Alen Simonyan Azərbaycana səfəri barədə danışıb: “Bakı olmayacaq”

Simonyan, rəsmi foto

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabrın əvvəlində Azərbaycana səfər edəcəyini, lakin Bakıya getməyəcəyini bildirib. O, planlaşdırılan səfər istiqamətinin Gəncə və ya başqa şəhər ola biləcəyini deyib.

“News.am” xəbər verir ki, Simonyan bu barədə noyabrın 26-da Ermənistan hökumət binası qarşısında jurnalistlərə açıqlamasında danışıb.

“Ehtimal edirəm ki, ya Gəncəyə, ya da başqa bir şəhərə gedəcəyik, lakin Bakı olmayacaq”, – Simonyan bildirib.

O, Ermənistanın yeni Konstitusiya layihəsinin ictimai müzakirəyə çıxarılmasının məqsədinin vətəndaşların təkliflərini təqdim etməsi olduğunu deyib.

“Konstitusiya layihəsi məhz insanların təkliflərini təqdim edə bilməsi və bu təkliflərin müzakirə olunması üçün ictimai müzakirəyə çıxarılıb”, – Simonyan qeyd edib.

Simonyanın sözlərinə görə, Azərbaycana səfər zamanı texniki məsələlər və əməkdaşlıq müzakirə olunacaq.

Ermənistan Təhlükəsizlik Şurasının katibi daha əvvəl də dekabrda Azərbaycana səfər edəcəyini açıqlamışdı. O, bu səfəri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana iyunda etdiyi səfərin qarşılığı kimi təqdim etmişdi.

Hacıyev iyunun 14-də Ermənistanın Dilican şəhərində, həmin vaxt Ermənistan Təhlükəsizlik Şurasının katibi olan Armen Qriqoryanla görüşmüşdü. Tərəflər Ermənistan-Azərbaycan sülh gündəliyini müzakirə etmişdilər. Ermənistan tərəfi növbəti görüşün Azərbaycanda keçiriləcəyini bildirmişdi.

1988-ci ildən başlayan Ermənistan-Azərbaycan münaqişəsi 1991-1994-cü illərdə genişmiqyaslı müharibəyə çevrilib. 1994-cü ildə atəşkəs əldə olunsa da, münaqişə həll edilməmiş qalıb.

2020-ci ilin sentyabrında başlayan 44 günlük müharibə nəticəsində Azərbaycanın bir sıra əraziləri üzərində nəzarəti bərpa olunub. 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyatdan sonra suverenliyini bərpa edibb, bölgədəki erməni əhalisinin böyük əksəriyyəti isə Ermənistana köçüb.

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülh gündəliyi üzrə sənədlər imzalanıb və sülh sazişinin mətni paraflanıb. Tərəflər arasında münasibətlərin normallaşdırılması və əməkdaşlıq istiqamətində təmaslar davam edir.

Ana səhifə ▸ Siyasət ▸ Alen Simonyan Azərbaycana səfəri barədə danışıb: “Bakı olmayacaq”