İsrail klubu ilə oyun Gürcüstanda keçirildi, “Beşiktaş” azarkeşləri ilə polis arasında qarşıdurma yarandı

Foto:Reuters/Anadolu Agentliyi

Türkiyənin hakim partiyası və futbol klubları hadisələrə reaksiya verib, Azərbaycanın Türkiyədəki səfirliyi isə “Beşiktaş”ı qələbə münasibətilə təbrik edib.

Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel Beer-Şeva” komandaları arasında UEFA Avropa Liqasının əsas mərhələsinin oyunu Gürcüstanın Batumi şəhərində qarşıdurma ilə yadda qalıb. Azarkeşlərlə polis arasında baş verən insidentdən sonra qarşılaşma təxminən yarım saat dayandırılıb, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, 16 nəfər saxlanılıb.

Noyabrın 26-da “Batumi Arena”da keçirilən oyun Türkiyədə deyil, Gürcüstanda təşkil olunub. Qarşılaşma 25-ci dəqiqədə, hesab 0:0 olarkən tribunadakı hadisələrə görə dayandırılıb.

Məlumatlara görə, polis “Beşiktaş” azarkeşlərinə müdaxilə edib və gözyaşardıcı qazdan istifadə olunub. Türkiyə mediası qarşıdurmanın Fələstin bayrağı və Fələstinə dəstək pankartının nümayişi ilə əlaqəli olduğunu yazıb.

“Beşiktaş”ın futbolçuları azarkeşləri sakitləşdirməyə çalışıblar. Hakimlər briqadası və komandalar paltardəyişmə otağına gedib. Təxminən 30 dəqiqədən sonra oyun bərpa olunub və “Beşiktaş” 2:1 hesabı ilə qalib gəlib.

Gürcüstan polisi və Türkiyə tərəfinin fərqli açıqlamaları

Gürcüstan Daxili İşlər Nazirliyi hadisələrlə bağlı açıqlamasında bildirib ki, Avropa Meydanından stadiona yürüş zamanı bəzi azarkeşlər ictimai asayişi pozub, polisin qanuni tələblərinə tabe olmayıb və əməkdaşlara müxtəlif əşyalar atıblar.

Nazirliyin məlumatına görə, üç polis əməkdaşı xəsarət alıb, 16 nəfər saxlanılıb. Qurum xüsusi vasitələrdən istifadəni zorakılığın qarşısını almaq və ictimai asayişi qorumaq zərurəti ilə əsaslandırıb.

Nazirlik polisin müdaxiləsinin Fələstin bayraqları və pankartların nümayişinə görə baş verdiyi barədə məlumatları da təkzib edib. Qurumun versiyasına görə, qarşıdurma həmin bayraqlar nümayiş etdirilməzdən əvvəl, stadiona yürüş zamanı başlayıb.

UEFA isə noyabrın 26-da yaydığı açıqlamada qarşıdurmanın tribunada “Beşiktaş” azarkeşlərinin öz aralarında baş vermiş insidentləri dayandırmaq üçün polisin müdaxiləsindən sonra gərginləşdiyini bildirib.

Foto: Reuters/Anadolu Agentliyi

Beləliklə, hadisələrin başlanma səbəbi ilə bağlı Gürcüstan DİN-in, UEFA-nın və Türkiyə mediasının təqdim etdiyi məlumatlar arasında fərqlər var.

“Beşiktaş” klubu isə təhlükəsizlik qüvvələrinin azarkeşlərə qarşı qeyri-mütənasib güc tətbiq etdiyini bildirib. Klub Batumidəki Türkiyə Baş Konsulluğu və UEFA ilə məsələni araşdırmaq üçün əlaqə saxladığını açıqlayıb.

AK Partiya: “Beşiktaş azarkeşləri insanlığın səsi olub”

Hadisələr Türkiyənin siyasi dairələrində də reaksiyalara səbəb olub.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik sosial şəbəkə hesabında Fələstin bayrağı və “Fələstinə azadlıq” pankartı açan “Beşiktaş” azarkeşlərinə qarşı müdaxiləni qəbuledilməz adlandırıb.

O, azarkeşlərin “insanlıq ittifaqı adından danışdığını və insanlığın səsinə çevrildiyini” bildirib.

Çelik həmçinin İsrail komandasının meydandakı təxribatlarını pisləyib, hadisələr zamanı yaralanaraq xəstəxanaya yerləşdirilən azarkeşlərə şəfa diləyib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan da gürcüstanlı həmkarı Maka Boçorişvili ilə telefon danışığında stadiondakı Türkiyə vətəndaşlarının vəziyyətini müzakirə edib. Türkiyə XİN-in məlumatına görə, Tbilisidəki səfirliyin və Batumidəki baş konsulluğun əməkdaşları azarkeşlərin hüquqlarının qorunması üçün stadionda olublar.

Türkiyə Futbol Federasiyası da Gürcüstan polisinin müdaxiləsini pisləyib və hadisənin araşdırılmasını tələb edib.

Azərbaycan səfirliyindən “Beşiktaş”a təbrik

Qarşılaşmadan sonra Azərbaycanın Türkiyədəki səfirliyi də “Beşiktaş” klubuna təbrik mesajı ünvanlayıb.

Səfirliyin sosial şəbəkə hesabında yayılan paylaşımda İsrailin “Hapoel Beer-Şeva” komandasına qalib gələn İstanbul klubuna uğurlar arzulanıb.

“UEFA Avropa Liqasında Beer-Şevanın ‘Hapoel’ komandasına qalib gələn ‘Beşiktaş’ futbol klubumuzu ürəkdən təbrik edir, uğurlarının davamını arzulayırıq”, – paylaşımda bildirilib.

Bundan əvvəl isə Azərbaycanda hicabla bağlı etirazların keçirildiyi dövrdə Azərbaycanın Türkiyədəki səfirliyinin qarşısında da aksiyalar təşkil olunmuşdu. Etirazçılar Azərbaycanın İsraillə əməkdaşlığına və rəsmi Bakının İsrailə münasibətdə siyasətinə qarşı çıxırdılar.

Beləliklə, səfirliyin İsrail klubuna qalib gələn Türkiyə komandasını təbrik etməsi Azərbaycan-Türkiyə münasibətləri ilə yanaşı, Ankara və Bakının İsraillə münasibətlərinə dair ictimai reaksiyalar kontekstində də maraq doğurur.

Niyə İsrail klubu Türkiyədə oynamadı?

“Beşiktaş” – “Hapoel Beer-Şeva” qarşılaşmasının Batumidə keçirilməsi təsadüfi qərar olmayıb.

UEFA oktyabrın 30-da açıqlayıb ki, Türkiyənin müvafiq dövlət qurumları təhlükəsizlik səbəbindən oyunun İstanbulda keçirilməsinin mümkün olmadığını təşkilata bildiriblər. Tərəflərlə məsləhətləşmələrdən sonra qarşılaşmanın Gürcüstanın Batumi şəhərindəki stadionda keçirilməsi razılaşdırılıb.

Yəni oyunun Türkiyədən kənara çıxarılması İsrail klubunun özünün Türkiyəyə getməkdən imtina etməsi ilə bağlı deyil. UEFA-nın rəsmi açıqlamasına görə, qərarın təşəbbüskarı Türkiyə hakimiyyətinin təhlükəsizliklə bağlı müraciəti olub.

Bu qərarın arxasında İsrail və Türkiyə arasında son illərdə daha da kəskinləşən siyasi münasibətlər dayanır. Xüsusilə İsrailin 2023-cü ilin oktyabrından Qəzza zolağında apardığı hərbi əməliyyatlar Türkiyədə İsrailə qarşı etirazları gücləndirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail hökumətini dəfələrlə sərt tənqid edib. Ankara İsraillə ticarəti dayandırıb və Qəzzadakı hərbi əməliyyatlarla bağlı beynəlxalq hüquqi müstəvidə də addımlar atıb.

Belə şəraitdə İsrail klubunun Türkiyədə oynayacağı qarşılaşma təhlükəsizlik baxımından həssas hesab olunub.

Bu, ilk hal deyil

Türkiyə klublarının İsrail komandaları ilə oyunlarının ölkə xaricində keçirilməsi ilk dəfə baş vermir.

2024-cü ilin noyabrında da “Beşiktaş” UEFA Avropa Liqası çərçivəsində İsrailin “Makkabi Tel-Əviv” komandası ilə İstanbulda qarşılaşmalı idi. Lakin Türkiyə hakimiyyətinin təhlükəsizliklə bağlı qərarından sonra oyun neytral meydana keçirildi.

UEFA həmin qarşılaşmanın Macarıstanın Debretsen şəhərində keçirilməsini təsdiqlədi. Macarıstan yerli hakimiyyətinin qərarı ilə oyun azarkeşsiz təşkil olundu.

Həmin vaxt “Beşiktaş” klubunun açıqlamasında Türkiyə dövlət qurumlarının mümkün təxribatlar səbəbindən qarşılaşmanın neytral ölkədə keçirilməsinə qərar verdiyi bildirilmişdi.

Bu, Türkiyə və İsrail klubları arasında oyunların ölkə xaricinə köçürülməsinin yeganə nümunəsi də deyil. 2003-cü ilin noyabrında İstanbulda baş verən terror hücumlarından sonra UEFA Türkiyədə keçirilməsi planlaşdırılan bir neçə avrokubok qarşılaşmasını təhlükəsizlik səbəbindən neytral meydanlara köçürmüşdü. Həmin oyunlardan biri də “Makkabi Hayfa” ilə İspaniyanın “Valensiya” komandası arasında Türkiyədə keçirilməsi planlaşdırılan qarşılaşma idi.

Beləliklə, 2024-cü ildə “Makkabi Tel-Əviv”lə oyunun Macarıstana, 2026-cı ildə isə “Hapoel Beer-Şeva” ilə qarşılaşmanın Gürcüstana köçürülməsi Türkiyədə İsrail klublarının iştirakı ilə keçirilən oyunların təhlükəsizlik baxımından necə həssas məsələyə çevrildiyini göstərir.

Ancaq bu dəfə maraqlı məqam odur ki, təhlükəsizlik səbəbindən Türkiyədən Gürcüstana köçürülən oyun elə Gürcüstanda da qarşıdurma ilə nəticələnib.

İsrailin Gürcüstandakı səfiri Vəlid Əbu Haya Batumidə Türkiyə və İsrail futbol klubları arasında keçirilən oyun zamanı baş verən hadisələrə X sosial şəbəkəsində cavab verib.

O, Batumi Arenasında Türkiyənin “Beşiktaş” azarkeşləri ilə polis arasında baş verən qarşıdurmanın görüntülərini paylaşıb və yazıb:

“İdman arenasında terrorizm: Türkiyənin Beşiktaş klubunun azarkeşlərinin Batumidə Hapoel Beer Şeva ilə matç zamanı hərəkətləri. Bu, ayıbdır, utancverici bir hərəkətdir.”

Ana səhifə ▸ Xəbərlər ▸ İsrail klubu ilə oyun Gürcüstanda keçirildi, “Beşiktaş” azarkeşləri ilə polis arasında qarşıdurma yarandı