Qarabağ FK

Mənbə: AP

Başlıq: Qarabağ FK

3 məğlubiyyətin 3 səbəbi

“Qarabağ” kimi komandalar hücum etməyi, qol vurmağı sevirlər, müdafiə olunmağı yox

Azərbaycanın UEFA Avropa Liqasındakı yeganə təmsilçisi olan “Qarabağ” klubu dünən qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirdi. Əvvəlki iki oyununda “Makkabi” (Təl-Əviv, İsrail) və “Vilyarreal”a (İspaniya) uduzan Ağdam komandası Türkiyənin “Sivasspor” klubu ilə qarşılaşmadan da məğlub ayrıldı. Beləliklə, Avropa Liqasının qrup mərhələsində 3 oyun, 3 məğlubiyyət. Halbuki, “Qarabağ” Avroliqanın pley-off mərhələsində Polşa “Legiya”sını böyük hesabla (3:0) məğlub edəndə, çoxu komandanın bu mövsüm daha uğurlu olacağına inanırdı. Amma sən saydığını say, gör...

“Qarabağ“ın cari mövsümdə Avropa Liqasında uğursuz çıxış etməsinin bir xeyli səbəbi var. Məsələn, bəzi oyunlarda zədə səbəbindən aparıcı futbolçulardan bir neçəsinin iştirak etməməsi, baş məşqçi Qurban Qurbanovun hansısa matçın gedişində oyuna düzgün müdaxilə edə bilməməsi və sair və ilaxır. Ancaq daha vacib olan üç səbəb var ki, məhz onlara fokuslanmaq lazımdır.

1-ci səbəb: Neytral meydan

Ermənistanla Azərbaycan arasında Qarabağda davam edən müharibə “Qarabağ” klubuna da təsirini göstərdi. UEFA müharibəni əsas gətirərək, Ağdam təmsilçisinə Avropa Liqasında ev oyunlarını Bakıda keçirə bilməyəcəyini, buna görə də, neytral meydandan başqa variantın olmadığını bildirdi. “Qarabağ” rəhbərliyi UEFA ilə danışıqlardan sonra ev oyunlarının Türkiyədə keçirilməsinə nail ola bildi. Türkiyə variantı Azərbaycan klubu üçün neytral meydan seçimi baxımından ən uyğun olanı idi. Amma hətta bu uyğun variant belə, “Qarabağ“ın ev oyunlarını Bakıda keçirməsindən yaxşı ola bilməzdi. Komandanın Avropa Liqasının qrup mərhələsində keçirdiyi hər üç qarşılaşmada məğlub olmasının əsas səbəblərindən biri də neytral meydan amilidir. “Qarabağ” demək olar, hər həftə səfərə çıxmalı olur, üstəlik, heç vaxt oynamadığı stadionda oyun keçirir. Yorğunluq, əvvəllər oynamadığı stadiona uyğunlaşa bilməmək – bunlar istənilən komandanın arzulamayacağı amillərdir.

2-ci səbəb: Müharibə

Qarabağda davam edən döyüşlərin “Qarabağ“a təsiri az deyil. Bu təsir psixolojidir. Görünən budur ki, “köhlən atlar” Avropa Liqasının pley-off mərhələsində “Legiya”ya qarşı keçirdiyi oyunu göstərə bilmir. “Legiya” ilə qarşılaşma Qarabağda müharibənin ilk günlərinə təsadüf etmişdi. Həmin görüşdə “Qarabağ“ın futbolçuları o qədər yaxşı mübarizə aparmışdılar, o qədər yaxşı oyun göstərmişdilər ki, kimsə bu komandanın sonradan qrup mərhələsində ardıcıl üç matçda məğlub olacağını düşünməzdi. Lakin günlər keçdikcə, müharibə uzandıqca, döyüşlərin, cəbhədən gələn xəbərlərin “Qarabağ“ı da “ağuşuna aldığı” açıq-aşkar ortadadır. Bu məqamda komandanı oyunlara psixoloji baxımından hazırlamaq asan deyil. Və bu iş baş məşqçinin – Qurban Qurbanovun üzərinə düşür. Amma görünür, Qurbanov da “Qarabağ“la Qarabağ arasındakı fərqi futbolçularına izah etməkdə çətinlik çəkir. Hər halda, komandanın Avroliqadakı oyunlarına baxanda, futbolçuların diqqətlərinin yaşıl meydandakı topla yanaşı, müharibə meydanındakı topların yanında olduğu da hiss olunur.

3-cü səbəb: Hücumçu

“Qarabağ“da hücumçu problemi var. Yox, yox, hətta komandanın hücumçusu da yoxdur. Avropa Liqasının qrup mərhələsində çıxış edən klubun mərkəz hücumçusu yoxdur! Qurban Qurbanov hər oyunda cinah hücumçularını, hətta yarımmüdafiəçiləri forvard mövqeyində oynatmalı olur. Gah Ovusu Kvabena, gah Xayme Romero, hərdən də Mahir Emreli “köhlən atlar”ın mərkəz hücumçusu kimi meydana çıxır. Bunun nəticəsidir ki, komanda qol vurmağa çətinlik çəkir. Avropa Liqasının qrup mərhələsində keçirdiyi üç oyunda “Qarabağ” cəmi neçə qol vurub? 1! Əvəzində isə öz qapısında 6 top görüb. Təkcə bu statistik göstərici komandanın hücum xəttində vəziyyətin nə yerdə olduğunu ortaya qoyur. Bu cür “hücum xətti” ilə “Vilyarreal”, “Makkabi”, “Sivasspor” kimi klublarla görüşlərdə qələbəyə ümid etmək, Marsda ağac əkmək qədər çətin olmalıdır...

Dərd budur ki, “Qarabağ” heç-heçə etməyi, ən azı bir xal qazanmağı da bacarmır. Bu da komandanın oyun fəlsəfəsinə bağlı bir şeydir. “Qarabağ” kimi komandalar hücum etməyi, qol vurmağı sevirlər, müdafiə olunmağı yox. Amma indiki vəziyyətə komanda müdafiə olunmağı bacarmadığı kimi, qol vurmağı da bacarmır. Nəticə? Üç oyundan sonra 0 xal və turnir cədvəlinin sonuncusu olmaq.

Ağdam komandası Avropa Liqasının 4-cü turunda dünən 0:2 hesabı ilə məğlub olduğu “Sivasspor”la qarşılaşacaq. Noyabrın 26-da keçiriləcək oyunda da Türkiyə təmsilçisinin qələbə qazanmaq ehtimalı böyükdür. “Qarabağ” uzaqbaşı çalışıb, bu görüşdən bir xalla ayrıla bilər. Onsuz da, Avropa Liqasında növbəti mərhələyə çıxmaq şansı heçə enib. Bundan sonra “köhlən atlar” ancaq qrupu 0 xalla bitirməmək uğrunda mübarizə aparmalıdır. Qazanılacaq bir, ya da bir neçə xal həm Azərbaycanın UEFA-dakı reytinqinə yaxşı təsir edər, həm də, klubun büdcəsinə.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/51rljh

Ən çox baxılan