2024-cü ilin büdcəsində nə var, nə yox?

Azərbaycan iqtisadiyyatı. Foto: motioncenter/shutterstock

Neft qiyməti aşağı götürülüb, hasilat azaldılıb, qeyri-neft sektorundan daxilolmalar artıb

Gələn il büdcə mədaxilinin hər iki manatından biri təbii resurs satışından formalaşıb. Bu, büdcənin neft-qaz gəlirlərindən asılılığının göstəricisidir.

İqtisadçı Rövşən Ağayev düşünür ki, əslində bu göstərici daha yüksəkdir. Çünki hökumət Dövlət Neft Şirkətində hasilatın pay bölgüsü, sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı şirkətlər, onlara xidmət göstərən subpodratçı subyektlərdə çalışanların vergi ödəmələrini neft-qaz sektoruna aid etmir.

Milli Məclis, Foto: By Photographer RM/Shutterstock

İctimaiyyətə açıqlanmayan məlumatlar deyir:

Hökumətin ictimaiyyətə açıqlamadığı, parlament üzvlərinə təqdim etdiyi büdcə zərfinə daxil olan sənədlərin və Dövlət Neft Şirkətinin illik maliyyə hesabatlarında ödənən vergilərlə bağlı məlumatların analizi göstərir ki, bu mənbədən büdcəyə azı 500 milyon manat gəlib. Bu nəzərə alınsa, neft-qaz sektorunun büdcəyə töhfəsi 52 faizdən az olmaz”.

İqtisadçı Rövşən Ağayevin bu fikirləri onun “Baku Research Institute” üçün hazırladığı analizdə qeyd edilib.

Milli Məclis gələn il üçün dövlət büdcəsinin müzakirəsini başa çatdırıb.

Açıqlanan rəsmi məlumatlardan bəlli olur ki, 2024-cü ilin dövlət büdcəsi 34.173 milyard manatdır.

Rövşən Ağayev
Mənbə: Meydan TV

Rövşən Ağayev bildirir ki, bu, 2023-cü ilin proqnoz göstəricisilə müqayisədə 283 milyon manat və ya 0,8 faiz çoxdur.

Qeyd: 2023-cü il üzrə 33.890 milyard olub.

İqtisadçı bildirir ki, hökumət 2024-cü ildə həm xam neftin, həm də təbii qazın dünya bazarlarında qiymətinin aşağı olacağını gözləyir. Buna görə də xam neftin proqnoz qiymətini 60 dollar götürüb:

“Həmçinin, büdcə sənədlərindən görünür ki, gələn il xam neft hasilatı 1.1 milyon ton azalacaq”.

Neft sektorunun vergisində 2 milyarda yaxın azalma

Rövşən Ağayev deyir ki, elə buna görə də neft sektoru üzrə vergi daxilolmalarının proqnozu aşağı müyyən edilib. Məsələn, 2023-cü ildə neft sektorunun vergi ödəmələri 6 milyard manat təsdiqlənmişdisə, indi bu rəqəm 4383 milyard manata endirilib:

Lakin Dövlət Neft Fondundan transfertlərin həcmi 1 milyard manat artırılıb – 12.8 milyard olub. Beləliklə, gələn ilin büdcə gəlirinin 17.164 milyon manatı neft sektorunun ödəmələri ilə formalaşacaq (50,2 faiz)”.

Neft. Foto: Millenius/shutterstock

Neft şirkətləri üzrə büdcə ödəmələrinin yarısından çoxunu Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) təmin edəcək – 2 milyard vergi, 408 milyon manat dividend (2.408 milyard). Şirkətin gələn il üçün büdcə öhdəliyi 2023-cü ilə baxanda 208 milyon (10 faiz) çox olacaq:

“Xarici neft-qaz şirkətlərinin vergi öhdəlikləri 1.975 milyard manat gözlənilir. Bu, 2023-cü ildəkindən 2 milyard azdır. Həmin məbləğin 370 milyon manatı Azəri-Çıraq-Günəşli, 1.605 milyard manatı isə Şahdəniz layihəsi çərçivəsində ödənəcək”.

Qeyri-neft sektoru

2024-cü ilin büdcə gəlirlərinin 49,8 faizi (17 milyard) qeyri-neft sektorundan gələcək. Bu, 2023-cü ilin göstəricisindən 850 milyon manata yaxın (5 faiz) çoxdur. Artımın 172 milyon manatını gömrük, 500 milyon manatdan bir az artıq hissəsini isə vergi orqanları təmin edəcək”, – Rövşən Ağayev əlavə edib.

Vergi daxilolmaları

İqtisadçı yazır ki, 2024-cü ildə büdcənin qeyri-neft gəlirinin 9,890 milyard manatı Dövlət Vergi Xidməti, 5.9 milyard manatı Gömrük Komitəsi vasitəsilə formalaşacaq. Bundan əlavə, 831 milyon manat büdcə təşkilatlarının ödənişli xidmətləri, 388 milyon manat isə sair gəlir növləri xəttilə daxil olacaq:

vergi
Foto: Meydan TV

Proqnozlaşdırılan 34.173 milyard manat dövlət büdcəsi gəlirlərinin 19.567 milyardı və ya 57,3 faizi dövlət sektorunun ödəmələri hesabına formalaşacaq. Halbuki rəsmi məlumatlarda ÜDM-nin formalaşmasında dövlət sektorunun payı 14 faizdən az göstərilir. Bir sözlə, büdcənin dövlət sektorundan asılılığı neft-qaz gəlirlərində olduğundan daha kritikdir”.

Xarici investorlar və yerli sahibkarlıq subyektləri

Rövşən Ağayev sonda bildirir ki, gələn il dövlət bücəsinə özəl sektor tərəfindən ödənilməsi proqnozlaşdırılan 14.606 milyard manatın 2.8 milyardı (19,2 faiz) xarici investisiyalı müəssisələrin öhdəliyidir. Onun sözlərinə görə, xarici investorların vergi öhdəliyi əsasən, fiziki şəxslərin vergisi, hüquqi şəxslərin mənfəət vergisi və ƏDV hesabına formalaşacaq:

Azərbaycana yatırılan investisiya. Foto: motioncenter/shutterstock

Ümumilikdə gələn ilin ümumi büdcə gəlirlərində xarici investisiyalı müəssisələrin payı 8,1 faiz, yerli biznesin payı isə 34,6 faiz səviyyəsindədir. Bu, o deməkdir ki, yerli sahibkarlıq subyektləri büdcəyə daxil olan hər üç manatdan birini təmin edə bilir”.

Qarabağa gəlincə, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində bildirilir ki, gələn il Qarabağın bərpasına 3825 milyon manat ayrılacaq. Bu, 2023-cü ildə ayrılan vəsaitdən 20.3 faiz və ya 975 milyon manat azdır.

Ana səhifəİqtisadiyyat2024-cü ilin büdcəsində nə var, nə yox?