Azərbaycanda bu il azı 49 hərbçi qeyri-döyüş şəraitində ölüb

Əsgər ölümü – Foto: ChatGpt

2026-cı ilin əvvəlindən noyabrın 26-dək Azərbaycanda azı 49 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib.

Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) noyabrın 26-da yayımladığı monitorinq hesabatında bildirilir.

İnstitutun məlumatına görə, ölən hərbçilərdən 16-sı müxtəlif xəstəliklər, 9-u avtomobil qəzaları, 7-si bədbəxt hadisələr, 7-si intihar, 1-i isə ehtiyatsızlıq nəticəsində dünyasını dəyişib. Daha 9 hərbi qulluqçunun ölüm səbəbi ictimaiyyətə açıqlanmayıb.

Xəstəlikdən ölən 16 hərbçinin 9-u ürək xəstəliklərindən həyatını itirib. Digər ölüm halları arasında sətəlcəm, ağciyər xəstəliyi və meningit də var. Üç nəfərin hansı xəstəlikdən öldüyü məlum deyil.

Bədbəxt hadisələr nəticəsində ölən hərbçilərin ikisi suda, ikisi isə dəm qazından boğulub. Daha bir nəfər dağda sürüşmə, biri hündürlükdən yıxılma, digəri isə paraşütün açılmaması nəticəsində həyatını itirib.

Ən çox ölüm Müdafiə Nazirliyində qeydə alınıb

XHTİ-nin hesabatına əsasən, həyatını itirənlərin 32-si Müdafiə Nazirliyinin, 13-ü Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu olub.

Qalan dörd nəfərdən biri Daxili Qoşunların, biri Prezidentin Təhlükəsizlik Xidmətinin, biri Fövqəladə Hallar Nazirliyinin, digəri isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı olub.

Ölənlər arasında 15 əsgər, 8 gizir, 6 zabit, 6 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 4 kursant və 1 çavuş var. Digər 9 nəfərin hərbi rütbəsi və ya statusunu müəyyənləşdirmək mümkün olmayıb.

Ən çox ölüm iyulda baş verib

Hesabata görə, 2026-cı ildə qeyri-döyüş şəraitində ən çox hərbçi ölümü iyul ayında qeydə alınıb – 11 nəfər.

Mayda 6, aprel və iyun aylarının hər birində 5, fevral, sentyabr və noyabrda isə hərəsində 4 hərbi qulluqçu həyatını itirib.

Ölüm hadisələrinin 11-i Bakı və ətrafında, 8-i Naxçıvanda, 7-si isə Qarabağ və ətraf ərazilərdə baş verib. Daha 11 hadisənin dəqiq yeri müəyyənləşdirilməyib.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu bu il hərbi qulluqçular arasında 8 yaralanma və xəsarətalma hadisəsi də qeydə alıb. Onlardan 5-i avtomobil qəzalarında yaralanıb, 2-si minaya düşüb, 1-i isə dağda sürüşmə nəticəsində xəsarət alıb.

İnstitutun açıqladığı 49 nəfərlik göstərici minimum rəqəmdir və 2026-cı il noyabrın 26-dək aparılan monitorinqin nəticələrini əks etdirir.

Müdafiə Nazirliyi və digər rəsmi qurumlar hərbi qulluqçular arasında qeydə alınan ölüm hallarının ümumi sayı ilə bağlı yekun statistika açıqlamırlar.

Ana səhifə ▸ Xəbərlər ▸ Azərbaycanda bu il azı 49 hərbçi qeyri-döyüş şəraitində ölüb