2026-cı ildə dövlət büdcəsinin hər 100 manatından 6 manatı borc ödənişinə gedəcək

Foto: Smile Studio AP\shutterstock

2026-cı ilin dövlət büdcəsinin xərclərinin 6 faizi dövlət borclarının ödənilməsinə yönəldiləcək. Bu göstərici 2025-ci ilin büdcəsinin müvafiq xərcindən 2,4 faiz çoxdur. Ümumilikdə, borcların ödənilməsi üçün 2,39 milyard manat nəzərdə tutulur. Bunun 1,05 milyard manatın daxili, 1,4 milyard manatın isə xarici dövlət borcuna xərclənməsi nəzərdə tutulub.

Borc yükünün ildən-ilə artması risklər yaradır

Son illərin büdcə sənədləri göstərir ki, dövlət borclarına xidmətlə bağlı xərclər artım tendensiyası nümayiş etdirir. 2024-cü ildə bu istiqamətdə 1,3 milyard manat, 2025-ci ildə isə 2,45 milyard manat vəsaitin xərclənməsi proqnozlaşdırılıb. Bu, dövlət borcunun büdcə xərclərindəki payının 8,2 faiz artması deməkdir.

Maliyyə Nazirliyinin “2026–2029-cu illər üzrə Orta Müddətli Xərclər” sənədinə görə, 2029-cu ildə borc ödənişlərinin 3 milyard manata çatacağı proqnozlaşdırılır. Hətta həmin dövrə qədər borc xərclərinin büdcə xərclərindəki çəkisi 7 faizə çatacaq.

Bu dövrdə əsas risklərdən biri neft-qaz gəlirlərinin azalmasıdır. Son büdcə müzakirələri göstərir ki, hökumət vergi dərəcələrini artırmaqla, güzəştləri ləğv etməklə və bəzi xərcləri ixtisar etməklə azalan neft-qaz gəlirlərini kompensasiya etməyə çalışacaq. Belə vəziyyətdə dövlət borcunun ödənilməsi yükü qeyri-neft sektorunun üzərinə düşəcək. Ölkədə iqtisadiyyatın şaxələnməməsi, istehsalın zəif olması, sahibkarlarla bağlı azad mühitin olmaması vergi daxilolmalarında risklər yaradır. Risklər öz ardınca büdcə kəsirinin örtülməsində təhlükələrə səbəb olur.

Belə ki, 2025-ci ilin dövlət büdcəsində 3,8 milyard manatdan çox kəsir proqnozlaşdırılır. Maliyyə Nazirliyinə görə, bu kəsirin örtülməsi üçün əsas mənbələrdən biri borclanma olacaq. Bu isə təbii olaraq dövlət borcunun artımına səbəb olur.

Nazirliyin 2025-ci ilin birinci yarısına dair “Dövlət borcu haqqında” bülletenində qeyd olunur ki, xarici dövlət borcu portfelinin 42 faizi büdcə kəsirinin maliyyələşdirilməsinə yönələn öhdəliklərdən ibarətdir. Buraya avrobondlar (avtomobil və nəqliyyat sektoru üçün buraxılan istiqrazlar), qiymətli kağızlar və digər maliyyə alətləri daxildir.

Xarici borcun 27,7 faizi və ya 1,4 milyard dolları avrobondlardan formalaşır. Bu istiqrazlar 3,5–5,1 faiz arasında gəlirliliklə, həm qısamüddətli, həm də uzunmüddətli dövrlər üçün təqdim edilir.

Bir neçə gün öncə Prezident İlham Əliyev AMEA-da çıxışı zamanı Azərbaycanın xarici borc göstəricilərinə toxunaraq, vəziyyətin sabit olduğunu bildirib: 

“Bir çox inkişaf etmiş ölkələrdə xarici borc onların ÜDM-nin yüz faizini, bəzən daha çoxunu təşkil edir. Bizdə isə bu, cəmi 6 faizdən bir qədər çoxdur. Valyuta ehtiyatlarımız 80 milyard dolları ötüb və xarici borcumuzdan 16 dəfə çoxdur. İstəsək, xarici borcumuzu bir neçə ay ərzində sıfırlaya bilərik. Bu göstəriciyə görə Azərbaycan dünya miqyasında aparıcı yerlərdədir”.

 Rəqəmlər təhlükələr haqqında nə deyir?

Maliyyə Nazirliyinin məlumatına əsasən, 2025-ci il 1 oktyabr tarixinə dövlət borcu 25 milyard 365,1 milyon manat təşkil edib. Borcun ÜDM-dəki çəkisi 19,5 faiz səviyyəsindədir. Bu göstərici beynəlxalq miqyasda aşağı riskli zona hesab olunur. Belə ki, Beynəlxalq Valyuta Fondunun tövsiyələrinə əsasən, 60 faizə qədər olan borc səviyyəsi təhlükəsiz sayılır.
Dövlət borcunun 8 milyard 318,2 milyon manatı (4,8 milyard dolları) xarici, 17 milyard 46 milyon manatı isə daxili borcun payına düşür.

2025-ci il 1 oktyabr tarixinə xarici borc 4,89 milyard ABŞ dolları təşkil edib və bu da ÜDM-də 6,4 faiz paya malikdir. İlin əvvəlindən bəri borc 236,6 milyon dollar azalıb. Xarici borcun 3,5 milyard dolları kreditlərdən, 1,3 milyard dolları isə avrobondlardan ibarətdir.

Bu öhdəliklərin 50,7 faizi 5 ilə qədər, 43,9 faizi 10 ilə qədər, 5,4 faizi isə 10 ildən yuxarı müddət ərzində qaytarılmalıdır.
İlin 9 ayında xarici borc üzrə 435,8 milyon dollar əsas borc, 191,8 milyon dollar faiz ödənişi həyata keçirilib.

Cari ilin ilk 9 ayında daxili borcun həcmi isə 17 milyard manat olub. Bu da ÜDM-də 13,1 faiz təşkil edir. Oktyabrın 1-nə olan məlumata görə, daxili borcda 1,6 milyard manat azalma müşahidə edilib.

Daxili borcun 53,1 faizi hökumət üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərdən, 46,9 faizi isə dövriyyədə olan qiymətli kağızlardan ibarətdir.

Bu ilin 9 ayında təkcə dövlət istiqrazları üzrə əsas borc ödənişləri üçün investorlara dövlət büdcəsi və “Dövlət borcu və zəmanət üzrə öhdəliklərin Təminat Fondu”ndan 1,4 milyard manat ödənilib.

Dövlət zəmanətli kreditlərin həcmi 10,7 milyard manata çatıb

İlin 9-cu ayına dair statistikaya əsasən, dövlət zəmanəti ilə götürülmüş kreditlər  10,7 milyard manat təşkil edib. Bunun 84,4 faizi (9 milyard manat və ya 5,3 milyard dollar) xarici kreditlərə, 15,6 faizi isə daxili kreditlərə aiddir. Onun 4,2 milyard dolları “Cənub Qaz Dəhlizi” QSC üzrə götürülən kreditlər təşkil edir.

Dövlət zəmanətli kreditlərin 58,8 faizi sabit faiz dərəcəsinə malik olsa da, 41,2 faizi dəyişkən faiz dərəcəli öhdəlikdir. Dəyişkən faiz dərəcələri isə maliyyə bazarının dinamikasına uyğun olaraq risklər və üstünlüklər yaradır.

Ekspertlərə görə, Azərbaycanın dövlət borcu beynəlxalq meyarlara görə hələ ki  təhlükəli səviyyədən uzaqdır. Bununla belə, borc xidmətinin büdcədəki çəkisinin ildən-ilə artması, xüsusilə neft gəlirlərinin azalması fonunda, maliyyə sabitliyinə gələcəkdə təzyiq yarada bilər.

Onların fikrincə, borclanma siyasətini məqsədyönlü şəkildə davam etdirmək lazımdır. Yəni, yeni borclar yalnız istehsal gücü və qeyri-neft sektorunu genişləndirən layihələrə yönəldilməlidir. Əks halda, büdcə kəsirinin artması borc yükünün də artması ilə nəticələnə bilər.

Hazırkı göstəricilər sabit maliyyə vəziyyətini təsdiqləsə də, büdcə strukturunun neft gəlirlərindən asılılığı və borc xidmətinin yüksələn tendensiyası gələcək illərdə ciddi fiskal intizam tələb edəcək.

Ana səhifəİqtisadiyyat2026-cı ildə dövlət büdcəsinin hər 100 manatından 6 manatı borc ödənişinə gedəcək