Tbilisidə hökumət əleyhinə etirazların ikinci ildönümü ilə bağlı genişmiqyaslı aksiya keçirilib.
Şəhərin üç fərqli nöqtəsindən yürüş edən nümayişçilər Azadlıq meydanına toplaşıblar. Aksiyanın əsas şüarı “İvanişvilisiz Gürcüstan, Gürcüstan Avropadır” olub.
2024-cü il noyabrın 28-də baş nazir İrakli Kobaxidze Avropa İttifaqına inteqrasiya prosesinin dayandırıldığını elan edib. Bundan sonra ölkədə kütləvi etirazlar başlayıb. Polis aksiyalara müdaxilə edib, çox sayda etirazçı saxlanılıb.
“Axali” partiyasının həmtəsisçisi Nika Qvaramiya həbsdəki etirazçıların unudulmayacağını bildirib. O, Gürcüstanın Avropa gələcəyi və gələcək nəsillər üçün mübarizənin davam edəcəyini vurğulayıb.
Onun sözlərinə görə, hakimiyyət onları məhkəmə zallarından çıxara bilər, lakin həqiqət etirazçıların tərəfindədir.
“Amnesty International” təşkilatı da etirazların ildönümü ilə bağlı bəyanat yayıb. Təşkilat repressiyaların cəmiyyətin bütün sahələrinə yayıldığını bildirib. Hakimiyyəti işgəncə və pis rəftar iddialarını araşdırmağa, siyasi məhbusları azad etməyə çağırıb.
Baş nazir İrakli Kobaxidze isə hökumətin iki il əvvəlki qərarını müdafiə edib. O bildirib ki, son iki il daha sakit keçib və hökumətin məqsədi ölkəni sakitləşdirmək olub.
Kobaxidzenin sözlərinə görə, ötən iki il qərarın düzgünlüyünü göstərib.
Gürcüstanda siyasi qarşıdurma, müxalifətə və vətəndaş cəmiyyətinə qarşı təzyiqlər davam edir.