum Aktı” layihəsində xüsusi mülkiyyətlə bağlı təkliflər Azərbaycan kəndlisinə ciddi problemlər yaradacaq.

O, bu barədə Meydan Tv-nin əməkdaşıyla söhbətində deyib.

Vahid Məhərrəmov bildirib ki, prezident Əliyevin təklifində iki maddədə dəyişiklik nəzərdə tutulub:”Birinci, xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olduğu qeyd olunub. Düzdür, hüquqşünaslar üçün anlaşılmaz olsa da, bir məqam var, bu, ondan ibarətdir ki, dəyişikliklər gerçəkləşsə, hökumət dövlət tərəfindən pay verilmiş torpağın sosial təyinatlı olduğunu iddia edəcək. Ona görə ki, ərzaq təminatında torpaq əsas vasitələrdən biridir. Dövlət də torpağı kəndliyə istehsalla məşğul olmaq üçün pay verib və istehsal etdiyi məhsul sosial təyinatlı hesab oluna bilər. Yəni kəndli istehsal etdiyi məhsulu dövlətin yaratdığı tədarük təşkilatına hökumətin müəyyən etdiyi qiymət diapazonunda təklif edir. Belə olmadığı halda hökumət məsələni qanuniləşdirdikdən sonra aqrar sahəyə məsul olan orqanlar kəndlini sosial ədaləti pozmaqda və hətta onu müəyyən etdiyi qiymətə görə də ittiham edəcək. Bununla da kəndliyə qanuni formada təzyiqlər ediləcək. Təzyiqlərə gəlincə, hökumət kəndli üçün məhsuldarlığı hansı səviyyəyə qaldırmağı da müəyyən edəcək. Kimsə 1 hektardan 1 ton taxıl götürürsə, ona hektardan 5 ton məhsul götürən kəndlini nümunə gətirib, torpaqdan səmərəsiz istifadə etdiyini əsas gətirəcəklər.

Digər tərəfdən, kəndliyə istehsal etdiyi məhsulun maya dəyəri baha başa gəlsə də, ona sərf edən qiymətə satışına imkan verməyəcəklər. Misal üçün kəndli istehsal etdiyi kartofun 1 kiloqramını 8 qəpikdən tədarükçüyə satmalıdır. Kəndli məhsuldarlığın az olduğunu əsas gətirib qiymətin ona sərf etmədiyini deyə bilməz. Belə olan halda, ona torpaqdan səmərəsiz istifadə etdiyini, əsas gətirib cərimə tətbiq edəcəklər və yaxud torpağını əlindən alacaqlar, ona sosial öhdəliyini xatırladacaqlar. Qiymətlə razılaşmayanda, “sosial ədaləti “pozan kəndlini mülkiyyət hüququndan məhrum edə bilərlər”.

Dövlətin sosial öhdəliyini xatırladan V. Məhərrəmli bildirib ki, Azərbaycan hökuməti üzərinə düşən sosial öhdəliyi yerinə yetirə bilmir, ona görə də öhdəliyin bir hissəsini xüsusi mülkiyyətin üzərinə qoymaq istəyir.

V. Məhərrəmov hesab edir ki, kəndliyə olan təzyiqlər nəticəsində torpaqlar müəyyən adamların, oliqarx-məmurların əlində cəmləşəcək: “Problem ondadır ki, hökumət bazar iqtisadiyyatına uyğun hərəkət edə bilmir və yeni təsərrüfat sistemini yaratmağı bacarmır. Belə olan halda kəndliyə təzyiq edib istədiklərini almaq istəyirlər. Bununla da sahibkarların və kəndlilərin mülkiyyət hüququnu məhdudlaşdıracaqlar”.

Ekspert hesab edir ki, məmur oliqarxiyası yeni düzəlişlərlə kənddə yaşayan əhalini öz torpaqlarında qul kimi işlətmək məqsədi güdür: “Artıq kəndlilər sahibkar yox, məmurların təsərrüfatında fəhlə kimi işləyəcəklər. Xüsusi mülkiyyət bu formada olacaq, kəndlilər kiçik torpaq sahələrindən məhrum ediləcək, onlar oliqarxların təsərrüfatında cüzi əməkhaqqıyla adi işçi kimi işləyəcək. Bu gedişlə, 870 min ailənin pay torpağından məhrum edilməsi gözlənilir”.

İlham Əliyevin iyulun 18-də təklif etdiyi “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsində qeyd olunur ki, xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.

Referendum Aktı sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılacaq.

Ana səhifəAnalitika”870 min ailənin pay torpağından məhrum edilməsi gözlənilir”