”25 min manat rüşvət vermədim deyə evimi yandırdılar”

Nübar Həsənova hər gün evinə gələn çağırılmamış qonaqları qarşılayır. SOCAR-ın işçiləri günaşırı Lökbatan qəsəbəsində yerləşən Dadaş Bünyadzadə küçəsinə gəlirlər. Nübar Həsənova yanvarın 1-də hasarının söküldüyünü, 13 mayda isə evinə od vurulduğunu deyir. Səbəb kimi Socar-ın işçilərinin tələb etdiyi 25 min manat rüşvəti verməməsini göstərir.

Şikayətçi deyir ki, evdə işıq olmayıb, ona görə qısaqapanmadan alışa bilməzdi. Qazı da söndürüb gedib. O Socar-ın işçilərinin evi yandırdığını düşünür. Həmin müddətdə evin söküntüsü ilə bağlı məhkəmə qərarı olmayıb. SOCAR-ın qanunsuz tikili olduğu üçün evin sökülməsi ilə bağlı iddiasına Qaradağ rayon Məhkəməsində baxılır.

Nübar Həsənovanın qonşusu Bəxtiyar Musayev deyir ki, SOCAR-ın işçiləri hər gün gəlib xanımla mübahisə edirlər.

SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov məsələni araşdıracaqlarını bildirib.

Nübar Həsənova evi 6 il küçələrdə əşya satıb 2015-ci ildə 30 min manata aldığını deyir. Sənədli ev almağa çalışdığını, amma pulunun o qədər çox olmadığını dilə gətirir. İndi talassemiya xəstəsi olan uşağı ilə qonşularda, qohumlarda gecələyir.

Ana səhifəVideo”25 min manat rüşvət vermədim deyə evimi yandırdılar”