İtaliyanın Demokrat Partiyasının deputatları ölkənin müvafiq nazirliklərinə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) fəaliyyəti ilə bağlı sorğu ünvanlayıblar.
Deputatlar İrene Manzi və Augusto Curti “Made in Italy” Nazirliyinə, eləcə də Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinə ünvanladıqları sorğuda SOCAR-ın bu ölkədə satın aldığı “Falconara” neft emalı zavodunun fəaliyyəti və təhlükəsizliyi ilə bağlı üzərinə götürdüyü öhdəliklərin ictimaiyyətə açıqlanmasını tələb ediblər.
Buna səbəb isə oktyabrın 8-də SOCAR-ın yeni satın aldığı zavodda yanğın baş verməsi olub. Yanğınsöndürmə xidmətinin ilkin araşdırmasına əsasən, yanğının yükləmə qurğusundakı nasosun nasazlığı nəticəsində baş verdiyi ehtimal olunur.
Deputatlar qeyd ediblər ki, təxminən 330 işçinin çalışdığı neft emalı zavodunun sahibi olan “Italiana Petroli” şirkətinin səhmlərinin 99,82 faizi SOCAR-ın nəzarətinə keçib:
“Bu məqsədlə Nazirlər Şurası sədrinin müvafiq tələbləri müəyyən edən fərmanı qəbul edilib və bu barədə 2026-cı ilin fevral ayının sonunda məlumat verilib. Sözügedən tələblər heç vaxt ictimaiyyətə açıqlanmayıb. Marke regionunun rəhbərliyi sənaye sirrinin qorunması məqsədilə bu tələblərin məxfi saxlanıldığını və alqı-satqı əməliyyatı başa çatdıqdan sonra açıqlanacağını bəyan etmişdi. Lakin əməliyyatın tamamlanmasından altı ay keçməsinə baxmayaraq, heç bir məlumat təqdim edilməyib.
Sənaye planı, investisiyalar, istehsalat obyektlərinin təhlükəsizliyi və ya çirklənmiş ərazilərin təmizlənməsi barədə heç bir məlumat verilməyib”.
Deputatlar bildiriblər ki, fevralın 3-də də parlament sorğusu ünvanlasalar da, hökumətdən cavab ala bilməyiblər.
Azərbaycanın İtaliyada 6 milyard dollarlıq sərmayəsi…
Xatırladaq ki, 2025-ci ilin sentyabrında SOCAR İtaliyanın aparıcı enerji şirkətlərindən biri olan “Italiana Petroli” (IP) şirkətinin səhmlərinin 99,82 faizini “API Holding”dən almaq barədə razılaşma imzalayıb. Sözügedən alqı-satqı əməliyyatının dəyərinin təqribən 3 milyard dollar olduğu bildirilir. Lakin bu vəsaitin hansı mənbələr hesabına maliyyələşdirildiyi açıqlanmayıb. Başqa sözlə, əməliyyatın SOCAR-ın öz vəsaiti, yoxsa dövlətin digər maliyyə resursları hesabına həyata keçirildiyi məlum deyil.
Cari ilin sentyabrında Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov İtaliyaya yönəldilən birbaşa investisiyaların həcminin də təxminən bu həddə olduğunu bildirmişdi. Bu isə layihənin xarici borclanma hesabına maliyyələşdirilməsi ehtimallarını azaldır.
Bu alqı-satqı nəticəsində iki neft emalı zavodu -“Falconara” və “Trecate” zavodları, eləcə də 4500-dən çox yanacaqdoldurma məntəqəsini əhatə edən satış şəbəkəsi SOCAR-ın idarəçiliyinə keçib.
Lakin Azərbaycanın İtaliyanın enerji sektoruna nüfuz etməsi bununla məhdudlaşmır. Belə ki, bir neçə ay əvvəl SOCAR İtaliyanın “Eni S.p.A.” şirkətindən Kot-d’İvuarda yerləşən “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10 faizlik iştirak payını əldə edib. SOCAR bu layihədə iştirak payının alınmasına 315 milyon dollar vəsait yönəldib. Bildirilir ki, bu məbləğ hələlik sövdələşmənin baza qiymətidir.
Bir neçə gün əvvəl Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Rövşən Cavadov Fondun İtaliyaya 2,8 milyard ABŞ dolları həcmində investisiya yatırdığını bildirib. Cavadov Neft Fondunun investisiya portfelinin 4 faizinin İtaliyada olduğunu açıqlayıb.
Beləliklə, SOCAR-ın İtaliyadakı aktivlərin alınmasına və enerji layihəsinə yönəltdiyi vəsaitlər, eləcə də Dövlət Neft Fondunun bu ölkədəki investisiyaları nəzərə alındıqda, ümumilikdə 6,1 milyard dollardan çox sərmayədən bəhs etmək mümkündür.
İtaliyanın yanacaq sektorunda SOCAR-ın 24 faizlik payı: ölkənin enerji suverenliyi ilə bağlı narahatlıqlar yaranıb
İtaliya mediasında Azərbaycanın iri dövlət şirkətinin ölkənin enerji sektorunda mövqelərinin güclənməsi ilə bağlı narahatlıqlar ifadə olunur. Bu narahatlıqlar IP şirkətinin İtaliyanın yanacaq bazarında 24 faizlik paya malik olması ilə əsaslandırılır.
“2024-cü ildə 12 milyard avro gəlir və təxminən 900 milyon avro mənfəət əldə edən bu şirkət kifayət qədər sağlam maliyyə göstəricilərinə malikdir”, – dərc olunan məqalələrin birində qeyd edilir.
Məqalə müəllifi yazır ki, bu alqı-satqı nəticəsində SOCAR öz aktivləri sırasına İtaliyanın milli enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyan yüksək dəyərli bir aktivi daxil edir:
“Eyni zamanda, 2025-ci ildə Azərbaycan TAP boru kəməri vasitəsilə İtaliyanın qaz idxalının 20 faizini, neft idxalının isə 15 faizini təmin edir. Beləliklə, Azərbaycanın nəhəng dövlət şirkətinin IP-ə daxil olması ölkənin enerji suverenliyinin idarə olunması baxımından ciddi problem yaradır”.
Yunanıstan təcrübəsi İtaliyaya şamil oluna bilərmi?
Qeyd edək ki, SOCAR daha əvvəl Avropa İttifaqına (Aİ) üzv olan Yunanıstanın enerji sektorunda da inhisarçı mövqe əldə etməyə çalışmışdı.
2013-cü ildə SOCAR Yunanıstanın təbii qaz nəqli şəbəkəsini və mayeləşdirilmiş təbii qaz (LNG) terminalını idarə edən DESFA şirkətinin səhmlərinin 66 faizini 400 milyon avroya almaq üzrə tenderin qalibi olmuşdu.
Bu addım Cənub Qaz Dəhlizi və Trans-Adriatik Boru Kəməri (TAP) layihələri çərçivəsində strateji əhəmiyyət daşıyırdı. Çünki sövdələşmənin baş tutacağı təqdirdə SOCAR Yunanıstana qaz ixrac edən şirkət olmaqla yanaşı, ölkənin əsas qaz paylayıcı sektoruna da nəzarət imkanı əldə edəcəkdi.
Lakin Avropa Komissiyasının başlatdığı antiinhisar araşdırması və sonrakı proseslər nəticəsində sövdələşmə 2016-cı ildə baş tutmadı.
Brüsselin əsas narahatlığı ondan ibarət idi ki, qaz hasilatı və satışı ilə məşğul olan SOCAR-ın Yunanıstanın əsas qaz infrastrukturuna nəzarət etməsi bazarda rəqabət mühitinə və digər təchizatçıların qaz infrastrukturuna çıxış imkanlarına mənfi təsir göstərə bilərdi.
Lakin Azərbaycanın İtaliya enerji sektorunda mövqeyini bərkitməsi fonunda Avropa İttifaqı bunu sükutla qarşılamağa üstünlük verir.
Siyasi şərhçi Rauf Mirqədirov Meydan TV-yə açıqlamasında bildirir ki, iqtisadi münasibətlərdə İtaliya ilə Yunanıstanı bir tərəziyə qoymaq düzgün deyil. Onun sözlərinə görə, İtaliya Avropanın ən böyük iqtisadiyyatlarından, habelə hərbi güc baxımından da ən önəmli dövlətlərindən biridir. Yunanıstan isə Avropa Birliyindən dotasiya alan bir ölkədir.
“İkincisi, İtaliya elitası ruhən Azərbaycan elitasına yaxındır. Bu ölkənin sol və təbiəti mühafizə cərəyanlarının Azərbaycana münasibəti neqativ olub. Amma hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycanla hər zaman əməkdaşlıq edilib. Azərbaycan iqtisadiyyatı bir qədər də açıq olsaydı, düşünürəm ki, bu əməkdaşlığın səviyyəsi daha yüksək olardı. İtaliya bütün hallarda demokratik bir ölkədir. Belə bir demokratik ölkənin eyni zamanda öz maraqları da var. Və bu maraqlardan istifadə edən inhisarçı qüvvələr də”, – siyasi şərhçi vurğulayır.

R.Mirqədirov SOCAR-ın İtaliya bazarında hər hansı bir inhisarçı təhlükə yarada biləcəyini düşünmür:
“Çünki iqtisadiyyatların həcmi fərqlidir. Əməkdaşlıq etməyə hazırdırlar və Azərbaycan da bundan istifadə edir. Avropa dövlətləri nə qədər təhlükəli deyilsə, yatırımları qəbul etməyə hazırdır. Azərbaycanın geniş mənada İtaliya, Almaniya və Fransa üçün təhlükə yarada biləcəyini söyləmək sadəlövhlük olardı. Doğrudur, Azərbaycanın İtaliyanın Avropa Parlamentindəki deputatlarını satın alması ilə bağlı qalmaqal yaranmışdı. Amma bu, bütövlükdə İtaliyanın nə xarici siyasətinə, nə də iqtisadiyyatına təsir göstərə bilir. Ona görə satın alır ki, Azərbaycanda insan haqları, demokratiyanın acınacaqlı vəziyyəti ilə bağlı, daha doğrusu, ölkədə demokratiya adına heç nə qalmaması barədə müzakirələr olanda Azərbaycanı dəstəkləsinlər. Bunu İngiltərədə də edirlər, Almaniyada da edirlər”.
Yeni geosiyasi yollar, mövqe “savaş”ları və qurban verilən insan hüquqları
Ümumiyyətlə, ticarət dövriyyəsinin həcminə nəzər saldıqda İtaliya bazarının Bakı üçün önəmli olduğunu görmək mümkündür. Cari ilin ilk 10 ayının göstəricilərinə görə, Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin həcmi 11,6 milyard dollar olub. Bununla da İtaliyanın Azərbaycanın ümumi xarici ticarət dövriyyəsindəki payı 26,8 faiz təşkil edib.
Ticarət dövriyyəsinin 11,1 milyard dollarını Azərbaycandan İtaliyaya mal ixracı təşkil edib. Ümumi ixracımızın 40 faizi bu ölkənin payına düşüb. Əlbəttə ki, ixracda əsas yeri neft və qaz satışı tutur. Cari ilin 10 ayı ərzində Azərbaycan İtaliyaya 6,8 milyard dollarlıq neft, 3,2 milyard dollardan çox isə təbii qaz satıb [qaz ixracına dair məlumat ilk 9 ayın göstəricisidir].
Roma Azərbaycanın xarici iqtisadi əlaqələrində hər zaman mühüm yer tutub. Son illərdə isə Avropanın Cənubi Qafqazda Orta Dəhliz layihəsinə marağının artması fonunda İtaliya öz mövqeyini daha da gücləndirmək istəyir. Bu baxımdan iki ölkə arasında qarşılıqlı investisiyaların artmasına dair öhdəliklər götürülüb.
Bu səbəbdən Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda tərəflər arasında bir sıra investisiya layihələrinə dair memorandumlar, sazişlər və müqavilələr imzalanıb. Təəssüf ki, ümumi investisiyaların həcmi ictimaiyyət qarşısında açıqlanmayıb.
İtaliyanın baş nazirinin müavini, xarici işlər naziri Antonio Tajani “Trend”ə verdiyi müsahibəsində bildirib ki, “Abşeron” qaz yatağı, SOCAR-ın Sumqayıtda tikməyi planlaşdırdığı neft emalı zavodu və Bakının nəqliyyat infrastrukturunun modernləşdirilməsi də daxil olmaqla, irimiqyaslı layihələr İtaliya şirkətləri üçün konkret imkanlar yaradır.
Tajani bildirib ki, rəsmi Roma Mərkəzi Asiyanın bərpaolunan enerji ehtiyatlarını Azərbaycan vasitəsilə Avropa bazarlarına bağlaya biləcək Yaşıl Enerji Dəhlizi və Transxəzər Elektrik Dəhlizi layihələrinin texniki-iqtisadi əsaslandırılmasını dəstəkləyir:
“Bu layihələr həmçinin İtaliya xarici siyasətinin əsas prioriteti olan Qara dəniz-Adriatik bölgəsinin və Qərbi Balkanların strateji əhəmiyyətini gücləndirir”.
O, dəhlizin İtaliya üçün strateji əhəmiyyət kəsb etdiyini, Azərbaycan və Mərkəzi Asiya ilə əlaqələri gücləndirdiyini qeyd edib.
Rauf Mirqədirov bildirir ki, rəsmi Bakı həmişə İtaliya ilə müxtəlif sahələrdə əməkdaşlıq edib. Onun sözlərinə görə, bu əməkdaşlıq enerji sahəsi ilə yanaşı, hərbi sənaye sahəsində də qurulub:
“Azərbaycan İtaliya ilə hərbi sənaye sahəsində əməkdaşlıq edir. İtaliyadan hərbi məqsədli təyyarələr alır. Bunlar açıq olan məlumatlardır”.
Siyasi şərhçi bildirir ki, son zamanlar enerji sahəsində, xüsusilə qaz təminatı sahəsində Avropada ciddi çətinliklər var:
“Xüsusilə Rusiyaya qarşı sanksiyaların artması fonunda qazın digər mənbələrdən alınması məsələləri daha çox əhəmiyyət kəsb etməyə başlayıb. Digər tərəfdən, Orta Dəhlizlə bağlı aktuallıq yaranıb. İtaliya Bakının infrastrukturuna çox ciddi maraq göstərir. Orta Dəhliz İtaliya üçün çox vacibdir. Çünki Şərq-Qərb ticarətində vacib rollardan birini oynaya biləcək”.
R.Mirqədirov eyni zamanda korrupsiya amilini də burada diqqətdən qaçırmır:
“Bildiyiniz kimi, İtaliya Qərbi Avropanın yüksək korrupsiya səviyyəsi olan ölkələrindən biridir. Onlarla işləmək Azərbaycan hökuməti üçün daha rahatdır. Bununla bağlı korrupsiya qalmaqalları da olub. Bu baxımdan, ruhən də İtaliya elitası ilə Azərbaycan elitasının birgə işləməsi daha rahatdır”.
“Orta Dəhliz təkcə iqtisadi layihə deyil, geosiyasi layihədir”
R.Mirqədirov hesab edir ki, Avropa geniş mənada Cənubi Qafqazla əməkdaşlıq etməkdə maraqlıdır:
“Bu mənada Azərbaycanla əməkdaşlıq xüsusi önə çıxır. Ona görə də Azərbaycana edilən səfərlər artıb. Təsəvvür edirsiniz ki, Ursula von der Leyen İlham Əliyevin qəbuluna gəlir. İlham Əliyevi Almaniyanın baş naziri iqamətgahında qəbul edir. 3-4 il bundan əvvəl bunu təsəvvür etmək bir qədər qəribə gələrdi. Çünki Azərbaycanın insan haqları, demokratiya ilə bağlı reputasiyası pis idi. İndi isə bu məsələ bir qədər arxa plana keçib. Hətta qınaq belə yoxdur. Çünki Avropa üçün Orta Dəhliz məsələsi çox vacibdir”.
“Orta Dəhliz dedikdə bütövlükdə Cənubi Qafqazdan söhbət gedir. Habelə Cənubi Qafqazın Rusiya ilə qarşıdurmasında da çox vacib yeri var. Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmaq istəyirlər. Orta Dəhliz təkcə iqtisadi layihə deyil, geosiyasi layihədir. Bu məsələlər insan haqları, demokratiya məsələlərini arxa plana keçirib və Azərbaycanla çox rahat əməkdaşlıq edirlər. Heç bir qınaqla qarşılaşacaqlarını da gözləmirlər”, – deyə siyasi şərhçi vurğulayır.