”26 il əvvəlin ”İlin xalqı” ümidsizlikdən asılı qalıb”

”Millətin başına ləyaqətsiz adamlar keçirsə, millət rəzil günə düşür”

Source:
Foto: http://backissues.com/issue/Newsweek-December-25-1989
Foto: http://backissues.com/issue/Newsweek-December-25-1989

“Millətin  başına ləyaqətsiz adamlar keçirsə, millət rəzil günə düşür”

Hər il təqvim dəyişəndə 1989-cu ildə xarici mətbuatda Azərbaycan xalqının “İlin xalqı” elan olunması hadisəsi xatırlanır. Ancaq konkret hansı mətbuat orqanının bu barədə elan verməsi, yaxud yazması naməlum olaraq qalır. Əsasən iki jurnalın – “Tayms” və “Newsweek”-in adı hallanır.

Keçmiş vicdan  məhbusu Adnan Hacızadə bu barədə araşdırmalar aparıb və “Newsweek” dərgisinin üz qabığını “Facebook” səhifəsində yayıb. Amma o qeyd edir ki, jurnalın üz qabığında bunu təsdiqləyən şəkil olsa da, nəşrin içərisində Azərbaycan haqqında heç bir cümlə yoxdur.

Ədalət Tahirzadə “MEYDAN 4 il, 4 ay” kitabında bu barədə yazır ki,  1989-cu ildə  Zərdüşt Əlizadə tribunadan bunu elan etmişdi və jurnal “Newsweek” idi.

Ancaq bu barədə Meydan TV-yə danışan Zərdüşt Əlizadə “Tayms” jurnalının adını çəkir.

““Tayms” jurnalının 1989-cu ildə Azərbaycan xalqını “İlin xalqı” elan etməsi barədə ilk xəbəri AXC-nin 6 yanvar konfransında  mən çatdırdım. Konfransında İdarə Heyətinin üzvü kimi söz aldım və bu haqda iştirakçıları məlumatlandırdım”,-Əlizadə belə deyir.

“Jurnalı qaldırıb baş səhifəsini göstərdim ki, xalqımızı “İlin xalqı” elan ediblər”

Z.Əlizadə jurnalın ona xaricdən gətirdiklərini dedi: “Jurnalı qaldırıb baş səhifəsini göstərdim ki, xalqımızı “İlin xalqı” elan ediblər. Hər il “Tayms” jurnalı “İlin adamı” və “İlin xalqı” seçimlərini edir. 1989-cu ilin xalqı isə Azərbaycan xalqı elan olunmuşdu. Tribunadan düşəndən sonra kimsə məndən jurnalı aldı və qaytarmadı. Ondan sonra AXC rəhbərləri deyirdilər ki, məhz onların fəaliyyəti nəticəsində Azərbaycan xalqını “İlin xalqı” elan etmişdilər, bəli, bu amil vardı. Həmin jurnalın 5-6 səhifəsi Azərbayandakı hadisələrdən, əsasən mitinqlərdən bəhs edirdi, aksiyalardan şəkillər də yer almışdı. Məqalənin əsas qayəsi o idi ki, xalq demokratik istəklərini ortaya qoyub və antiimperialist mübarizə aparır”.

“İlin xalqı” niyə bu vəziyyətdədir?

Politoloq suala cavab verərkən siyasi tarixə ekskurs etdi.

Zərdüşt Əlzadə foto Meydan TV

Z.Əlizadə düşünür ki, “Tayms” jurnalında seçim edən adamlar SSRİ-nin dağılmasını istəyirdilər və onlar imperiyaya qarşı qalxan xalqı “İlin xalqı” elan etmişdilər:

“Ancaq “Azərbaycan xalqı niyə, hansı məqsədlərlə belə etmişdi və kimlər onu təşkilatlandırmışdı” sualları onları maraqlandırmırdı. Amerikaya geosiyasi rəqib SSRİ-nin çökməsi lazım idi. Azərbaycanda proseslərin önündə gedənlər anlamırdılar ki, AXC-nin daxilində çox gizli səbəblər var. Birinci, mərkəzi hakimiyyət, sovet nomenklaturası SSRİ-nin buraxılmasında və kapitalizm sisteminə keçiddə maraqlıydı. Çünki bununla onlar ümumxalq mülkiyyətini ələ keçirib milyoner olacaqdı. Aşağılar nomenklaturanın bu məqsədini başa düşmürdü, əqidəli kommunistlər vardı və onlar çoxpartiyalı sistemin, iqtisadi islahatların vacibliyini istəyirdilər. Sovet illərində DTK partiyanın qılınc gəzdirəni adlanırdı, Mərkəzi Komitə DTK-ya “imperiyanı qoru” tapşırığını verəndə, yerinə yetirirdi, yəni etiraz edənləri məhv edirdi. Amma Mərkəzi Komitə müəyyən anda DTK-ya ölkəni dağıtmaq tapşırığı verdi və bu, can-başla yerinə yetirildi. O yerdə ki, xalq cəbhələri yox idi, onu yaradırdılar, yaxud xalqın yaratdığı təşkilatlara öz casuslarını yerləşdirirdilər. Məqsəd SSRİ-ni siyasi-iqtisadi və milli münaqişələr vasitəsilə çökdürüb ümumxalq mülkiyyətini ələ keçirmək idi, buna da nail oldular. 1991-ci ilin dekabrında Belarusda “Belovejs sazişi” imzalananda Yeltsin Kravçuk və Şuşkeviçə demişdi ki, bəs Buş nə deyır, heç Qorbaçovu axtarıb-itirən yox idi. Təsəvvür edin ki, Stalin hansısa məsələdə “Ruzvelt nə deyər” sualını verərdi. Yox, mümkün deyildi. Bax, bu adamlar öz yaxınlarına böyük mülkiyyət piramidası yaratmaq üçün hər şeyə getdilər. O zaman insanlar və xalqlar azadlıq, müstəqillik eyforiyasında olduğundan bu məqsədi görmək çətin idi. Düzdür, azadlıq da, müstəqillik də vacibdir, amma ağılla bunlara çatmaq lazımdır, emosiyayla yox. Bu barədə AXC-nin konfranslarında da deyirdim, amma dinləmədilər”.

“Gedişat Heydər Əliyevin hakimiyyətə gəlməsilə nəticələndi və hazırkı vəziyyət yarandı”

Z.Əlizadə Azərbaycanda da müxtəlif mafioz qrupların mülkiyyət uğrunda mübarizə apardığını, onları xalq maraqlandırmadığını və öz adamlarını AXC-yə də yeritdiyini söylədi:

“Tam əminliklə deyirəm, mitinqləri nomenklatura təşkil edirdi, hər bir zavod direktorunun sexlərdə öz adamları vardı və onlar prosesləri tam anlamayan fəhlələrə deyirdilər ki, Vəzirov Qarabağı ermənilərə verdi. Nəticədə insanlarda etiraz yaranırdı, mitinqlər başlanırdı, ancaq Qarabağın verilməsi söhbəti yox idi. Vəzirovun özünün klanı yox idi, o, respublikaya rəhbər təyin olunanda vəziyyəti tam bilmirdi. Amma ətrafındakı nomenklatura və Heydər Əliyev klanının prosesə təsir imkanı güclüydü. Klanları isə xalqın necə yaşaması, gələcəyi maraqlandırmırdı, onlara sərvət və mülkiyyət lazım idi. Beləliklə, gedişat Heydər Əliyevin hakimiyyətə gəlməsilə nəticələndi və hazırkı vəziyyət yarandı”.

“Millətin  başına ləyaqətsiz adamlar keçirsə, millət rəzil günə düşür”

Meydan Hərəkatının aparıcı simalarından olan Nemət Pənahlı mövcud vəziyyətin yaranmasında öndə gedən liderlərin məsuliyyət daşıdığını düşünür.

Nemət Pənahlı foto sosial şəbəkə

O, düşünür ki, kütlə min il əvvəl də kütləydi, min il sonra da kütlədir. Sadəcə, kütləni ya şər azlığı, ya da xeyir azlığı idarə edib:

“Yəni millətin  başına ləyaqətsiz adamlar keçirsə, millət rəzil günə düşür. Şah İsmayıl Xətainin zamanı ilə bugünü müqayisə etdikdə, görünür ki, eyni millətdir, ancaq 4-5 nəsil dəyişib. 1988-ci ildən bugünü müqayisə etdikdə, 15-20 faiz fərq edib, ölümlər və doğulanlar baxımından. 1989-cu ildə “İlin xalqı” olan Azərbaycan xalqı bu gün dünyanın zəif xalqına çevrilib, bir səbəb var, o zaman öndə gedənlər bütün varlığıyla millətə və vətənə bağlı idilər, onlar ölümə hazır olub meydana daxil olmuşdular, həmin enerji də milləti ayağa qaldırdı. Sonradan imperiyanın siyasəti nəticəsində hərəkatın başına keçirilən adamlar indiki mənzərəni yaratdılar. Liderlər olan yerdə lider yoxdur, lider olan yerdə isə liderlər yoxdur. Sovet DTK-sı Azərbaycanda çoxlu liderlər yetişdirməklə xalqı parçalayıb diz üstə çökdürdü. Eyni durum dövlət strukturunda da yaşanır, Kamran Bağırovun vaxtında həmin polis və məmurlar idi, Əbdürrəhman Vəzirovun da, Ayaz Mütəllibovun da, Heydər Əliyevin də, indi də. Ancaq Vəzirov rəhbərlik edəndə polis və məmur özünü bir cür, Mütəllibov, yaxud Əliyevlər rəhbərlik edəndə tamam başqa cür aparır. Məşhur fikir var, kütlə sonsuz sıfırlardan ibarətdir, şəxsiyyət isə vahiddir. Sıfırların qarşısına vahid keçəndə milyonlar yaranır. Yəni millətin durumu ona rəhbərlik edənlərdən asılıdır”.

“Avtoritarizmin təzyiqi altında xalqın gücü əsarət altına alınıb”

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər deyir ki, həmin vaxt “Tayms” jurnalının Azərbaycan xalqını “İlin xalqı” elan etməsi xəbərini  eşidəndə xalqın içində olduğundan qeyri-adi bir şey görməyib:

 “SSRİ-də xalqların azadlıq uğrunda mübarizəsi başlamışdı və 1989-cu ildə də Azərbaycan xalqının mübarizəsi fərqli dərəcədə möhtəşəm idi. Bizə bəlli olanı dünya da təsdiq etmişdi”.

İsa Qəmbər

İsa Qəmbər “ötən müddətdə hansı təsirlər Azərbaycan xalqını indiki vəziyyətə saldı” sualına belə cavab verir:

“O böyük bir mübarizə enerjisinin toplanması idi, həmin enerji o cür vulkan kimi püskürdü. Sonrakı dönəmdə, istiqlal əldə olunandan sonra yeni problemlər, çətinliklər üzə çıxdı və yeni bir avtoritar rejimlə üz-üzə qaldıq. Avtoritarizmin təzyiqi altında xalqın gücü əsarət altına alınıb. Amma həmin enerjinin toplanması prosesi gedir. Yenə də həmin enerji bir gün vulkan kimi püskürəcək və o zaman bu sualı verənlər mənim bu gün verdiyim cavabın nə dərəcədə dəqiq olduğunun fərqinə varacaqlar. “Tayms” və “Newsweek”  kimi məşhur dərgilərdə “ilin adamı”, “ilin xalqı”, “ilin ölkəsi” elan olunmaq özü bir göstəricidir. Yəni bu xalqın bir illik fəaliyyətinə yox, mahiyyətinə verilən qiymətdir. O baxımdan Azərbaycan xalqının qiymətini dünya mediası da verib və bu, ən azı müasir dövr üçün əbədi qiymətdir. Ona görə də “xalq niyə dəyişdi və niyə belə oldu” kimi bədbin suallarla özünü də, başqalarını da yormağın anlamı yoxdur. Xalq bizdən ibarətdir, hər birimizdən, hər birimiz ləyaqətli vətəndaş kimi missiyamızı, borcumuzu, üzərimizə düşəni yerinə yetirsək, xalqıımızın “İlin xalqı” olduğu haqda həmin qiymət bir daha öz əbədiliyini təsdiq edəcək”.

“Son illərdə insanlarda gedən transformasiyanın birinci səbəbi qidalarla bağlıdır”

Psixoloq Dəyanət Rzayev 80-ci illərin sonunda sosializm və kapitalizm düşərgələri arasında “soyuq müharibə”nin dayanmadığını xatırladaraq bildirib ki, Qorbaçov yenidənqurması başlayandan sonra Azərbaycan xalqı SSRİ-də müsəlman xalqları arasında milli kimliyini dərk edən birinci xalq idi:

“Biz müstəqil olmağımızı birinci dərk etdik, düzdür, bu başlanğıcda Dağlıq Qarabağ probleminin də rolu oldu. SSRİ-nin çökməsi də “Tayms” jurnalını yönəldənlərin maraqlarındaydı”.

 Azərbaycan xalqının indiki durumuna gəldikdə, psixoloq müxtəlif amillərin təsirininin olduğunu düşünür:

Dəyanət Rzayev foto sosial şəbəkə

“Məsələn, monqol xalqı tarixdə böyük imperiya yaradıb və dünyanın yarıdan çoxuna sahib olub, ancaq bu gün ən mağmın adama “monqol” deyirlər. Fikir verirsiniz, halbuki, bu xalqın tarixə hökm edən dövrləri olub. Son illərdə insanlarda gedən transformasiyanın birinci səbəbi qidalarla bağlıdır. Adi bir misal, sovet dövründə broyler toyuğu yox idi. Son 20-25 ildə toyuqlara, inəklərə, bitkilərə və başqa məhsulların çəkisinin artması üçün xüsusi dərman vururlar, bunu da qidanın çatışmazlığı və insanların artması ilə izah edirlər. Bu isə kişilərin xarakterinə, xasiyyətinə, hətta onda qadınlaşmanın güclənməsinə təsir edir. 1989-cu ildə, yaxud 20 Yanvarda və ardınca Qarabağ savaşında ölümə gedən Azərbaycan kişisində psixoloji, yaxud mənəvi cılızlaşma gedir. Həmin illərin xalqı, doğrudan da, “İlin xalqı” idi, öz müstəqilliyi və ərazi bütövlüyü uğrunda ölümə gedən xalq başqa ada layiq görülə bilməzdi. İkinci amil iqtisadidir, bu amil insanlara bütün hallarda mənfi baxımdan diktə edir. İnsanlarda iqtisadi həmrəylik yoxdur, xarici ölkələrdə aşpazların maaşlarını azalanda həmkarlar ittifaqı onları dəstəkləyir və geniş aksiyalar keçirirlər. Azərbaycanda 200 manata 12 saat marketdə işləyən fəhlə əməkhaqqını artırılmasını tələb edə bilmir, tələb etsə, sahibkar onu qovacaq və başqasını işə götürəcək. Həmin başqası da əvvəlki işçiyə dəstək vermək əvəzinə onun yerinə heç nə olmamış kimi işləyəcək, ancaq bu durumun sabah onu da gözlədiyini anlamır. Bax, həmrəylik olmadığından indiki vəziyyət yaranıb. Nəhayət, üçüncü amil qorxudur, 80-90-cı illərdə insanlar heç nədən qorxmadan meydanlara çıxırdı. Təsəvvür edin ki, iki devalvasiyadan sonra banka borclu qalan gedib məsələni araşdırıb hüququnu tələb etmək əvəzinə intihara əl atır. Axı intiharla heş nəyə nail olmaq mümkün deyil”.

“Azərbaycan xalqı qorxu, qeyri-müəyyənlik və ümidsizlikdən asılı qalıb”

foto sosial şəbəkə

Dəyanət Rzayev hesab edir ki, 25-27 il əvvəl bütün mənalarda cəsarət göstərən Azərbaycan xalqı qorxu, qeyri-müəyyənlik və ümidsizlikdən asılı qalıb:

“İnsanlar deyir ki, bir parça çörəyim olsun, ancaq sakitçilik içində. Halbuki, insanları çox sıxanda partlayış yaranır, bu isə yaxşı heç nə vəd etmir. Ona görə hökumət insanlara iqtisadi və siyasi azadlıqlar verməlidir”.

Ana səhifəAnalitika”26 il əvvəlin ”İlin xalqı” ümidsizlikdən asılı qalıb”