Paşinyan: “Rusiya sərhədçilərinə təşəkkür edirəm, amma sərhədlərimizi özümüz qorumalıyıq”

Nikol Paşinyan – Foto: Baş nazirin səhifəsi

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin bütün dövlət sərhədlərinin mühafizəsinə görə məsuliyyətin Ermənistanın üzərinə götürülməsinin vaxtı çatdığını bildirib.

Paşinyan bu barədə keçirdiyi brifinqdə jurnalistlərə deyib.

“Rusiya sərhədçilərinə təşəkkür edirəm, lakin artıq bütün sərhədimizə görə məsuliyyəti öz üzərimizə götürməyin vaxtıdır”, – Baş nazir bildirib.

Paşinyan Ermənistanla Rusiya arasındakı fikir ayrılıqlarını dostluq və qardaşlıq çərçivəsində həll etmək niyyətində olduqlarını söyləyib. Onun sözlərinə görə, Yerevan Moskvanın suverenliyinə və maraqlarına hörmət edir, lakin Ermənistan öz suverenliyini və maraqlarını daha üstün tutur.

Baş nazir Rusiyaya zərər vurmaq niyyətində olmadıqlarını, eyni münasibəti Moskvadan da gözlədiklərini deyib. O, iki ölkə arasındakı gərginliyin artmadığını, əksinə, azaldığını vurğulayıb.

Paşinyan dekabrın 3-də, 11-də və 22-də Rusiyaya səfər etməyi planlaşdırdığını da açıqlayıb.

Ermənistanın Avropa İttifaqına üzvlük prosesinə başlaması ilə bağlı qanunun ləğvini mümkün hesab etmədiyini bildirən Baş nazir dəmir yollarının idarə olunması məsələsinə də toxunub. O, Rusiyanın bu sahəyə böyük investisiyalar yatırmağa hazır olub-olmadığının aydınlaşdırılmasının vacibliyini qeyd edib.

Paşinyan Ermənistanın keçmiş Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı da Avropa İttifaqına üzvlük prosesi ilə bağlı mövqeyinə görə tənqid edib.

Baş nazirin sözlərinə görə, Qriqoryan üzvlük prosesinin tələsik aparıldığını düşünürdüsə, müvafiq qanun layihəsi qəbul edilərkən istefa verməli idi.

Armen Qriqoryan noyabrın 11-də dərc olunan məqaləsində Ermənistanın Avropa İttifaqına üzvlük perspektivini real hesab etmədiyini yazıb. O, Avropaya inteqrasiya istiqamətində atılan addımların ölkənin Rusiyadan asılılığını azaltmaq əvəzinə, bu asılılığı artıra biləcəyini qeyd edib. Ermənistan Təhlükəsizlik Şurasının sabiq katibi Armen Qriqoryan həmçinin yerli medaiaya açıqlamasında bildirib ki, Paşinyan Qərbin maraqlarına görə onu işdən çıxarıb.

Paşinyan vəzifədən ayrıldıqdan sonra ona başqa iş təklif etdiyini, lakin Qriqoryanın bu təklifi qəbul etmədiyini bildirib.

Paşinyan ölkənin daxili siyasi gündəmi barədə danışarkən yeni Konstitusiya layihəsinin müzakirələri fonunda növbədənkənar parlament seçkilərinin keçirilməsini də istisna etməyib.

O bildirib ki, layihə hazırlandıqdan sonra parlamentdə müzakirəyə çıxarılacaq və səsvermə keçiriləcək. Sonrakı addımlar isə səsvermənin nəticələrindən asılı olacaq.

Təklif olunan konstitusiya dəyişiklikləri məhkəmə sistemində islahatları, eləcə də müxalifətə Ali Məhkəmə Şurası və Mərkəzi Bankın Şurası kimi qurumlarda kvotaların ayrılmasını nəzərdə tutur.

Baş nazir ictimaiyyət və vətəndaş cəmiyyəti ilə müzakirələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Bununla yanaşı, Ermənistan hökuməti ABŞ-da yaradılmış “TRIPP Development Company US” şirkəti ilə saziş layihəsini təsdiqləyib. Sənəd TRIPP layihəsinin həyata keçirilməsi məqsədilə Ermənistanda “TRIPP Development Company” adlı səhmdar cəmiyyətin yaradılmasını nəzərdə tutur.

Paşinyan sazişin bir həftə ərzində imzalanmasının, daha sonra isə şirkətin Ermənistanda qeydiyyata alınmasının planlaşdırıldığını bildirib. O, bunu layihənin icrasında növbəti mühüm mərhələ adlandırıb.

Ermənistanın ərazi idarəetməsi və infrastruktur nazirinin müavini Kristine Qaleçyan isə şirkətin idarə heyətinin beş nəfərdən ibarət olacağını, onlardan ikisinin Ermənistan tərəfinin təyin edəcəyini açıqlayıb.

Ana səhifə ▸ Dünya ▸ Paşinyan: “Rusiya sərhədçilərinə təşəkkür edirəm, amma sərhədlərimizi özümüz qorumalıyıq”