Bu, qurumun 2026-cı ildə at yemi ilə bağlı ikinci satınalma prosedurudur.
Dövlət Sərhəd Xidməti (DSX) xidməti atların yemlə təmin edilməsi üçün 1 milyon 30 min 230 manatlıq yeni tender elan edib.
Noyabrın 25-də elan olunan tenderdə 530 ton yemlik arpa, 150 ton vələmir və 700 ton yonca otunun alınması nəzərdə tutulur. Ümumilikdə söhbət 1380 ton, başqa sözlə, 1 milyon 380 min kiloqram at yemindən gedir.
Dövlət satınalmalarının elektron portalında qeydiyyata alınmış elana əsasən, tender təkliflərinin qəbulu 2027-ci il yanvarın 11-də başa çatacaq.
Hələlik 1 milyon 30 min manat satınalmanın ehtimal olunan qiymətidir. Tenderin qalibi və yekun müqavilə məbləği məlum deyil.
Bu il daha 683 min manatlıq yem satınalması
Dövlət satınalmalarının elektron portalında dərc olunan nəticələrə əsasən, Dövlət Sərhəd Xidməti 2026-cı ilin aprelində xidməti atlar üçün yem alınması üzrə satınalmanı yekunlaşdırıb.
Satınalmanın qalibi “XEZRI TRADE” MMC olub. Şirkətin təklif etdiyi məbləğ 683 min 810 manat təşkil edib. Satınalma aprelin 30-da yekunlaşıb.
Həmin satınalma çərçivəsində 400 ton arpa, 30 ton vələmir və 700 ton yonca otunun alınması planlaşdırılıb. Bu isə ümumilikdə 1130 ton yem deməkdir.
Mayda 683 min manatdan çox məbləğdə yem alınması barədə məlumat yayıldığı halda, noyabrda daha 1 milyon 30 min manat ehtimal olunan qiymətlə yeni satınalma elan edilib.
DSX-nin tərkibində neçə atı var?
Bəs milyonlarla manatlıq yem satınalmaları fonunda Dövlət Sərhəd Xidmətinin balansında neçə at mövcuddur?
Qurumun bütün hərbi hissələrində və atçılıq bölmələrində saxlanılan atların ümumi sayı barədə aktual, açıq rəsmi məlumat yoxdur.
2023-cü ildə mətbuatda DSX-nin atlarının müəyyən hissəsinin sayı barədə məlumat verilib.
DSX-nin Novxanıda yerləşən “Sərhədçi” Atçılıq Mərkəzinin təlimatçısı Namiq Orucov mərkəzdə 50-dən çox yerli cins at saxlanıldığını bildirib:
“Yerli cins atlarının sayı 50-dən çoxdur. Bunlar Qarabağ və Dilbaz atlarıdır”, – deyə o açıqlamasında qeyd edib.
Təlimatçı mərkəzdə xaricdən gətirilmiş, əsasən alman cinsli atların da olduğunu söyləyib. Onun sözlərinə görə, atlar yarışlarda və süvarilərin tədbirlərində istifadə edilir, müəyyən müddətdən sonra isə sərhədlərin mühafizəsinə göndərilir.
Namiq Orucov atların gündə üç dəfə yemləndiyini, qidalanmada vələmir və yoncadan istifadə edildiyini də bildirib.
Lakin 2023-cü ildə açıqlanan 50-dən çox at rəqəmi yalnız həmin mərkəzdə saxlanılan yerli cins atlara aiddir. Bu göstərici nə mərkəzdəki bütün atların, nə də DSX-nin ümumi at sayını əks etdirir.
DSX-nin rəsmi açıqlamasında da “Sərhədçi” Atçılıq Mərkəzinin fəaliyyəti, süvari, çövkən, konkur və polo komandaları barədə məlumat verilir. Ancaq xidməti atların ümumi sayı göstərilmir.